Məhkəmə qərarları › İş №2(047)-836/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-836/2025

27.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-836/2025 27.10.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədirliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək Cavabdeh 2420 manat borc pulun və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və qeyd edilən ərizə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun verildiyindən məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh xx.xx.2024-cü tarixdə ondan 2600 (iki min altı yüz) manat borc pul almış və həmin borcu xx.xx.2025-ci il tarixədək qaytaracağını bildirmişdir. Cavabdeh həmin pulu ondan aldığına dair öz xətti və imzası ilə qəbz də vermişdir. Cavabdeh həmin borcdan 180 manat qaytarmış, lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh borclu olduğu qalan 2420 manat pulu indiyənə kimi ona qaytarmamışdır. Cavabdeh həmin pulu ona xx.xx.2025-cü il tarixə kimi qaytarmasına söz versə də, lakin aradan bir neçə vaxt keçməsinə baxmayaraq cavabdeh həmin pulu tam qaytarmamışdır. O, cavabdehdən ona borclu olduğu pulu dəfələrlə qaytarmasını tələb etsə də cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borclu olduğu pulu qaytarmaqdan imtina etmişdir. Artıq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də Cavabdeh 2420 manat pulun və ödədiyi 46 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək izahatında göstərmişdir ki, iddia ərizəsinin surətini almış və oxuyub tanış olmuşdur. İddia tələbini qismən qəbul edir. Belə ki, İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbz və həmin qəbzdəki 2600 rəqəmi onun tərəfindən yazılmış, lakin buna baxmayaraq o, İddiaçı 1600 manat borc pul almışdır. Çünki, o, xx.xx.2024-cü il tarixli qəbzə 2600 manat alması barədə məlumatı məcbur qalaraq yazmışdır. Bundan sonra onun tərəfindən 1600 manat borcdan 180 manat ödəilmiş və onun iddiaçıya cəmi 1420 manat borcu qalmışdır. Göstərilən bu fakt onun tərəfindən məhkəməyə təqdim edilmiş kompakt diskdə qeyd edilən iddiaçı ilə onun arasında aparılmış danışıq zamanı da öz təsdiqini tapmışdır. Ona görə də qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin qismən, yəni 1420 manat hissəsində təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbzdən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2024-cü il tarixdə 2600 manat borc pul almış, həmin pulu xx.xx.2025-ci il tarixədək qaytaracağına söz vermiş və bu barədə qəbz yazaraq imza edib iddiaçıya təqdim etmişdir. İş materiallarına cavabdeh tərəfindən əlavə olunmuş kompakt diskə baxış keçirilməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında mobil telefon vasitəsilə müvafiq qaydada danışıq olmuş, həmin danışıq zamanı iddiaçı Paşayev X1 Əliyar Elşən oğluna 1600 manat pulu borca verdiyini, qeyd edilən borcdan cavabdehin 180 manat ödədiyini və cavabdehin hal-hazırda iddiaçıya 1420 manat borcu qaldığını etiraf etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.2-ci maddəsinə əsasən əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-cu maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Eyni zamanda, «Mahmudov Rusiyaya qarşı» iş uzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, «sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Bundan başqa, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı iddiaçının və cavabdehin izahatları, iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə müvafiq qəbz yazaraq İddiaçı 2600 manat borc pul aldığını və həmin borcu xx.xx.2025-ci il tarixdə qaytaracağını qeyd etsə də, əslində İddiaçı 1600 manat borc pul almış, həmin borcdan 180 manat qaytarmış və hal-hazırda cavabdehin iddiaçıya 1420 manat borcu qalmışdır. Qeyd edilən bu fakt məhkəmə araşdırmaları zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş kompakt diskə baxış keçirilən zaman İddiaçı ilə Cavabdeh arasında aparılan danışıq zamanı da öz təsdiqini tapmış və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqeyə əsasən tərəflər arasında aparılmış həmin danışıq məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmişdir. Qeyd olunanlara əsasən də məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 1420 manat pulun alınıb İddiaçı verilməsi tam qanuni və əsaslıdır. Həmçinin, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının tələb etdiyi 46 manat dövlət rusumunun 34,20 manatı onun xeyrinə cavabdehdən tutulmalı və digər qismi, yəni 11,80 manatı isə iddiaçının hesabına aid edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1420 manat borc pul və ödənilmiş dövlət rüsumunun 34,20 manatı tutulub İddiaçı xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 11,80 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissələrdə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1420 (bir min dörd yüz iyirmi) manat borc pul və ödənilmiş 34,20 (otuz dörd manat iyirmi qəpik) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 11,80 (on bir manat səksən qəpik) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissələrdə isə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar