Məhkəmə qərarları › İş №2(049)-1235/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1235/2023

08.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1235/2023 08.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmalarından ötrü hər bir uşaq üçün hər ay 60 manat olmaqla üç uçağa görə cəmi 180 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh el adəti ilə ailə quraraq nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X5, xx.xx.2011-ci il tarixdə X4 və xx.xx.2009-cu il tarixdə X2 adlı uşaqları doğulmuşdur. Ailə qurduqdan bir müddət sonra xasiyyətləri uyğun gəlmədiyi üçün nikahları 2017-ci il tarixdə Rusiyanın Samara şəhərində pozulmuşdur. Hazırda uşaqları ilə birlikdə cavabdehdən ayrı yaşayır. Cavabdehin ailəsinə qarşı yaranan soyuq münasibəti və ailəsinə baxmaması nəticəsində aralarında narazılıqların yaranmasına və son nəticədə onun məhkəməyə müraciət etməyinə səbəb olmuşdur. Uşaqları saxlamaq hər iki valideynin borcu olsa da cavabdeh uşaqların saxlanmasında ona heç bir köməklik etmir. İddiaçı məhkəmə baxışı zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında ona iddianı etiraf edərək, hər ay uşaqlarının saxlanması üçün iddiaçıya 180 manat mbləğində aliment ödəməyə hazır olduğunu məhkəməyə bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 14 yanvar 2009-cu il təvəllüdlüdür. Anası İddiaçı, atası Cavabdehoviçdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 16 dekabr 2011-ci il təvəllüdlüdür. Anası İddiaçı, atası Cavabdehoviçdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, AğayevYaqub Həbib oğlu 11 fevral 2016-cı il təvəllüdlüdür. Anası İddiaçı, atası Cavabdehoviçdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, iddiaçı ilə cavabdeh arasında rəsmi nikah qeydiyyatı 18 mart 2017-ci il tarixdə pozulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Məhkəmə qanunvericiliyin qeyd olunan tələblərinə əsaslanaraq bu nəticəyə gəlir ki, cavabdeh valideyn kimi uşaqlarını saxlamağa borcludur. Məhkəmə iclasında cavabdehin daimi iş yerinin, qazancının müntəzəm və dəyişməyən olması müəyyən edilməmişdir. Bu səbəbdən cavabdehdən tutulan aliment sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə tərəflərin ailə və maddi vəziyyətini, habelə diqqətəlayiq olan digər halları nəzərə alıb və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, habelə tərəflərin hər birinin valideyn kimi uşaqlarını saxlamağa borclu olmalarını əsas tutub hesab edir ki, iddia təmin edilməklə cavabdehdən üç uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 60 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan hesablanır. İddiaçı hazırkı iddia ərizəsi ilə 27 fevral 2023-cü il tarixdə məhkəməyə müraciət etdiyindən alimentin tutulması da həmin vaxtdan hesablanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin edilsin. 27 fevral 2023-cü ildən başlayaraq Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 60 (altmış) manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar