Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-785/2024 03.10.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı “alimentin artırılması və əlavə xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan 17 sentyabr 2014-cü il təvəllüdlü X2 üçün onun yetkinlik yaşına çatana qədər cavabdehdən Lerik Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(048)-368/2022 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğinin və uşağın müalicə xərci kimi hər ay 100 manat pulun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Lerik Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(048)-379/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı Lerik Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 2(048)-368/2022 saylı qətnaməsi ilə dəyişdirilərək xx.xx.2014-cü ildə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub onun xeyrinə verilməsi qət edilmişdir. Lerik Rayon Məhkəməsi tərəfindən 2022-ci il tarixdə çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği hazırkı dövr üçün uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq böyüməklə məsrəfləri yetərincə artmışdır. Həmçinin uşaq anadangəlmə əlildir, uşağın müalicə xərcləri də armışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Onu da qeyd etmək istəyir ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Ancaq məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment borcunu və aliment üzrə yığılmış borcundan hər ay əlli manat ödəniş edir. Cavabdehin ödədiyi aliment isə uşağın saxlanılmasını təmin etmir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o, çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, o iddianı qəbul etmir və iddiaçının yazdıqları ili razı deyildir. Belə ki, İddiaçı uşağın saxlanması üçün dövlətdən və ondan kifayət qədər vəsait alır. Belə ki, uşaq xəstə olduğu üçün ona dövlət tərəfindən 220 manat müavinət (pensiya) və 100 manat uşağın saxlanması üçün vəsait olmaqla cəmi 320 manat ödənilir. Bundan əlavə Lerik Rayon Məhkəməsinin 14 iyun 2022ci il tarixli, 2(048)-368/2022 saylı qətnaməsi ilə o, İddiaçı hər ay sabit pul məbləğində 150 manat aliment ödəyir. Beləliklə uşağın pensiyası və alimentlə birlikdə İddiaçı 470 manat vəsait alır. Onun müalicə xərci kimi tələb etdiyi 100 manat isə tam əsassızdır. Belə ki, o uşağın müalicəsinə bir manat belə xərcləmir, uşağın müalicə xərcləri tam olaraq Tibbi Sığorta tərəfindən ödənilir. Onlar hələ bir yerdə yaşayanda belə Tibbi Sığorta çıxandan sonra uşağın müalicəsinə pul xərcləməmişlər, uşağı xəstəxanalara və müalicəyə Tibbi Sığortanın hesabına pulsuz aparmışlar. Ona görə də, göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında uşağın serebral iflic xəstəsi olduğunu, dərisində, gözlərində problem olduğunu, sururğasının olduğunu, qeyd edilən xəstəliklərlə bağlı uşağın müalicə olunduğunu, cavabdeh tərəfindən tək 150 manat aliment ödənildiyini, başqa hər hansı bir maddi yardımın edilmədiyini, uşağa ödənilən xəstəlik pulunun onun müalicəsinə sərf etdiyini, dövlət xəstəxanasında aparılan müalicənin uşağa təsir etmədiyini, bu səbəbdən uşağı müalicə üçün özəl “Atlas” və “Optimed” klinikalarına apardığını, hər dəfə aparanda dörd kurs müalicə yazıldığını, daha sonra uşaq hərəkət edə bilmədiyindən hər ay 15 gün onu masaja apardığını, masaja görə hər gün üçün 10 manat ödəniş etdiyinibildirərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında özünün fəhlə işlədiyini, kirayədə yaşadığını, uşağın saxlanılması üçün 200 (iki yüz) manat məbləğində aliment ödəməyə maddi imkanının olduğunu, bundan artıq pulun ödənilməsinə maddi imkanının olmadığını bildirərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lerik Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(048)-368/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək Cavabdeh ilə X12 arasında Lerik rayon Tikəband kənd İƏD-də qeyd edilmiş 14.01,2014-cu il tarixli, 02 saylı nikah qeydi pozulması, Lerik Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2(048)-379/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 17 sentyabr 2014-cü il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X9 verilməsi, artırılmış alimentin tutulmasının Lerik Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 2 (048)-368/2022 saylı qətnaməsi qanuni qüvvəyə mindiyi vaxtdan başlanması qət edilmişdir. İş materiallarında olan Lerik Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 iyul 2022-ci il tarixli, AZ-İ 362026 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X12 arasında bağlanmış nikah xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Nikah pozulduqdan sonra qadına “Şiriyeva” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Lerik rayon Tikəband kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 409736 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 17 sentyabr 2014-cü il təvəllüdlü X5 rayonunda anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında X12 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, 17 sentyabr 2014-cü il təvəllüdlü X3 spastik serebral iflic, aşağı ətrafların paraparezi, nitq qüsuru, anartriya-alaliya diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçasından (xəstəlik tarixindən) xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, 17 sentyabr 2014-cü il təvəllüdlü X8 diplegik spastik iflic, spastik paraplegiya, ağır dərəcəli əqli gerilik, görmə sinirinin atrofiyası diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş “Atlas” və “Optimed” klinikalarının müayinə vərəqələrindən görünür ki, 17 sentyabr 2014-cü il təvəllüdlü X8 müayinə olunmuş və kurs dərman müalicələri təyin edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin anadan olmuş 17 sentyabr 2014-cü il təvəllüdlü X8 iddiaçı X12 himayəsindədir. Lerik Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(048)-368/2022 saylı qətnaməsi ilə Lerik Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2(048)-379/2021 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq 17 sentyabr 2014-cü il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X9 verilməsi qət edilmişdir. Tərəflərin birgə nikahından anadan olmuş 17 sentyabr 2014-cü il təvəllüdlü X8 xəstə olmaqla, ona kvadroplegik spastik serebral iflic, aşağı ətrafların paraparezi, nitq qüsuru, anartriya-alaliya diaqnozu qoyulmuşdur. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (AM-in 78.2.) Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 05 dekabr 2023-cü il tarixli Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.” Məhkəmə alimentin miqdarını müəyyən edərkən uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas meyar olması ilə yanaşı, yalnız bir tərəfin deyil, hər iki tərəfin də ailə və maddi vəziyyətinin öyrənilməli olmasını nəzərə alır. Alimentin miqdarını müəyyən edərkən məhkəmə alimentin tutulmasına dair qətnamənin çıxarılmasından müəyyən müddət keçməsini, hazırkı dövrədək müddət ərzində yaşayış səviyyəsinin müəyyən dərəcədə artmasını, uşağın mənafeyini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının zəruriliyini, eyni zamanda hər iki tərəfin ailə və maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin uşağı 17 sentyabr 2014-cü il tarixdə doğulmuş X1 üçün cavabdehdən hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulması məqsədəuyğundur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. İddia tələbinin 17 sentyabr 2014-cü il təvəllüdlü X7 xəstəliyi ilə əlaqədar müalicəsi üçün əlavə 100 (yüz) manat aliment tutulması hissəsini isə məhkəmə qismən əsaslı hesab edir. Belə ki, Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcədə tərəflərin diqqətə layiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcədə gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər (Ailə Məcəlləsinin 81.1, 81.2 və 81.3-cü maddələri). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Göründüyü kimi qanunverici valideynlərin əlavə xərclərin ödənilməsinə cəlb olunmasını müəyyən şərtlər daxilində, yəni ağır xəstə, şikəst olan uşaqlara və s. göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar mümkün hesab etmişdir. İşin müəyyən edilmiş hallarından mübahisəsiz qaydada görünür ki, 17 sentyabr 2014-cü il təvəllüdlü X4 iflic xəstəsidir. Müayinə və müalicəyə ehtiyacı vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tələbinin bu hissəsinin əsaslığını sübut edə bildiyindən həmin hissədə iddia qismən təmin edilməli, cavabdeh uşağın xəstəliyinə görə əlavə xərclərin ödənilməsinə cəlb olunaraq ondan hər ay əlavə olaraq 40 (qırx) manat aliment tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası MPM-in 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın qismən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 45,2 (qırx beş manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Lerik Rayon Məhkəməsinin 2(048)- 368/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay sabit pul məbləğində tutulan 150 (yüz əlli) manat məbləğində alimentin həcmi artırılaraq 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməli, xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, sabit pul məbləğində 200 (iki yüz) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı ödənilməli, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X7 (xəstəliyin mövcud olduğu müddətdə) müalicəsi ilə əlaqədar əlavə xərclərin ödənilməsinə cəlb olunmalı və bununla əlaqədar ondan İddiaçı xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X7 müalicəsi ilə bağlı əlavə xərclərin ödənilməsinə görə hər ay sabit pul məbləğində 40 (qırx) manat miqdarında pul tutulmalı, iddia qalan hissədə rədd edilməli, Cavabdeh 45,2 (qırx beş manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Lerik Rayon Məhkəməsinin 2(048)-368/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay sabit pul məbləğində tutulan 150 (yüz əlli) manat məbləğində alimentin həcmi artırılaraq 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilsin, xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, sabit pul məbləğində 200 (iki yüz) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı ödənilsin. Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X7 (xəstəliyin mövcud olduğu müddətdə) müalicəsi ilə əlaqədar əlavə xərclərin ödənilməsinə cəlb olunsun və bununla əlaqədar ondan İddiaçı xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X7 müalicəsi ilə bağlı əlavə xərclərin ödənilməsinə görə hər ay sabit pul məbləğində 40 (qırx) manat miqdarında pul tutulsun. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 45,2 (qırx beş manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-785/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-785/2024
03.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver