Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-755/2024 19.09.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən texniki səhv olaraq onun adına yazılmış 700 (yeddi yüz) manat əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Lerik rayonu Siyov kəndində fərdi yaşayış evi vardır. Həmin evə elektrik şəbəkəsi tərəfindən qanuni işıq xətti çəkilərək elektrik sayğacı da quraşdırılmışdır. O vaxtdan indiyə qədər də hər ay istifadə etdiyi işığa görə ödənişləri etmişdir. O, hər ay təqribən 5-10 AZN dəyərində elektrik enerjisindən istifadə etdiyi halda elektrik sayğacı ona məlum olmayan səbəbdən xx.xx.2017-ci il tarixinə 456 AZN, 17 gün sonra, yəni xx.xx.2017-ci il tarixinə isə daha 538 AZN sərfiyyat qeyd etmişdir. Həmin bu məbləğlər abonent saldosunda qeyd edilmişdir. Belə ki, saldoda ön səhifədə xx.xx.2017-ci il tarixnə 350 AZN + ikinci səhifədə bağlanan aktlar qrafasında isə eyni tarixdə daha 106 AZN sərfiyyat qeyd edilmişdir. Həmçinin xx.xx.2017-ci il tarixinə yazılmış məbləğ də saldoda ön səhifədə xx.xx.2017-ci il tarixnə 350 AZN + ikinci səhifədə bağlanan aktlar qrafasında isə eyni tarixdə daha 188 AZN qeyd edilmişdir. Bir ay ərzində istifadə edə biləcəyi 5-10 AZN işığa görə ona xx.xx.2017-ci il tarixnə 456 AZN, xx.xx.2017ci il tarixinə isə 538 AZN olmaqla ümumilikdə 994 AZN borc hesablamışlar. Bununla bağlı o, həm "xxxx" ASC-yə, həm də Energetika Nazirliyinin Lənkəran filialına müraciət etmişdir. Energetika Nazirliyinin Lənkəran filialından ona göndərilən cavab məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, 2011-ci ilin iyun ayında Şirvan REŞ MMC-nin laboratoriya xidmətinin 014132 saylı naryadına əsasən onun yeni inşa etdiyi evə tipi ЧЭ6807BK, zavod nömrəsi 67118147, göstəricisi 7436 olan birfazlı elektrik sayğacı quraşdırılmışdır. 014132 saylı naryadda sayğac tipi ЧЭ6807BK göstərilməsinə baxmayaraq Lerik EŞ-nin informasiya məlumat bazasında DDS-26 tipli sayğac kimi qeydiyyat alınmışdır. Hər ay sayğac göstərişinə əsasən ödəniş etməyinə baxmayaraq Lerik EŞ-si tərəfindən ona 7436 kVt/s sərfiyyata görə borc hesablanmış və bildiriş təqdim edilmişdir. Daha sonra həmin borcun müvafiq komissiyada baxılıb silinməsi üçün "xxxx" ASC-nin Cənub RETSİ-yə xx.xx.2019-cu il tarixli 24/19E-028 saylı göstəriş verildiyi və nəticəsi barədə Enerji Məsələləri X1 filialına məlumat verilməsi də qeyd edilmişdir. Bunun nəticəsi olaraq "xxxx" ASC abonent saldosunda bağlanan aktlar qrafasında xx.xx.2017-ci il tarixinə qeyd etdiyi 106 AZN və xx.xx.2017-ci il tarixinə qeyd etdiyi 188 AZN olmaqla ümumi 294 AZN borcdan 289.41 AZN hissəsini silmişdir. Lakin xx.xx.2017-ci il tarixinə yazılmış 350 AZN və xx.xx.2017-ci il tarixinə yazılmış daha 350 AZN olmaqla ümumilikdə 700 AZN səhv hesablanmış borc isə qalmaqdadır. Bu səbəbdən də həmin əsassız borcun silinməsi öhdəliyinin "xxxx" ASC-nin üzərinə qoyulması ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş digər cavabdehin nümayəndəsi X4 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş abunə haqqında məlumatdan görünür ki, elektrik enerjisindən elektrik enerjisindən limitdən artıq istifadəyə görə xx.xx.2017-ci il tarixində 350 manat və xx.xx.2017-ci il tarixində 350 manat olmaqla ümumilikdə 700 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 filialının xx.xx.2019-cu il tarixli, 23/24-1-38 nömrəli məktubundan görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, 2011-ci ilin iyun ayında "xxxx" MMC-nin labaratoriya xidmətinin 014132 saylı naryadına əsasən onun yeni inşa etdirdiyi evdə tipi ЧЭ6807BK, zavod nömrəsi 67118147, göstəricisi 7436 olan birfazlı elektrik sayğacı quraşdırılmışdır. 014132 saylı naryadda sayğacın tipi ЧЭ6807BK göstərilməsinə baxmayaraq, Lerik EŞ-nin informasiya məlumat bazasında DDS-26 tipli sayğac kimi qeydiyyata alınmışdır. Hər ay sayğacın göstəricisinə əsasən ödəniş etməyinə baxmayaraq, Lerik EŞ-si tərəfindən ona 7436 kVt/s sərfiyyata görə borc hesablanmış və bildiriş təqdim olunmuşdur. Ona məlum olmayan borcun abonent hesabından silinməsi üçün Lerik EŞ-nin rəhbərliyinə dəfələrlə müraciət etməyinə baxmayaraq, mövcud borcun silinməsi təmin edilməmişdir. 06.02 2018-ci il tarixində evi üçün quraşdırılmış sayğac tipi VİKO-M580DBOT, zavod nömrəsi 3604608, göstəricisi 00, alt/qapaq möhürü 652487 olan elektron tipli sayğacla əvəz olunmuşdur. Ona hesablanmış mövcud borcun müvafiq komissiyada baxılıb silinməsi üçün "xxxx" ASC-nin Cənub RETSİ-nin rəhbərliyinə tərəflərindən xx.xx.2019-ci il tarixli 24/19E-028 saylı göstəriş təqdim olunmuş və nəticəsi barədə Enerji Məsələlərini X1 filialına məlumat verilməsi bildirilmişdir. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı Lerik rayonu, Siyov kəndində yerləşən evə elektrik enerjisindən limitdən artıq istifadəyə görə xx.xx.2017-ci il tarixində 350 manat və xx.xx.2017-ci il tarixində 350 manat olmaqla ümumilikdə 700 manat borc hesablanmışdır. Məhkəmə araşdırılması zamanı iddiaçının yaşadığı Lerik rayonu, Siyov kəndində yerləşən evdə evə elektrik enerjisindən limitdən artıq istifadə halı öz təsdiqini tapmadığından göstərilən xx.xx.2017-ci il tarixində 350 manat və xx.xx.2017-ci il tarixində 350 manat olmaqla ümumilikdə 700 manat borc silinməlidir. Məhkəmə qeyd edir ki, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının yaşadığı Lerik rayonu, Siyov kəndində yerləşən evdə evə elektrik enerjisindən limitdən artıq istifadə halı sübut olunmadığından, cavabdeh tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması əsası ilə hesablanmış pulun tələb edilməsi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1.000 (min) manatadək olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilir. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 700 (yeddi yüz) manat məbləğində borc İddiaçı məxsus **********00147 saylı abunə hesabından silinməli, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 77.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 700 (yeddi yüz) manat məbləğində borc İddiaçı məxsus **********00147 saylı abunə hesabından silinsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-755/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-755/2024
19.09.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver