Məhkəmə qərarları › İş №2(048)-1011/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-1011/2025

08.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-1011/2025 08.01.2026 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxaliyev Nurlan Pərviz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixində anadan olmuş X3 və xx.xx.2015-ci il tarixində anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün əvvəlki məbləğdən əlavə 20-30 manat hər uşağa verə biləcəyini, vəziyyətinin nəzərə alınıb qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Lerik Rayon Məhkəməsi 8(048)- 31/2025-006 saylı, xx.xx.2025-ci il tarixli qərardad qəbul etmişdir. Onun keçmiş həyat yoldaşı Cavabdeh ərizəsinə əsasən alimentin artırılmasını istəmişdir. Lerik Rayon Məhkəməsinin 2(048)-1599/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tutulan aliment indeksasiya edilmişdir. xx.xx.2023-cü il tarixində anadan olmuş X3 və xx.xx.2015-ci il tarixində anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ondan hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə almaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,66 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi haqqında qərardad qəbul edilmişdir. Lakin o, bununla razı deyil, çünki o, keçmiş həyat yoldaşı ilə razılığa gəlmək istəmiş, keçmiş həyat yoldaşı isə etiraz etmişdir. O, Lənkəran şəhərində 1 saylı Mediasiya şurasına xx.xx.2025-ci ildə müraciət etmiş, müraciətində alimentin miqdarının azaldılmasını istəmiş, lakin keçmiş həyat yoldaşı onunla razılığa gəlməmişdir. Baxmayaraq əvvəlki alimentin miqdarından çox ona verəcəyini bildirmişdir. O, çıxış yolunun rayon məhkəməsinə müraciət etmək olduğunu, bir ata kimi övladına aliment ödəməli olduğunu, lakin elə səbəb vardır ki, artıq ondan asılı olmadığını, tam sağlam olmadığını, sol böyrəyində daş əmələ gəldiyini və bunu əməliyyat elətdirsə də, xeyri olmadığını, yenidən orada daş əmələ gəldiyini bildirmişdir. Həmin xəstəliyi ilə əlaqədar çox vaxt işləyə bilmir, ağrıları imkan vermir. Rayona gedəndə övladları ilə görüşməyə imkan vermirlər. Övladlarına həsrət qalmışdır. Əsasən də qaynanası uşaqları ilə görüşməsinə imkan vermir. Digər tərəfdən işlədiyi müəssisədən aldığı məvacib arayışında 620 (altı yüz iyirmi) manat vergisiz, pensiya fondu, subaylıq tutulmadan göstərilir. Yəni ki, həmin məbləğ azalır. Sağlamlığı imkan vermir ki, o işləsin. Daha sonra İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Lerik Rayon Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, 8(048)-31/2025 saylı qərardadı ilə övladlarının xeyrinə sabit pul məbləğində aliment müəyyən edilmişdir. Lakin o, Lerik Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, hazırda Bakı şəhərində kirayədə yaşamağı, sağlamlıqla bağlı problemlərinin və qazancının aşağı olması səbəbindən müəyyən olunmuş aliment məbləği onun gəlir imkanlarına nisbətən həddən artıq yüksəkdir və onun ödənilməsi onun üçün faktiki olaraq mümkün deyildir. Tərəfindən məhkəməyə təqdim edilmiş əmək haqqısına dair arayışdan da göründüyü kimi onun aylıq sabit qazancı 620 (altı yüz iyirmi) manat təşkil edir. Onun tərəfindən xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması hər ikisinə ümumilikdə 208 (iki yüz səkkiz) manat məbləğində alimentin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlə dəfələrlə barışıq etmək istəsə də, heç bir nəticə olmamışdır. O, rəsmi qaydada işləyir, vergi və tutulmalar daxil olmaqla 620 (altı yüz iyirmi) manat əmək haqqı alır. Gəliri barədə rəsmi qaydada iş yerindən arayış alıb məhəkəmyə təqdim etmişdir. Tutulmalardan sonra əldə etdiyi məbləğ 500 manat civarındadır. Əlavə olaraq heç bir gəliri yoxdur. Böyrəyində daş var və bununla bağlı ona diaqnoz qoyulmuş, həmin xəstəliyinə əsasən xəstəxanada qeydiyyatdadır və müalicə alır. İşi ilə əlaqədar Bakı şəhərində yaşayır və kirayədə qalır. Xəstəliyi ilə əlaqədar dəfələrlə bir nəçə dəfə xəstəxanada olmuşdur. Hazırda aldığı əmək haqqı təyin olunmuş aliment borcunu ödəməyə və öz xərclərini qarşılamağa çatmır. Bu səbəbdən təyin edilmiş aliment məbləğinin azaldılmasın xahiş etmişdir. Mediasiya prosesi zamanı cavabdehə iki uşağa görə 300 manat aliment ödəyə biləcəyini bildirsədə, cavabdeh razılaşmamışdır. İki uşaq üçün 300 manat aliment ödəyə biləcəkdir. Aliment məbləği qeyd etdiyi məbləğdən çox təyin edilərsə ödəməyə maddi imkanı çatmayacaqdır. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Hazırda ailəsi ilə yaşayır və heç bir yerdə işləmir. Uşaqlarına baxması üçün ailəsi ona maddi yardım göstərir. Bu səbəbdən iki uşağa görə cavabdeh tərəfindən 350 manat aliment ödənilməsinə etiraz etmir və bu barədə ərizəsini məhkəməyə təqdim edir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lerik Rayon Məhkəməsinin 2(048)-1599/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək tərəflərin birgə nikahdan 15 dekabr 2013-cü il tarixdə anadan olmuş X3 və 12 fevral 2015ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 06 oktyabr 2016-cı il tarixdən başlayaraq İddiaçı hər ay hər uşağa görə 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Lerik Rayon Məhkəməsinin 8(048)-31/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadından görünür ki, Lerik Rayon Məhkəməsinin 2(048)-1599/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tutulan aliment indeksasiya edilmiş, 15 dekabr 2013-cü il tarixdə anadan olmuş X3 və 12 fevral 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,66 misli həddində sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 14-5-109-2/56 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixindən hal-hazıradək nəqliyyat vasitələrinin idarə edilməsi şöbəsində mütəxəssis vəzifəsində işləyir. Ştat cədvəlinə uyğun olaraq, aylıq vəzifə maaşı vergi və digər məcburi ödənişlər daxil olmaqla 620 (altı yüz iyirmi) manat məbləğində təşkil edir. İş materiallarında olan ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı “Böyrək daşı xəstəliyi – sol tərəfli” diaqnozu qoyulmuşdur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Lerik Rayon Məhkəməsinin 2(048)-1599/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahdan 15 dekabr 2013-cü il tarixdə anadan olmuş X3 və 12 fevral 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 06 oktyabr 2016-cı il tarixdən başlayaraq İddiaçı hər ay hər uşağa görə 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmiş, daha sonra Lerik Rayon Məhkəməsinin 8(048)-31/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Lerik Rayon Məhkəməsinin 2(048)-1599/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tutulan aliment indeksasiya edilərək 15 dekabr 2013-cü il tarixdə anadan olmuş X3 və 12 fevral 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay həy uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,66 misli həddində sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. Hazırda iddiaçı alimentin azaldılması barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək, uşaqları üçün tutulan aliment məbləğinin sabit pul məbləğində hər iki uşaq üçün cəmi 208 manat müəyyən edilməsini xahiş etmiş, daha sonra iddiaçı məhkəmə baxışı iclasında uşaqlar üçün tutulan aliment məbləğinin sabit pul məbləğində hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat müəyyən edilməsinə etiraz etmədiyini bildirmiş, cavabdeh isə hər iki uşaq üçün ümumilikdə 350 manat alimentin tutularmasına etiraz etmədiyini bildirmiş və bunla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından həmçinin görünür ki, İddiaçı "xxxx" Məhdəd Məsuliyyətli Cəmiyyətində nəqliyyat vasitələrinin idarə edilməsi şöbəsində mütəxəssis vəzifəsində işləməklə 620 (altı yüz iyirmi) manat məbləğində əmək haqqı alır, eləcə də ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan göründüyü kimi iddiaçı böyrək daşı xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə görə isə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Plenum qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qanunvericilik tərəflərin maddi və ailə vəziyyətində dəyişiklik və tərəflərin digər diqqətəlayiq maraqları olduğu halda məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin azaldılmasını mümkün hesab etmişdir. Göründüyü kimi qanunverici həmin hüququ aliment ödəyən şəxsə də şamil etmişdir. İşin halları ilə də müəyyən edildiyi kimi tərəflərin birgə nikahından 15 dekabr 2013-cü il tarixdə doğulmuş X3 və 12 fevral 2015-ci il tarixdə doğulmuş X4 adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır və qanuni qüvvəyə minmiş məhkəmə qərardadına əsasən Lerik Rayon Məhkəməsinin 2(048)-1599/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tutulan aliment indeksasiya edilərək iddiaçıdan hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,66 misli həddində sabit pul məbləğində aliment tutulur. Məhkəmə qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq qeyd edir ki, İddiaçı rəsmi qaydada işləməsinə baxmayaraq 620 (altı yüz iyirmi) manat əmək haqqı alması və xəstəlikdən əziyyət çəkməsi borclunun maddi vəziyyəti ilə bağlı dəyişiklik olduğu qənaətinə gəlməyə əsas verir. Ailə münasibətlərindən irəli gələn mübahisələrdə uşaqların mənafeyinin üstün tutulmasının əsas meyar olduğu nəzərə alındıqda belə, heç bir halda aliment ödəməli olan şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi, gələcəkdə də adekvat tədbirlərə məruz qalmasının istisna edilməməsi uşaqların maraqlarına xidmət edən amil kimi qiymətləndirilə bilməz. Bu aspektdən yanaşdıqda aliment ödəməli olan şəxsin maddi vəziyyətinin nəzərə alınmalı olması uşaqların hər bir halda mənafelerinin üstün tutulmalı olması prinsipinə xələl gətirmir və əksinə həll edilən mübahisə uşaqların mənafelərinin gələcəkdə qorunmasına xidmət edir. Belə ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsini icra etmədiyinə görə azadlıqdan məhrum edildiyi halda, əksinə uşaqların təminatında fasilələr və ya ümumiyyətlə məhdudiyyətlər yaranacaqdır. Eyni zamanda burada nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. Bununla belə məhkəmə iddianı qismən əsaslı hesab edir və Lerik Rayon Məhkəməsinin 8(048)-31/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilən alimentin azaldılaraq hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,4375 misli (175 manat) həddində müəyyən edilməli olması qənaətinə gəlir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının olunmuş minimum əmək haqqının 0,66 misli həddində (400 x 0,66 = 264 manat, iki uşağa görə 528 manat) aliment öhdəliyini icra etməsi üçün ən azından onun 1000-1100 manat aylıq qazancının olması gərəklidir və hal-hazırda iddiaçının qeyd edilən məbləğdə qazancının olduğu müəyyən edilmir. Lakin o da nəzərə alınmalıdır ki, ailə münasibətləri davam edən münasibətlər olduğundan cavabdehin aliment alan şəxsin maddi vəziyyətində dəyişiklik olduğu halda alimentin artırılması ilə bağlı tələb irəli sürmək hüququ istisna edilmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Lerik Rayon Məhkəməsinin 8(048)-31/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadı ilə yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, İddiaçı tərəflərin birgə nikahından doğulmuş 15 dekabr 2013-cü il tarixdə anadan olmuş X3 və 12 fevral 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,4375 misli (175 manat) həddində aliment tutularaq Cavabdeh ödənilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlanmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Lerik Rayon Məhkəməsinin 8(048)-31/2025 saylı, 26 sentyabr 2025-ci il tarixli qərardadı ilə yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün indeksasiya edilmiş alimentin məbləği dəyişdirilsin. İddiaçı tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,4375 misli (175 manat) həddində aliment tutularaq Cavabdeh ödənilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar