Məhkəmə qərarları › İş №2(047)-582/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-582/2024

28.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-582/2024 28.08.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak saxlanc haqqı tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı əmlak saxlanc haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh qardaşı X2 ilə 04 avqust 2011-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Cavabdehlə qardaşı Sərxan arasında bağlanmış xx.xx.2011-ci il tarixli nikah Bərdə Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(021)-398/2020 saylı qətnaməsi ilə məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh hal-hazırda Tərtər rayonu Şıxlar kəndində valideynləri ilə birgə yaşayır. Cavabdeh nikahın pzolumasından sonra qardaşı Sərxana qarşı qızıl zinət və cehiz əmlakı tələbi vermiş və həmin iddiası Bərdə Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(021)-3756/2019 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. Cavabdehin onun evində qalan və çıxarılmasını tələb etdiyi məişət cehiz əşayaları-mebel qonaq-1dəst, yataq dsəti, lüstur-1ədəd, mətbəx mebeli-1 dəst, ağ qara Lg televizor-1ədəd, televizor altı-1ədəd, stolüstü qaz-1ədəd, duxovka-1 ədəd, soyuducu-1 ədəd, tefal çaydan 1 ədəd, mikser-1 ədəd, qazan dəsti-3 ədəd, 1 ədəd ütü, 1 ədəd ütü stolu, 1 ədəd elektrik ət maşını, karniz, pərdədən və Bərdə Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(021)-3756/2019 saylı qətnaməsinin qət etdi hissəində adları keçən digər xırda məişət cehiz əşyalarından ibarətdir. Bundan başqa Bərdə Rayon Məhkəməsinin 2(021)-170 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehin qeyd edilən əmlaklarının götürülməsi onun xeyrinə qət edilmişdir. Təəssüf ki, cavabdehin özbaşınalığı, dövlət adından çıxarılmış qətnaməyə qarşı laqeyd və qərəzli münasibəti, icra məmurlarının isə cavabdehə qarşı ciddi tədbirlər görməməsi uzun müddət cavabdehin əmlakının onun evini qanunsuz olaraq zəbtdə saxlamasına səbəb olmuşdur. Bundan sonra Bərdə rayon icra və probasiya şöbəsi xx.xx.2023-cü il tarixdə cavabdehə 160532/4 saylı xəbərdarlıq məktubu göndərərək cavabdehə bildirmişdir ki, əmlaklar götürülmədiyi halda, iddiaçı tərəfindən aylıq 200 manat məbləğində icarəyə götürülmüş qeyri-yaşayış sahəsinə yerləşdiriləcəkdir. Qeyd edir ki, cavabdeh Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 500 manat cərimə də edilmişdir. Davamlı aparılan şikayət xarakterli yazışmalarının sonunda nəhayət ki, qətnaməni icra edən dövlət qurumu tərəfindən cavabdehin onun evində qalmış, qəsdən və qərəzli olaraq cavabdeh tərəfindən götürülməyən əmlaklarının, evinin həyətində yerləşən saxlanc yerinə cavabdehdən aylıq saxlanc haqqı almaq şərti ilə yerləşdirilməsi qərara alınmışdır. Çünki qurumun nə özünün nə də regional ədliyyə idarəsinin xüsusi saxlanc yeri yox idi. Prosedurun həyata keçirilməsi üçün Bərdə rayon icra və probasya şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə, Bərdə rayon Kələntərli İƏD nümayəndəiyinə və Bərdə rayon Körpüqıran kənd bələdiyyəsinə 80-100 kvadrat metr olan qeyri-yaşayış binaların icarə qiymətləri barədə məlumat əldə olunması ilə əlaqədar rəsmi məktub göndərilmiş, adları keçən inzibati qurumlar özlərinin rəsmi cavab məktubunda icrarə haqqının 200-300 manat arasında olduğunu məktubla bildirmişlər. xx.xx.2023-cü il tarixdə icra şöbəsinin əmkdaşlarının iştirakı ilə akt tərtib edilərək və çəkilişlə cavabdehin onun evini zəbt etdiyi əmlakı evinin həyətindəki 30-35 kvadrat metrdən ibarət olan qeyri-yaşayış sahəsinə yerləşdirilmişdir. Üzərindən artıq dörd ay iyirmi səkkiz gün keçməsinə baxmayaraq cavabdeh əmlak icarə haqqını ödəmir. Odur ki, Cavabdeh tərəfindən ona saxlanc üçün xx.xx.2023-cü il tarixdən etibarən ödənilməli olan, cavabdehin əmlakının saxlancda yerləşdirlməsi ilə əlaqədar 4 ay 28 günlük aylıq saxlanc haqqının, yəni 986 (doqquz yüz səksən altı) manat pulun Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-398/2020 saylı qətnəməsinin məzmunundan görünür ki, Cavabdeh ilə X2 arasında bağlanmış nikahın pozulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarının məzmunundan görünür ki, Cavabdeh X1 qarşı evə köçürülmə və həmin evdən istifadə hüququnun tanınmasına dair iddia tələbi Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və qeyd edilən qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvəsində saxlanılmışdır. İş materallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-170/2022 saylı qətnəməsinin məzmunundan görünür ki, Cavabdeh məxsus əmlakların İddiaçı mülkiyyətində olan Bərdə rayonu Körpüsındıran kəndində yerləşən yaşayış evindən çıxarılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh məxsus iddia ərizəsində qeyd edilmiş əmlaklar İddiaçı məxsus olan Bərdə rayon Körpüsındıran kəndində yerləşən qeyri-yaşayış sahəsinə yerləşdirilmişdir. İş materallarına əlavə edilmiş İddiaçı Bərdə rayon icra və probasiya şöbəsinə verdiyi xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, Cavabdeh cehiz əmlaklarının ona məxsus evdən çıxarılaraq saxlanc üçün yerləşdirildiyinə görə ondan heç bir şikayət və tələbinin olmadığı üçün icra sənədinin icraatına “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsi ilə xitam verilməsini xahiş etmişdir. İş materallarına əlavə edilmiş Bərdə rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-170 saylı icra sənədinin icraatına “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. İş materallarına əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti başçısının Kələntərli kəndi üzrə icra nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 51 saylı və Bərdə rayon Körpüsındıran bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 20 saylı məktublarının surətindən görünür ki, Bərdə rayon Körpüsındıran kəndi ərazisində bazar qiymətinə uyğun olaraq qeyri-yaşayış binalarının aylıq icarə qiyməti 200-300 manat dəyərindədir. İş materallarına əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti başçısının Kələntərli kəndi üzrə icra nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 32 saylı və Bərdə rayon Körpüsındıran bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 18 saylı məktublarının surətindən görünür ki, Bərdə rayon Körpüsındıran kəndi ərazisində 30-35 kvadrat metrdən ibarət olan qeyri-yaşayış binasının (əl damının) aylıq icarə qiyməti 60-70 manat dəyərindədir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 827-ci maddəsinin tələbinə əsasən anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir. MM-nin 830.1-ci maddəsinə əsasən əgər müəyyən muzd (saxlama haqqı) şərtləşdirilməyibsə, anbar sahibinin anbarda saxlama üçün adi haqq almaq hüququ vardır. Əgər tapşıran malı tamamilə və ya qismən geri qəbul edərsə, saxlama haqqını hər bir halda ödəməlidir. Əgər saxlama müddəti üç aydan çoxdursa, anbarda saxlama haqqı müvafiq olaraq hər üç ayın sonunda ödənilir. MM-nin 830.2-ci maddəsinə əsasən anbar sahibi saxlama haqqından başqa, saxlamanın özü ilə bağlı olmayan bütün xərclərin əvəzinin, məsələn, fraxtın, gömrük rüsumlarının, təmir xərclərinin ödənilməsi hüququna malikdir. Müvafiq olaraq anbar sahibinin tələbi ilə tapşıran xərclərin əvəzini dərhal ödəməlidir. MM-nin 830.3-cü maddəsinə görə saxlama müqaviləsindən irəli gələn bütün tələblər üzrə anbar sahibi saxladığı mallara - tapşıranın mallarına komisyonçu kimi girov hüququna malikdir. Bundan əlavə, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə görə borclunun əmlakı saxlanmaq üçün onun özünə və ya icra məmuru tərəfindən təyin olunmuş digər şəxslərə (bundan sonra - saxlayıcıya) verilir. Əmlakı saxlamaq üçün qəbul edən saxlayıcıdan bu barədə qəbz alınır. Əmlakdan istifadə olunması onun məhvinə və ya dəyərinin azalmasına səbəb olmadıqda, saxlayıcı həmin əmlakdan istifadə edə bilər. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 52.2-ci maddəsinə görə saxlayıcı borclunun özü və ya onun ailə üzvü (borclu hüquqi şəxs olduqda - onun işçisi) deyildirsə, əmlakın saxlanması üçün ona müvafiq haqq verilir. Bundan əlavə, saxlayıcının əmlakı saxlamaq üçün çəkdiyi xərclər, həmin əmlakdan istifadə olunmasına görə onun əldə etdiyi həqiqi fayda çıxılmaqla, ona ödənilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-170/2022 saylı qətnəməsinə əsasən Cavabdeh məxsus əmlakların İddiaçı mülkiyyətində olan Bərdə rayonu Körpüsındıran kəndində yerləşən yaşayış evindən çıxarılması qət edilmişdir. Bundan sonra Bərdə rayon icra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən Cavabdeh məxsus iddia ərizəsində qeyd edilmiş əmlaklar İddiaçı məxsus olan Bərdə rayon Körpüsındıran kəndində yerləşən 30-35 kvadrat metrdən ibarət olan qeyri-yaşayış sahəsinə (əl damına) yerləşdirilmişdir. Daha sonra İddiaçı Bərdə rayon icra və probasiya şöbəsinə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək icra sənədinin icraatına “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsi ilə xitam verilməsini xahiş etmiş və Bərdə rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-170 saylı icra sənədinin icraatına “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Hal-hazırda İddiaçı Cavabdeh tərəfindən ona saxlanc üçün xx.xx.2023-cü il tarixdən etibarən ödənməli olan, cavabdehin əmlakının saxlancda yerləşdirlməsi ilə əlaqədar 4 ay 28 günlük aylıq saxlanc haqqının, yəni 986 manat pulun Cavabdeh alınaraq ona ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş və bununla əlaəqadar olaraq məhkəmə tərəfindən Bərdə Rayon İcra Hakimiyyəti başçısının Kələntərli kəndi üzrə icra nümayəndəliyinə və Bərdə rayon Körpüsındıran bələdiyyəsinə müraciət olunaraq iddiaçının məhkəməyə verdiyi izahatına əsasən Bərdə rayon Körpüsındıran kəndi ərazisində yerləşən 30-35 kvadrat metrdən ibarət olan qeyri-yaşayış binasının (əl damının) aylıq icarə qiymətinin nə qədər olması barədə məlumat istənilmiş və həmin inzibati orqanlardan məhkəməyə daxil olmuş məktublara əsasən qeyd edilən qeyriyaşayış binasının (əl damının) aylıq icarə qiymətinin 60-70 manat olduğu bildirilmişdir. Qeyd olunanlara əsasən də məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh hər ay üçün 65 manat olmaqla ümumilikdə 4 ay 28 gün üçün 325 manat məbləğində saxlama haqqının alınıb İddiaçı verilməsi tam qanuni və əsaslıdır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib, onda yaranmış daxili inam əsasında belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 325 manat məbləğində saxlama haqqı alınıb İddiaçı verilməli və iddia tələbi qalan hissədə isə əsassız olduğundan təmin edilməməlidir. İddia ərizəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən onun tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının hesabına aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 325 (üç yüz iyirmi beş) manat məbləğində saxlama haqqı alınıb İddiaçı verilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissədə isə əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar