Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-982/2024 28.11.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkiyev Vüsal Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 777,60 manat cərimə pulunun ləğv edilməsi, şərəf və ləyaqətinin alçaldılmasına, şər-böhtan atdıqlarına, vəzifə saxtakarlığına, maddi və mənəvi ziyan vurduqlarına görə Amid Hüseynov, Vüsal Rzayev və Elnur Alışovdan birlikdə 3.000 (üç min) manat təzmiantın alınması, CM-nin 147 və 313-cü maddələri ilə cinayət işinin başlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü ildə 4 nəfər istehlakçılara nəzarət şöbəsinin əməkdaşları onun evinə gəlib yeni sayğac qoyub köhnəsini özləri ilə aparmışlar. Bu zaman o, evdə olmadığından aktlara da imza etməmişdir. xx.xx.2024-cü ildə Lerik qaz idarəsinin nəzarətçisi Mirzəcan adlı əməkdaşı ona bildirdi ki, tez idarəyə gəl, sən böyük cinayətkarsan. Köhnə sayğacın analizi zamanı mərkəzi labaratoriyada aşkar edilmişdir ki, sən sayğacın daxilini sındırıb, öz xeyrinə sərfiyyatda oğruluq etmisən və buna görə 777,60 manat cərimələnirsən. O, həmin şəxslərə bildirmişdir ki, birincisi belə qəliz işlər onun təbiətinə yaddır, halal adamdır. İkincisi sayğac darvazanın içəri tərəfində yox, çöl tərəfində nəzarətsiz bir yerdə quraşdırılmışdır. Üçüncüsü hər ay nəzarətçi sərfiyyata aid rəqəmləri götürüb və sayğacı da yoxlayır, sayğacın qaz buraxmadığını bildirir. O, heç vaxt sayğacla maraqlanmamışdır. Hər ay Vəlixan adlı qaz idarəsinin işçisi hər dəfə ona qaz sərfiyyatına aid bildirişi verərkən sayğacı da hərtərəfli yoxlayır. O, da bildirişdə göstərilən məbləği ödəyir. 30 oktyabr 2023-cü ilin aktında göstərilir ki, guya o, sayğaca müdaxilə edib sayğacın hesablarına mexanizmin qoruyucu qapağını gövdədən tamamilə ayırmışdır. Hesablama mexanizmini açıq saxlamış, sərfiyyat da qeydə alınmır. Sayğac istismara yararsızdır. Lənkəran regional mərkəzin işçiləri də Lerikdə yazılmış 30 oktyabr 2023-cü il tarixli aktına əsaslanaraq onu cərimə etmişlər. Halbuki bundan qabaqkı, yəni xx.xx.2023-cü ildə ******* nömrəli aktda göstərilir ki, sayğac düzgün işləyir qaz buraxmır. xx.xx.2023-cü il tarixdə ******* nömrəli aktda nəzər yetirsək, bu aktda göstərilir ki, sayğacın vəziyyəti yoxlanılarkən sayğacın hesablama mexanizmi gövdədən tamamilə burulmuş, qaz keçirir. Sayğac bərpa olunmalıdır. Bu aktı yazanlar Amid Hüseynov, Vüsal Rzayev və Elnur Alışovdur. Lənkəran regional qaz idarəsinin əməkdaşları da bu akta uyğun səhv nəticəyə gəlmiş və onu cərimələmişlər. Çox qəribədir ki, Lerikdə tərtib olunan ikinci aktla Lənkəranda yazılmış üçüncü aktın həm tarixləri həm də nömrələri eynidir. İkinci və üçüncü aktlar eyni tarixdə eyni akt nömrələri ilə yazılmışdır. Onun bunların heç birindən xəbəri olmamış və imzalamamışdır. Lerik qaz idarəsinin ona verdiyi saldosunda (arayışında) 06.2023-cü il tarixdən 09.2024-cü il tarixə kimi qaz sərfiyyatına aid cədvəl verilmişdir. Cədvəli nəzərdən keçirərkən görünür ki, guya labaratoriyanın göstərişi ilə xx.xx.2023-cü ildə yəni bir ay ərzində o, 6552 metr kub qaz işlətmişdir. Daha sonra İddiaçı iddia tələbi həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borcun onun **********00000 saylı abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.6-cı maddəsinə əsasən işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -“Azəriqaz” İB tərəfindən tərtib olunmuş 30 oktyabr 2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, ünvan 2 ünvanında istehlakçı İddiaçı istifadəsində olan sayğacın labaratoriyada müayinəsi zamanı sayğacın hesablama mexanizminin gövdədən tamamilə ayrıldığı, qazın keçdiyi, lakin keçən qazın həcminin qeydə alınmadığı göstərilmişdir. - Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanıldı və heç bir sızma aşkar edilməmiş, quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verilmişdir. - Dəymiş ziyanin bərpasına dair 31 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-10140/Q003 №-li Aktına əsasən G- 4 markalı, **********1 №-li sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb, qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə alınmır, sayğac istismara yararsızdır. Qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə dəymiş ziyanın həcmi 6480 m3 təşkil etmişdir. - “Azəriqaz” İB tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş **********00000 saylı abonentin saldosunun surətindən aydın olur ki, abonent İddiaçı 2023-cü il üçün qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 777,6 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvan 2 ünvanına dair 30 oktyabr 2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və həmin akta əsasən istehlakçı İddiaçı istifadəsində olan sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanması, qazın keçməsi, hesablama mexanizmi açıq vəziyyətdə olması, lakin sərfin qeydə alınmaması əsası ilə iddiaçıdan itirilmiş qazın dəyəri tələb edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Müəyyən edilmişdir ki, abonent İddiaçı qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 2023-cü il üçün 777,6 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən qaz sayğacına hər hansı müdaxilənin edilməsi və ya zərər vurulması halı müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qaz sayğacına müdaxilə edilməsində və ya zərər vurulmasında iddiaçının təqsiri sübut olunmadığından, habelə fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, həmçinin məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilməli, quraşdırılmalı və ya dəyişdirilməli olduğundan cavabdeh tərəfindən qaz itkisinə görə hesablanmış pulun tələb edilməsi əsassız və qanunsuzdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə iddianın təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini (iddia istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı olduğundan) nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, hesablanmış 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, ünvan 1 ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc İddiaçı **********00001 saylı abunə hesabından silinməli, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc İddiaçı **********00001 saylı abunə hesabından silinsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-982/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-982/2024
28.11.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver