Məhkəmə qərarları › İş №2(048)-84/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-84/2025

07.01.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-84/2025 07.01.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı "borcun silinməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixdə tərtib edilmiş ******* saylı aktın etibarsız hesab edilməklə ləğv edilməsi və həmin akt əsasənda hesablanmış 6480 m3 həcmində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X1 Sənaye və məişət qaz sayğaclarını kalibirləmə labaratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023cü il tarixli 14-2-2/3-5-9812/Q003 saylı aktına əsasən G-4 markalı **********8 N-li sayğaca baxış keçirilmiş və sayğacın yararsız olması barədə xx.xx.2023-cü il tarixdə ******* N-li akt tərtib edilmişdir. Təbii qazdan isdifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü tarixli ******* saylı akt tərtib etməklə onun barəsində X2 6480 kub metr həcmində ziyan hesablanmışdır. Lakin hesab edir ki, ******* saylı akt etibarsız hesab edilməklə ləğv edilməli və akt əsasında hesablanmış 6480 kub metr həcmində ziyan borcu silinməlidir. Hal-hazırda yaşadığı evdə iki nəfər ailə üzvü olmaqla qazdan istifadə edirlər. Evə avtomobil yolu Məmmədhüseyn Əliyev küçəsindən olsa da, qaz sayğacı Firdovsi Şahbazov küçəsində evin girişindən təqribən 150 metr msafədə quraşdırılmışdır. Lerik rayon Qaz İstismar idarəsinin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixdə onun məlumatı olmadan **********8 N-li qaz sayğacı sökülmüş, əvəzində **********5 saylı yeni sayğac quraşdırılmış və bu barədə ******* saylı akt tərtib edilmişdir. O, Qaz istifadəçisi kimi daima qazdan nəzərdə tutulmuş qanunamüvafiq qaydada istifadə edir. Qaz idarəsinin nümayəndələri xx.xx.2023-cü il tarixli ******* saylı akta müvafiq olaraq **********8 N-li qaz sayğacının sökülərək əvəzində **********5 saylı yeni sayğacın quraşdırımasını və sökülən sayğacın labaratoriyaya göndərilməsini idarənin müvafiq iş planı əsasında icra etdiklərini bildirmişlər. “Azəriqaz” İB-nin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5- 9812/Q003 N-li aktına əsasən G-4 markalı **********8 N-li sayğaca baxış keçirilmiş və sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən aralanmasını qeyd etməklə cərimə hesablamışlar. Belə ki, “Qaz təhcizatı haqqında” Qanunun Qazdan isdifadə qaydalarının tələblərinə əsasən evinin qaz xətti üzərindən çıxarılmış G-4 markalı **********8 saylı qaz sayğacı ilə bağlı tərtib edilmiş xx.xx.2023-cü tarixli ******* saylı tələbnamədə hesablanmiş 6480 kub metr həcmində qaz cərimə məbləğinin ondan tələb edilməsi qanunsuz və əsassızdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona məxsus **********30000 saylı abonent hesabına akt əsasında yazılmış 777,6 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “Azəriqaz” İB tərəfindən tərtib olunmuş 16 oktyabr 2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, Lerik şəhəri, H.Aslanov küçəsi ünvanında istehlakçı İddiaçı istifadəsində olan sayğaca baxış keçirilən zaman “Azəriqaz” İB-nin sayğacların müayinəsi labaratoriyasının xx.xx.2023-cü il tarixli, 14-2-2/3-5-9812/Q003 saylı aktına əsasən sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən aralanıb, qaz keçir, lakin qaz sərfi qeydə alınmır, itirilmiş qaz bərpa edilsin. Akt istehlakçı İddiaçı tərəfindən imzalanmamışdır. İş materiallarında olan dəymiş ziyanin bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibirləmə labaratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli xx.xx.2023-cü il tarixli, 14-2- 2/3-5-9812/Q003 nömrəli aktına əsasən G-4 markalı, **********8 nömrəli sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizmi qoruyucu qapağı gövdədən tamamilə aralanmış, qaz keçir, hasablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə alınmır, sayğac istismara yararsızdır. G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6 kub metr saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə dəymiş ziyanın həcmi 6480 kub metr təşkil etmişdir. İş materiallarında olan “Azəriqaz” İB tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş **********30000 saylı abonentin saldosunun surətindən aydın olur ki, abonent İddiaçı 2023cü il üçün qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 777,6 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvan 1 ünvanına dair 16 oktyabr 2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və həmin akta əsasən istehlakçı İddiaçı istifadəsində olan sayğacın hesablama mexanizmi qoruyucu qapağının gövdədən tamamilə aralanması, qazın keçməsi, hasablama mexanizminin açıq vəziyyətdə olması, sərfin qeydə alınmaması, sayğac istismara yararsız olması əsası ilə iddiaçıdan itirilmiş qazın dəyəri tələb edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Müəyyən edilmişdir ki, abonent İddiaçı qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 2023-cü il üçün 777,6 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən qaz sayğacına hər hansı müdaxilənin edilməsi və ya zərər vurulması halı müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qaz sayğacına müdaxilə edilməsində və ya zərər vurulmasında iddiaçının təqsiri sübut olunmadığından, habelə fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, həmçinin məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilməli, quraşdırılmalı və ya dəyişdirilməli olduğundan cavabdeh tərəfindən qaz itkisinə görə hesablanmış pulun tələb edilməsi əsassız və qanunsuzdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə iddianın təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini (iddia istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı olduğundan) nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, hesablanmış 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, ünvan 1 ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 777,6 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc İddiaçı **********30000 saylı abonent hesabından silinməli, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 777,60 (yeddi yüz yetmiş altı manat altmış qəpik) manat İddiaçı **********30000 saylı abonent hesabından silinsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar