Məhkəmə qərarları › İş №2(047)-577/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-577/2023

21.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-577/2023 21.08.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim vəzifəsini müvəqqəti icra edən Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə nikahlarını rəsmi qaydada qeyd etməklə ailə qurmuş, həmin nikahdan xx.xx.2007-ci il tarixdə X6, xx.xx.2008-ci il tarixdə X7 və xx.xx.2012-ci il tarixdə isə X8 adlı üç uşaqları anadan olmuşlar. Lakin o, xeyli müddətdir ki, uşaqları ilə birlikdə cavabdehdən ayrılaraq ayrı ünvanda yaşayır. Uşaqları saxlamaqda çətinlik çəkir. Bundan başqa ailə problemlərinin artması ona çətinlik yaradır. Özünün və uşaqlarının artan tələbatını təkbaşına təmin edə bilmir. Cavabdeh isə öz qazancından uşaqların diqqətəlayiq ehtiyaclarının təmin olunması üçün heç bir vəsait ayrılmasını təmin etmir. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh xx.xx.2007-ci il tarixdə anadan olmuş X6, xx.xx.2008-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X8 adlı uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 220 manat olmaqla cəmi 660 (altı yüz altmış) manat məbləğində alimentin və əlavə olaraq X2 xəstəliyini nəzərə alaraq müalicəsi üçün 100 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materaiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Abşeron rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2006-cı il tarixdə 253 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarına əlavə olunmuş üç ədəd doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2007-ci il tarixdə X6, xx.xx.2008-ci il tarixdə X7 və xx.xx.2012-ci il tarixdə X8 adlı üç uşaqları anadan olmuşdur. İş materiallarına əlavə olunmuş mediator X9 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə saat 12:00-12:30-da keçirilməsi nəzərdə tutulan ilkin məcburi mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş ambulator və yaxud stasionar xəstənin çıxarışından və ona əlavə edilmiş sənədlərdən görünür ki, X5 4-cü dərəcə çox ağır dərəcəli sensonevral tip eşitmə azlığı kliniki diaqnozu qoyulmuş və onun başqasının qulluğuna ehtiyacı vardır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 2-ci bəndinə əsasən yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən üç və daha çox uşağa görə qazancının (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həmdə bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə uşaqların saxlanılması ucun alimentin, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əmək haqqının, pensiyaların minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədi ilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilir. Məhkəmə eyni zamanda hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən (atadan) tutulan alimentin miqdarı müəyyən edilərkən uşağın maraqlarını və mənafeyini əks etdirən bütün diqqətəlayiq hallar xüsusən nəzərə alınmalı və atanın bir valideyn kimi uşağın maddi cəhətdən təmin edilməsində daha aktiv şəkildə iştirak etməsini səciyyələndirən xüsusatlar əsas götürülməlidir. Alimentin miqdarının müəyyən edilməsi zamanı əsas meyar kimi uşağın maddi təminatının normal səviyyədə təmin edilməsi təşkil etməlidir. Alimentin miqdarını müəyyən edərkən, uşağın tərbiyəsində və saxlanmasında ananın üzərinə daha çox yükün düşdüyünü, bu baxımdan cavabdehin (atanın) uşağın maddi təminatının təmin edilməsində daha fəal iştiraka cəlb edilməsi və habelə cavabdehin maddi vəziyyəti ilə əlaqədar halları nəzərə alınmalıdır. Bu səbəbdən əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, eyni zamanda cavabdehin qazancının qeyrimüntəzəm olmasını, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 220 (iki yüz iyirmi) manat olmasını, həmçinin iddiaçının izahatını nəzərə alaraq, iddia tələbi qismən təmin edilməli Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2007-ci il tarixdə anadan olmuş X3, xx.xx.2008-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 130 (bir yüz otuz) manat, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment və eyni zamanda X2 müalicəsi üçün hər ay 50 (əlli) manat əlavə xərc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, Laçın rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı alimentin müvəqqəti tutulması tələbinə dair ərizəsi qismən təmin edilərək xx.xx.2007-ci il tarixdə anadan olmuş X3, xx.xx.2008-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa 130 (bir yüz otuz) manat, cəmi 390 manat sabit pul məbləğində müvəqqəti aliment tutularaq İddiaçı ödənilməsi, ərizənin qalan hissədə təmin edilməməsi və alimentin yekun məhkəmə aktı çıxarılanadək tutulması qərara alınmışdır. Ona görə də, iş üzrə yekun məhkəmə aktı qəbul edildiyindən məhkəmə belə hesab edir ki, Laçın Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı qüvvədən düşmüş hesab edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış subutlara məcmu qaydada hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh xx.xx.2007-ci il tarixdə anadan olmuş X3, xx.xx.2008-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 130 (bir yüz otuz) manat, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment və eyni zamanda X2 müalicəsi üçün hər ay 50 (əlli) manat əlavə xərc tutulub İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməli və qətnamə dərhal icraya yönəldilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-78, 100cü maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-214, 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh xx.xx.2007-ci il tarixdə anadan olmuş X3, xx.xx.2008-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 130 (bir yüz otuz) manat, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment və eyni zamanda X2 müalicəsi üçün hər ay 50 (əlli) manat əlavə xərc tutulub İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə isə rədd edilsin. Qətnamə dərhal icra olunsun. Laçın Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı qüvvədən düşmüş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar