Məhkəmə qərarları › İş №2(049)-1540/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1540/2024

27.05.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1540/2024 27.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və cavabdeh Lənkəran – Astara Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Lənkəran – Astara Regional Təhsil İdarəsinə qarşı “əmək haqqı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Lənkəran – Astara Regional Təhsil İdarəsinə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək N.Nərimanov adına şəhər 2 saylı tam orta məktəbində direktor vəzifəsini icra etdiyinə görə ona 18 ay müddət üçün direktor vəzifəsinin maaşının ən azı yarısı olan 4374 manat (486/2x18=4374) əlavə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək N.Nərimanov adma şəhər 2 saylı tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini işləməklə yanaşı Təhsil Nazirinin 11/234-1 nömrəli 01 aprel 2016-cı il tarixli 48/2 saylı əmrinə əsasən məktəbdə boş qalan direktor vəzifəsini də icra etmişdir. Həmin dövrdə direktorun vəzifə maaşı 486 manat olmuşdur. Lakin ona yalnız öz vəzifəsinə görə əmək haqqı ödənilmiş, icra etdiy direktor vəzifəsinə görə isə əmək haqqı verilməmişdir. Hər dəfə müraciət etdikdə, bu məsələnin həll ediləcəyi bildirilmişdir. Ancaq bir neçə il ərzində məsələnin həllini tapmadığını görüb cavabdehə yazılı şəkildə müraciət etməli olmuşdur. Cavabdehin 04 mart 2024-cü il tarixli məktubunda başqa vəzifənin icrasının həvalə edilməsi ilə bağlı elektron əmək müqaviləsi bildirişi və digər sənədlər Masallı rayonu üzrə mühasibatlığa təqdim edilmədiyindən bununla bağlı heç bir ödəniş həyata keçirilməməsi qeyd edilmiş, həmin sənədləri təqdim etdikdən sonra müraciətə baxılacağı göstərilmişdir. Halbuki elektron əmək müqaviləsi bağlamaq onun deyil, işəgötürənin vəzifəsi idi. İşlədiyi dövrdə dəfələrlə tələb etməyinə baxmayaraq belə müqavilə bağlanılmamışdır. Ancaq bu hal hüququnun pozuntusuna səbəb ola bilməz. Öz işini vicdanla yerinə yetirmişdir. İşəgötürən isə vəzifəsini icra etməmiş, dəfələrlə tələbinə baxmayaraq hər dəfə məsələni həll edəcəyini vəd etmiş, o, da bununla bağlı məsələni işəgötürənin həll edəcəyinə ümid etmişdir. Cari ildə isə işəgötürənin vəzifəsi olan məsələ əsassız olaraq ondan tələb edilir. Bu isə cavabdehin icra etdiyi direktor vəzifəsinə görə qanunvericilikdə nəzərdə tututlmuş pul vəsaitini ona vermək niyyətinin olmamasını və ötən dövr ərzində yalan vədlərlə aldadıldığımı göstərir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qanunvericiliyin tələbinə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək N.Nərimanov adına şəhər 2 saylı tam orta məktəbində təlimtərbiyə işləri üzrə direktor müavini işləməklə yanaşı Təhsil Nazirinin 11/234-1 nömrəli 01 aprel 2016-cı il tarixli 48/2 saylı əmrinə əsasən məktəbdə boş qalan direktor vəzifəsini də icra etdiyindən ona 18 ay üçün direktor vəzifəsinin maaşının ən azı yarısı olan 4.374 manat (486/2x18=4374) əlavə əmək haqqı ödənilməli İdi. İşin məhkəmə baxışında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildidi ki, 1981-ci ildə Masallı şəhərində yerləşən 2 saylı tam orta məktəbinə müəllim vəzifəsində işə qəbul edilmişdir. 01 iyul 2016-cı il tarixdən məktəbə yeni direktor təyin olunanadək, yəni 29 dekabr 2017-ci il tarixədək həmin məktəbdə rəsmi olaraq direktor vəzifəsini icra etmişdir. 18 ay həmin məktəbdə direktor vəzifəsini icra etmişdir. Qanunvericiliyin tələbinə əsasən, həmin məktəbdə icra etdiyi direktor vəzifəsinin ən azı yarısı əlavə olaraq əmək haqqı kimi ona ödənilməli idi. Lakin direktor vəzifəsini icra etdiyi dövrdə ona bununla əlaqadar heç bir əlavə ödəniş edilməmişdir. Dəfələrlə bu ödənişin ona edilməsi ilə əlaqadar təhsil idarəsinə müraciət etmiş, lakin müsbət nəticəsi olmamışdır. Ödənişlə əlaqədar yalnız 2024-cü ildə Lənkəran – Astara Regional Təhsil İdarəsinə müraciət etmiş, ona rəsmi cavab verilərək müraciəti təmin edilməmişdir. Onunla eyni vaxtda digər məktənlərdə direktor vəzifəsini icra edən şəxslərin əmək haqqlarına əlavə ödənişlər edilmiş, ona isə həmin ödəniş edilməmişdir. Direktor vəzifəsini icra etdiyi dövrdə məktəbdə bütün əmrlər onun tərəfindən imzalanmış, məktəbə rəhbərliyi həyata keçirmiş və heç bir nöqsana yol verməmişdir. İşlədiyi dövrdə ona əmək haqqı hər ay ödənilmişdir. Cavabdeh təşkilatla aralarında direktor vəzifəsini icra etdiyi üçün əlavə əmək haqqının ona hər hansı müddətin sonunda birdəfəlik ödənilməsi barədə razılıq olmamışdır. 2022-ci ildə təqaüdə çıxaraq işdən də çıxmışdır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında iştirak cavabdeh Lənkəran – Astara Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, İddiaçı həqiqətən də 01 iyul 2016-cı il tarixdən 29 dekabr 2017-ci il tarixədək Masallı şəhərində yerləşən 2 saylı tam orta məktəbin direktoru vəzifəsinin icrası həvalə edilmişdir. Bu barədə Təhsil Şöbəsinin müdiri tərəfindən müvafiq əmr imzalamış və İddiaçı həmin əmrlə tanış olmuşdur. Həmin əmrdə direktor vəzifəsini icra etməsi ilə əlaqadar İddiaçı hərhansı əlavə ödənişin verilməsi nəzərdə tutulmamışdır və o, bununla razılaşmışdır. Eyni zamanda iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Odur ki, hazırki iddia tələbinə iddia müddəti tətbiq edilməklə rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: Masallı Rayon Təhsil Şöbəsinin 30 iyun 2016-cı il tarixli 48/2 nömrəli əmrinin surətindən görünür ki, həmin əmr əsasında Masallı şəhər 2 saylı tam orta məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini İddiaçı Əlixan oğluna, həmin məktəbin direktoru vəzifəsinin icrası 01 iyul 2016-cı il tarixdən tapşırılmışdır. İddiaçı İT-İ seriyalı ******* saylı əmək kitabçasının surətindəki qeydlərdən görünür ki, o, xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci i tarixədək Masallı şəhər 2 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. N.Nərimanov adına çəhər 2 nömrəli tam orta məktəbdən təqdim edilmiş xx.xx.2024cü il tarixli 62 saylı arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2017ci i tarixədək Masallı şəhər 2 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini işləməklə məktəbin direktoru vəzifəsini də icra etmişdir. Lənkəran – Astara Regional Təhsil İdarəsinin 3-29-35/2F-89-4/2024 saylı, 04 mart 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı həmin idarəyə ünvanladığı əmək haqqı tələbi ilə əlaqadar müraciətinə baxılmış təhsil müəssisəsi tərəfindən təsdiqedici sənədlər (əmr, işə davamiyyət cədvəlləri, elektron əmək müqaviləsi və s.) mühasibatlığa təqdim edilmədiyindən xərc əməliyyatları həyata keçirilməmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə sübut kimi təqdim edilmiş “əmək haqqı barədə məlumat” cədvəlindən görünür ki, 2016-2017-ci illər ərzində X1 əmək haqqı hər ay olmaqla ödənilmişdir. İş üzrə cavabdeh Lənkəran – Astara Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış ərizədə hazırki mülki iş üzrə iddia tələbi araşdırılarkən iddia müddətinin tətbiq edilməsi məhkəmədən xahiş edilmişdir. Lənkəran 1 saylı Mediasiya Təşkilatı tərəfindən tərtib edlmiş MŞM/MT036/2024- 00231 saylı, xx.xx.2023-cü i tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməsi barədə” Arayışdan görünür ki, İddiaçı “əmək haqqı tələbi”nə dair mübahisə ilə əlaqadar mediasiya təşkilatına ilkin olaraq xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Hazırki mülki işin araşdırılması zamanı işin faktiki hallarından müəyyən edildi ki, İddiaçı Masallı şəhər 2 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini işlədiyi dövrdə ona direktor vəfəsinin icrası tapşırılmış və o, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci i tarixədək həmin məktəbin direktoru vəzifəsini icra etmişdir. Həmin məktəbin direktor vəzifəsini icra etdiyi dövrdə ona həmin vəzifənin icrası ilə əlaqadar heç bir əlavə ödəniş edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsindən Çıxarış: Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri

1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Maddə 58. Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi

1. Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. Maddə 61. Başqa işçinin əmək funksiyasının icrası

1. Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir.

2. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir.

3. Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür.

4. Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilir. Maddə 154. Əmək haqqı

1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Maddə 162. Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi

1. Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.

2. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. Maddə 163. Əvəzçilik üzrə əmək haqqının ödənilməsi

1. Əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi mövcud əmək şəraiti nəzərə alınmaqla faktik yerinə yetirilən işə görə ödənilir.

2. Əvəzçilik üzrə işləyənlərin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələrin, artımların verilməsi əsas işçilər üçün müəyyən olunmuş qaydalara uyğun olaraq həyata keçirilir. Maddə 178. Əməyin ödənilməsinin təminatları

1. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.

Qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək Masallı şəhər 2 saylı tam orta məktəbin direktor vəzifəsi səlahiyyətlərini icra etdiyinə görə ona təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinin əmək haqqı arasındakı fərq əmək haqqı kimi ona ödənilməlidir. Lakin məhkəmə belə qənaətə gəlir ki, hazırki iddia tələbinə iddia müddəti tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmçinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarının nəticə hissəsinin 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxslərdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Qeyd edilən qanunvericilik normalarından görünür ki, işçi öz hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində əvvəlki dövr üçün əmək haqqı tələbi ilə məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 7-ci bəndinə əsasən, mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1 maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. İşin faktiki hallarından müəyyən edilir ki, İddiaçı İddiaçı “əmək haqqı tələbi”nə dair mübahisə ilə əlaqadar mediasiya təşkilatına xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Buna əsasən, o, xx.xx.2024-cü il tarixdə hüququnun pozulduğunu aşkar etməsi ilə əlaqadar 1 illik geriyə, yəni xx.xx.2023-cü il tarixədək olan dövr üçün əmək haqqı tələb edə bilərdi. İddiaçı isə hazırki iddia tələbi ilə xx.xx.2017-ci il tarixədək ona ödənilməli olan əmək haqqını tələb edir. İş materiallarında olan rayon təhsil şöbəsinin təqdim etdiyi əmək haqqının ödənilməsi ilə əlaqadar çıxarışdan da görünür ki, İddiaçı əmək haqqı hər ay ödənilmişdir. Bu baxımdan iddiaçı 2017-ci ilin dekabr ayına dair direktor vəzifəsini icra etməsi ilə əlaqadar ona əlavə əmək haqqının ödənilmədiyini və bu barədə hüququnun pozulduğunu 2018-ci ilin yanvar ayı ərzində bilmişdir. Yuxarıda qeyd edilənlərdən məhkəmə belə qənaətə gəlir ki, hazırki iddia tələbinə məhkəmə tərəfindən iddia müddəti tətbiq edilərək, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı cavabdeh Lənkəran – Astara Regional Təhsil İdarəsinə qarşı “əmək haqqı” barədə dair iddia tələbi təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar