Məhkəmə qərarları › İş №2(047)-89/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-89/2024

17.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-89/2024 17.01.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, o, Cavabdeh ilə 10 iyul 2017-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikahlarından xx.xx.2017-ci il tarixdə X2 adlı bir uşaqları anadan olmuşdur. Uşaq onun himayəsindədir. Uşağın saxlanılması üçün Laçın Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(047)- 602/2021 saylı qətnaməsinə əsasən cavabdehdən sabit pul məbləğində hər ay bir uşağa 130 manat alimentin tutulması qət edilmişdir. Həmin qətnamə qət edildikdən sonra onunla cavabdeh arasında barışıq olduğu üçün birgə təsərrüfat apararaq birgə yaşamağa başlamış, bu zaman o, icra və probasiya şöbəsində onun xeyrinə yığılmış aliment pulundan birdəfəlik imtina etmiş və artıq cavabdehlə barışdığını bildirərərək alimentə xitam verilməsini rəsmi qaydada bildirmişdir. O, cavabdehlə cəmi 2 aydan da az müddətdə birlikdə yaşamış və ona məlum olmişdur ki, cavabdeh yığılmış alimentə görə onunla barışıb. Alimenti tam silən kimi və imtina edən kimi cavabdeh əsl üzünü göstərərək əvvəlki pis vərdişlərinə və hərəkətlərinə davam etməyə başlamışdır. O, icra və probasiya şöbəsinə müraciət edərək ərizəni geri götürmək istəsə də buna nail ola blməmiş, ona şifahi şəkildə izah olunub ki, bir daha məhkəməyə aliment tələbinə dair idddia ilə müraciət edə bilər. Məhkəmədən öncə o, Bakı 13 saylı mediasiya təşkilatına müraciət etmiş, Bakı 13 saylı mediasiya təşkilatı tərəfindən ona mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayış və ödədəyi 50 manat məbləğində pulun qəbzi təqdim edilmiş və bundan sonra məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. Ayrıldıqları vaxtdan cavabdeh valideynlik borcunu yerinə yetirməmiş və uşağın saxlanılması üçün aliment ödəməmişdir. Hal-hazırda onların nikahları da pozulmuşdur. Odur ki, xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 adlı uşağın saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materaiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2017-ci il tarixdə X2 adlı bir uşağı anadan olmuşdur. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İş materallarına əlavə edilmiş Laçın Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(047)-602/2021 saylı qətnəməsindən görünür ki, Laçın Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(047)-652/2019 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilmiş, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materallarına əlavə edilmiş İddiaçı Bərdə rayon icra və probasiya şöbəsinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsinin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə barışıb bir yerdə yaşadıqlarına, həmçinin həmin tarixə onun aliment üzrə borcunun olmadığına görə ondan heç bir şikayət və tələbinin olmadığı üçün icra sənədinə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsi ilə xitam verilməsini xahiş etmişdir. İş materallarına əlavə edilmiş Bərdə rayon icra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, Laçın Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(047)-602/2021 saylı icra sənədinə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. İş materallarına əlavə edilmiş Laçın Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(047)- 533/2023 saylı qətnəməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş mediator X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə saat 12:00-13:00-da keçirilməsi nəzərdə tutulan ilkin məcburi mediasiya sessiyasında iştirak etməmişdir. Qeyd edilənlərə əsasən də belə müəyyən olunur ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməsi barədə məhkəmə qətnaməsi mövcud olsa da sonradan İddiaçı ərizəsinə əsasən Bərdə rayon icra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarına əsasən Laçın Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(047)-602/2021 saylı icra sənədinə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Ona görə də məhkəmə hal-hazırda İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair məhkəmədə iddia qaldırmasını qanuni və əsaslı hesab edir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 2-ci bəndinə əsasən yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həmdə bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə uşaqların saxlanılması ucun alimentin, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş üzrə İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulmasına dair ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə qeyd edilən hüquq normalarını və iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq aliment tutulmalıdır. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əmək haqqının, pensiyaların minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədi ilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən (atadan) tutulan alimentin miqdarı müəyyən edilərkən uşağın maraqlarını və mənafeyini əks etdirən bütün diqqətəlayiq hallar xüsusən nəzərə alınmalı və atanın bir valideyn kimi uşağın maddi cəhətdən təmin edilməsində daha aktiv şəkildə iştirak etməsini səciyyələndirən xüsusatlar əsas götürülməlidir. Alimentin miqdarının müəyyən edilməsi zamanı əsas meyar kimi uşağın maddi təminatının normal səviyyədə təmin edilməsi təşkil etməlidir. Alimentin miqdarını müəyyən edərkən, uşağın tərbiyəsində və saxlanmasında ananın üzərinə daha çox yükün düşdüyünü, bu baxımdan cavabdehin (atanın) uşağın maddi təminatının təmin edilməsində daha fəal iştiraka cəlb edilməsi və habelə cavabdehin maddi vəziyyəti ilə əlaqədar halları nəzərə alınmalıdır. Bu səbəbdən əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, eyni zamnada cavabdehin qazancının qeyri-müntəzəm olmasını, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 235 manat olmasını, həmçinin iddiaçının iddia tələbini nəzərə alaraq, məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli Cavabdeh xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməlidir. Bundan əlavə Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış subutlara nəcmu qaydada hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməli və qətnamə dərhal icraya yönəldilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. 20 noyabr 2023-cü il tarixdən başlayaraq Cavabdeh xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə isə rədd edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar