Məhkəmə qərarları › İş №2(049)-1027/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1027/2024

15.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1027/2024 15.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “uşaqla ünsiyyət hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşaqla ünsiyyət hüququnun həyata keçirilməsinə manenin aradan qaldırılması” tələbi ilə məhkəməyə müraciət edərək Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə nəvələri xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 və 28 03.2020-ci il tarixdə anadan olmuş X5 ilə hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 17:00-dək verilmiş ünsiyyət hüququna Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması, mediasiya xərci olaraq ödənilmiş 60 manat və dövlət rüsumu kimi ödənilmiş 40 manat olmaqla, cəmi 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun sabiq gəlinidir. Onunla oğlunun birgə nikahlarından 2 uşaqları dünyaya gəlmişdir. Hal-hazırda həmin uşaqlar cavabdehin yanında yaşayırlar: X4 - xx.xx.2016-ci il təvəllüdlü, X5 - xx.xx.2020-ci il təvəllüdlü. Cavabdehlə aralarında narazılıqlar olduğundan o, uşaqları görməyinə və onlarla ünsiyyət hüququnu həyata keçirməyini maneçilik törədir. Bu səbəbdən də pozulmuş hüququnun təmin olunması məqsədilə Lənkəran şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edib. Həmin Komissiyanın xx.xx.2024-cü il tarixli qərarına əsəsən ona Cavabdeh himayəsində olan nəvələri xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X5 ilə hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 17:00-dək ünsiyyət hüququ verilmişdir. Qeyd olunan qərarın qəbul edilməsindən sonrakı şənbə günü, yəni xx.xx.2024-cü il tarixdə uşaqlarla görüşmək üçün onların yaşadığı evə getsə də, cavabdeh buna maneçilik törətmişdir. Bu səbəbdən də hazırki iddia ilə müraciət edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehin nəvələri ilə ünsiyyətinə imkan vermədiyini bildirib, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək, iddia tələbini qəbul etmədiyini bildirdi və izahatında qeyd etdi ki, övladlarının özləri nənələri İddiaçı ilə görüşmək istəmirlər. Əgər uşaqlar özləri iddiaçı ilə görüşmək istəsələr o, da buna etiraz etməyəcək. Eyni zamanda uşaqların X1 ilə aralarında olan rəsmi nikah qeydi məhkəmənin xx.xx.2023-cü i tarixli qətnaməsi ilə ləğv edilmiş və uşaqların saxlanılması üçün onun xeyrinə aliment kəsilmişdir. Rahid Həbibzadə təyin edilmiş alimenti ona ödəmir. İddia tələbi üzrə qətnamə qəbul edilməsini məhkəmənin mülahizə buraxdı. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik Komissiyası tərəfindən verilmiş 17 yanvar 2024-ci il tarixli qərarın nəticə hissəsində qeyd edilmişdir ki, xx.xx.2016-ci il X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 nənəsi İddiaçı ilə hər həftənin şənbə və bazar günləri saat 11:00-dan saat 17:00-dək ünsiyyətdə olmaq hüquqlarının təmin ediməsi məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2016-ci il təvəllüdlüdür. X1, anası Cavabdehdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2020-ci il təvəllüdlüdür. X1, anası Cavabdehdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. 50.2-ci maddəsinə əsasən, valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. 62.1-ci maddəsinə əsasən, baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. 62.2-ci maddəsinə əsasən, valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. 62.3-cü maddəsinə əsasən, valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. 62.4-cü maddəsinə əsasən, məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. Göründüyü kimi, qanunverici uşaqla ünsiyyət institutunu müəyyən edərkən, yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının və mənafelərinin müdafiə edilməsi prinsipi ilə yanaşı, nənə və babanın da öz nəvələrinin saxlanılmasında və tərbiyə edilməsində iştirakının təmin edilməsini də nəzərə almışdır. Bu baxımdan, uşaqla ünsiyyət məsələsi həll edilərkən uşağın mənafeyi əsas götürülməklə yanaşı, uşaqla ünsiyyətdə olmaq istəyən nənə və babanın bu hüquqlarının həyata keçirilməsinə şərait yaradılmalı və bu hüququn realizəsi hər hansı formal mülahizədən asılı edilməməlidir. Məhkəmə yekun qənaətə gələrkən “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarındakı tövsiyyələrini də diqqətə almışdır. Belə ki, həmin qərarın 4-cü bəndində qeyd edilir ki, qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, İddiaçı nəvələri xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 ilə hər həftənin şənbə və bazar günləri saat 11:00-dan saat 17:00-dək təyin edilmiş görüşə Cavabdeh tərəfindən maneçilik törədilməsi cavabdehə qadağan edilməlidir. Həmçinin iddia təmin edildiyinə görə iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 manat və mediasiya xərcinə dair 40 manat, cəmi 100 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının 17 yanvar 2024-cü il tarixli qərarı ilə təyin edilmiş nəvələri xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 ilə hər həftənin şənbə və bazar günləri saat 11:00-dan saat 17:00-dək ünsiyyətdə olmasına Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 manat və mediasiya xərcinə dair 40 manat, cəmi 100 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar