Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-734/2024 25.09.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçmə tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı evə köçmə tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, Cavabdeh ilə nikahlarını xx.xx.2005-ci il tarixdə qeyd etdirmiş, həmin nikahdan xx.xx.2005-ci il tarixdə X10, xx.xx.2008-ci il tarixdə X11, xx.xx.2012-ci il tarixdə X5, xx.xx.2017-ci il tarixdə X1 və xx.xx.2019-cu il tarixdə X6 adlı beş uşaqları anadan olmuşdur. Cavabdehlə nikahları xx.xx.2024-cü il tarixdə rəsmi qaydada pozulmuşdur. Məcburi köçkün olduqlarından cavabdehlə ona birlikdə yaşamaq üçün dövlət tərəfindən tikilmiş Ağcabədi rayon Taxata körpü 552 saylı qəsəbədə yerləşən 436 saylı iki otaqlı yaşayış evi verilmiş, lakin cavabdeh tərəfindən ona orada yaşamağa imkan verilmədiyindən o, hal-hazırda başqa yerdə yaşayır. Lakin başqa yerdə kirayələrdə yaşamağı müxtəlif səbəblərdən mümkün deyildir, digər tərəfdən isə cavabdeh onların birlikdə istifadəsinə verilmiş evdə yaşamağa ona imkan vermir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, onun Ağcabədi rayon Taxata körpü 552 saylı qəsəbə ev 436-da yerləşən mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, o, İddiaçı ilə nikahlarını rəsmi qaydada xx.xx.2005-ci il tarixdə qeyd etdirmiş, həmin nikahdan xx.xx.2005-ci il tarixdə X10, xx.xx.2008-ci il tarixdə X11, xx.xx.2012-ci il tarixdə X5, xx.xx.2017-ci il tarixdə X1 və xx.xx.2019-cu il tarixdə X6 adlı beş uşaqları anadan olmuşdur. İddiaçı ilə nikahları Laçın Rayon Məhkəməsində xx.xx.2024-cü il tarixdə rəsmi qaydada pozulmuşdur. Birgə nikahdan olan azyaşlı uşaqları onun yanında qalmış və həmin uşaqları ilə birlikdə onlar Ağcabədi rayon Taxata körpü 552 saylı qəsəbə ev 436-da yaşayırlar. O, iddianın təmin edilməsinə etiraz edir. Çünki, qeyd edilən iki otaqlı mənzilin otaqlarından birində o, digər otaqda isə uşaqlar yaşayırlar. Ona görə də iddiaçının həmin mənzildə yaşamasına şərait yoxdur. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Bundan başqa, iş materiallarına əlavə olunmuş Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(047)-27/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı X7 ilə Cavabdeh arasında xx.xx.2005-ci il tarixdə Biləsuvar rayon qeydiyyat şöbəsində 57 nömrəli qeydlə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından xx.xx.2008-ci il tarixdə anadan olmuş X11, xx.xx.2012-ci il tarixdə anadan olmuş X5, xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X6 adlı uşaqların tərəflər arasında nikah pozulduqdan sonra cavabdehin, yəni ataları Cavabdeh yanında qalması qət edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli AZ-İ 457544 saylı nikahın pozulması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası QMKİDK-nin MİD-nin Ağcabədi rayon Mənzil Kommunal İstismar Sahəsinin rəisi ilə Cavabdeh arasında bağlanmış 436 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Ağcabədi rayonu Taxta körpü 552 saylı qəsəbədə yerləşən 436 nömrəli, dövlət mənzil fonduna aid, ümumi sahəsi 46,74 kv.m olan mənzil müvəqqəti məskunlaşmaq üçün X2, Cavabdeh, X3 və X4 istifadələrinə verilmişdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən kirayəçi öz ailə üzvlərini (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideyinləri; habelə kirayəçi tərəfindən yaşayaış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar; müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşadığı yaşayış sahəsinə köçürmək hüququna malikdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Göründüyü kimi tərəflər xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuş, xx.xx.2024cü il tarixli qətnamə əsasında onların nikahı pozulmuş və tərəflərin birgə nikahlarından beş uşaqları olmuşdur, həmin uşaqlar atasının yanında saxlanılmışdır. Azərbaycan Respublikası QMKİDK-nin MİD-nin Ağcabədi rayon Mənzil Kommunal İstismar Sahəsi ilə bağlanmış 2012-ci il 10 may tarixli müqavilə əsasında Ağcabədi rayonu Taxta körpü 552 saylı qəsəbədə yerləşən 436 nömrəli, dövlət mənzil fonduna aid, ümumi sahəsi 46,74 kv.metr olan mənzil müvəqqəti məskunlaşmaq üçün Cavabdeh və onun həyat yoldaşı İddiaçı istifadələrinə verilmişdir. Qeyd edildiyi kimi, tərəflər arasında mənzillə bağlı münasibətlər xx.xx.2012-ci il tarixdə yaranmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı o cümlədən əmlakdan istifadə hüququ da əmlak hüquqlarıdır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.3.2-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondu-bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu başa düşülür. Həmin Məcəllənin 91.2-ci və 91.3-cü maddələrinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.6-cı maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Qeyd edilən Məcəllənin 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Məhkəmə tərəflər arasında yaranış münasibətlərə yuxarıda qeyd edilən normaları tətbiq edərək belə qənaətə gəlir ki, məcburi köçkün olaraq tərəflərə verilən ev Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına müvəqqəti məskunlaşmaq üçün nəzərdə tutulmuş, həmin evlər ailə üzvlərinin sayı nəzərə alınmaqla, bu barədə müvafiq kirayə müqaviləsində qeydiyyat aparılmaqla tərəflərin ümumi istifadələrinə verilmişdir. Qeyd edilən mənzillə bağlı yuxarıda qeyd edilən kirayə müqaviləsinin şərtlərindən də məlum olur ki, kirayəçinin ailə üzvlərinin həmin mənzildə yaşamaq, ondan istifadə etmək hüququ var, o cümlədən mənzil saxlanması üçün məsuliyyət daşımaq vəzifələri mövcuddur. Yuxarıda qeyd edilən qanunvericiliyin məzmunundan o da aydın olur ki, ailə üzvü ilə nikah münasibətlərinə xitam verilməsi məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış sahəsindən həmin şəxsin (şəxslərin) çıxarılması və ya qeyd edilən müqavilənin müvafiq şəxsə münasibətdə ləğv edilməsinə və ya xitamına səbəb olmur. Belə olan halda vaxtı ilə birgə nikahda olan şəxslərin müvəqqəti istifadələrinə verilmiş mübahisəli mənzildə onların yaşamalarına qanunla müəyyən edilmiş şərtlər əsasında heç kim mane ola bilməz, o cümlədən digər tərəfin də bu barədə cavabdehliyi mövcuddur. Qeyd edilənləri nəzərdən keçirib məhkəmə belə nəticəyə gəlir ki, göstərilən əsaslara görə iddia tələbi təmin edilməlidir. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Tərəflər məcburi köçkün olduqları üçün ödənilməli dövlət rüsumu dövlət hesabına aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı Ağcabədi rayonu Taxta körpü 552 saylı qəsəbədəki 436 nömrəli mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-734/2024
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-734/2024
25.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver