Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-774/2025 01.12.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh birgə nikahlarından dünyaya gələn xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-1540/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 154 manat aliment məbləğinin artırılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-84/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş və məhkəmə aliment məbləğini artıraraq xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1,18 misli həddində sabit pul məbləğinə indeksasiya etmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş qərardad onun maddi vəziyyətini hədsiz dərəcədə çətinləşdirmişdir. Belə ki, bir uşağa görə məhkəmə tərəfindən ağıla batmayan məbləğdə, yəni 472 manat məbləğində aliment təyin edilmişdir. Halbuki 2025-ci il üzrə bir uşağın saxlanması üçün aliment məbləği 246 manat müəyyən edilmişdir. O, "xxxx" ASC-də fəhlə işləyir və aylıq rəsmi gəliri 700 (yeddi yüz) manat təşkil edir. Məhkəmə aliment təyin edərkən aliment məbləğini onun əmək haqqına münasibətdə 1/4 həcmində müəyyən etməli idi. Lakin məhkəmənin verdiyi qərarla aliment məbləği bir uşaq üçün sabit pul məbləği ilə demək olar ki, aylıq əmək haqqının yarsından çox təşkil edir. Bu da qanuna zidd olan qərardır. Eyni zamanda bildirir ki, 1992-ci ildə birinci Qarabağ müharibəsi iştirakçısıdır və bununla bağlı Azərbaycan Respublikası müharibə veteranı vəsiqəsi də vardır. Başqa iş yeri və təbii olaraq da başqa qazancı yoxdur. Buna görə də hesab edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarı azaldılmalı və qanunda da nəzərdə tutulduğu kimi onun aylıq əmək haqqının dörddə biri həcmində müəyyən olunmalıdır. Odur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-84/2025 saylı qərardadı ilə müəyyən edilmiş, birgə nikahlarından dünyaya gələn xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay onun tərəfindən ödənilməli olan 472 manat sabit pul məbləğində alimentin miqdarının azaldılaraq hər ay əmək haqqının dörddə biri miqdarında alimentin ondan alınaraq cavabdehə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-1540\2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğinin xx.xx.2025-ci ildən, yəni alimentin indeksasiya olunduğu vaxtdan azaldılması, iddiaçıdan cavabdehin xeyrinə tərəflərin birgə nikahlarından olan xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində aliment tutulub cavabdehə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və qeyd edilən ərizə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun verildiyindən məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili Vəkil və Cavabdeh lazımi qaydada məlumat verilsə də onlar məhkəmə iclasına gəlməmişlər, İddiaçının etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili Vəkil məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iş üzrə İddiaçı və Cavabdeh isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq, mülki işə İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili Vəkil və Cavabdeh iştirakları olmadan mahiyyəti üzrə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-84/2025 saylı qərardadının surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-154/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 154 manat alimentin məbləğinin xx.xx.2025-ci ildən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində sabit pul məbləğinə indeksasiya edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş mediator X2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə saat 10:00-da keçirilməsi nəzərdə tutulan ilkin məcburi mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 ilə xx.xx.2018-ci il tarixdə 2696 saylı akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. İş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı "xxxx" ASC-də işləyir və onun əmək haqqı 536 manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən İddiaçı "xxxx" ASC-dən 48 ay müddətinə 20,9 faiz ödəmək şərtilə 9500 manat məbləğində kredit götürmüşdür. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən bir uşağa görə qazancının (başqa gəlirlərin) dörddə biri miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə uşaqların saxlanılması ucun alimentin, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əmək haqqının, pensiyaların minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədi ilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2025-ci il üçün ölkə üzrə minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cü maddəsinə əsasən, valideyinlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il tarixli 8- 2/2016 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən Cnin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarın 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bundan başqa, məhkəmə iddiaçının məhkəməyə ünvanladığı iddia ərizəsində və iddia tələbinin dəyişdirilməsi barədə ərizəsində göstərilən xüsusatlara hüquqi qiymət verərək belə hesab edir ki, iddiaçı Nuriyev X4 Rayon Məhkəməsinin 2(012)-1540\2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğinin xx.xx.2025-ci ildən, yəni alimentin indeksasiya olunduğu vaxtdan azaldılması, iddiaçıdan cavabdehin xeyrinə tərəflərin birgə nikahlarından olan xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində alimentin tutulub cavabdehə verilməsini tələb etsə də, öz tələbini əsaslandıran halları, yəni özünün maddi vəziyyətində baş verən dəyişikliyi, onun aylıq qazancının tələb edilən alimenti ödəməyə maddi cəhətdən imkanının olmağını təsdiq edən subutları məhkəməyə tam təqdim edə bilməmişdir. Bununla belə məhkəmə eyni zamanda hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən (atadan) tutulan aliment üzrə uşağın maraqlarını və mənafeyini əks etdirən bütün diqqətəlayiq hallar xüsusən nəzərə alınmalı və atanın bir valideyn kimi uşağın maddi cəhətdən təmin edilməsində daha aktiv şəkildə iştirak etməsini səciyyələndirən xüsusatlar əsas götürülməlidir. Alimentin miqdarının müəyyən edilməsi zamanı əsas meyar kimi uşağın maddi təminatının normal səviyyədə təmin edilməsi təşkil etməli, yəni alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsiri də xüsusilə nəzərə almalıdır. Bundan əlavə alimentin miqdarını müəyyən edərkən, uşağın tərbiyəsində və saxlanmasında ananın üzərinə daha çox yükün düşdüyünü, bu baxımdan cavabdehin (atanın) uşağın maddi təminatının təmin edilməsində daha fəal iştiraka cəlb edilməsi halları da nəzərə alınmalıdır. Bu səbəbdən əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, eyni zamanda iddiaçının qazancının özünün bildirdiyinə görə 700-800 manat olmasını, iddiaçının iddia tələbini, həmçinin iddiaçının işləməsini, bundan əlavə 2025-ci il üçün ölkə üzrə minimum əmək haqqının 400 (dörd yüz) manat məbləğində müəyyən edilməsini, digər tərəfdən iddiaçının yenidən ailə həyatı qurmasını, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinin tələblərini nəzərə alaraq, məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, yəni qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində (400 x 0,70 = 280 manat) sabit pul məbləğində aliment tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış subutlara məcmu qaydada hüquqi qiymət verərək onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, yəni Abşeron Rayon Məhkəməsinin 2(012)-1540/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının indeksasiya edilməsi barədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-84/2025 saylı qərardadı ilə İddiaçı tutulan alimentin miqdarı dəyişdirilərək qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində (400 x 0,70 = 280 manat) sabit pul məbləğində aliment tutulmalı və iddia tələbi qalan hissədə isə rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-78, 112-ci və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1540/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının indeksasiya edilməsi barədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-84/2025 saylı qərardadı ilə İddiaçı tutulan alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə isə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-774/2025
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-774/2025
01.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver