Məhkəmə qərarları › İş №2(049)-1644/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1644/2024

13.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1644/2024 13.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı «cehiz əmlaklarının evdən çıxarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 məxsus olan stul, yataq dəsti, mətbəx mebeli-1 dəst, aliminium kastorka, tefal dəst, yuxayayan, padnos, kastorka çuqun, Çorəz qabı, çaydan, qaz piltəsi 4 göz, termos, çaynik, kastorka qızmızı, xəmir tası, mikser, maskura, kasa orta, tort nimçəsi, uşaq arabası, qarışıq nimçələr, plov nimçəsi, tabretka mətbəx, divan, kreslo, xalça, qarniz, pərdə tül, yataq otağı üçün pərdə, soyuducu, paltaryuyan, çılçıraq, uşaq çarpaysı, gecə lampası, aftafa-ləyən dəsti, döşək, taxt yorğanı, yorğan-3, adyal-3, balış – 10 ədəd, taxt döşəyi, nimdar, tozsoran, sandıq, çarpayı, çemodan, pakrıval dəsti, vaz, servis dəsti, mətbəx oturacağı, kabab nimçəsi, razetka, alminium qazan, çuqun qazan, çuqun tas, çuqun vedrə, dəmir qab, aşsüzən, çuqun qab adlı - cavabdehə məxsus cehiz əmlakının ona məxsus olan Lənkəran rayonu, Mamusta kəndində olan fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı iş üzrə cavabdeh olan Lənkəran rayonunun Mamusta kənd sakini X6 ilə nikaha daxil olmuşdur. Nikahları 02 iyun 2014-cü il tarixində Mamusta kənd ərazi nümayəndəliyində 08 saylı nikah qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2014-cü ildə X9 və xx.xx.2017-ci ildə X7 dünyaya gəlmişlər. Uşaqlar sağ-salamat olmaqla Lənkəran rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında cavabdehin himayəsində yaşayırlar. Məhkəmənin 2(049)-456/2024 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqların saxlanması üçün hər ay sabit pul məbləğində hər uşağa görə 200 manat olmaqla cəmi 400 manat məbləğində aliment ödəyir. Cavabdeh X1 olan fərdi yaşayış evinə gəlin gələrkən özü ilə gəlinlik cehiz əmlakı gətirmişdir. Cavabdeh ilə aralarında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. O, öz valideynlərinə məxsus evdə onlarla birgə yaşayır. Hazırda onun gəlin gələrkən gətirdiyi cehiz əmlakı onun evində yerləşir. Cavabdehə öz əmlakını onun evindən götürülməsini dəfələrlə təklif etsələr də o, əmlakını götürmək istəmir. Cavabdehin əmlakı evlərində artıq yer tutur. Məhz bu səbəbdən də o, cavabdehin əmlakının onların evindən çıxarılması ilə bağlı məkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna görə də o, hal-hazırki iddia ilə məhkəməyə müraciət edir. İş üzrə cavabdeh X6 tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək həmin etirazda qeyd edilmişdir ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı "cehiz əmlakının ona məxsus olan evdən çıxarılması tələbi” haqqında iddia tələbini qəbul etmir. Belə ki, birincisi, İddiaçı 08 aprel 2024-cü il tarixdə, ondan əvvəl və hazırda da Rusiya Federasiyasında yaşayır. Belə olan halda İddiaçı Rusiya Federasiyasında ola-ola Azərbaycanda məhkəməyə verilən iddia ərizəsinə hansı formada imza edibdir. Çünki, İddiaçı həm xalası oğludur, həm də qonşusudur. Bütün bunlardan məlumatı vardır. Xahiş edir ki, bu hal məhkəmə tərəfindən xüsusi araşdırılmalıdır. İkincisi, İddiaçı mənə məxsus 8830 manat dəyərində 63 adda cehiz əmlaklarının ona məxsus Lənkəran rayonu, Mamusta kəndində yerlşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir, lakin həmin fərdi yaşayış evinin ona məxsus olmasını təsdiq edən hər hansı bir sübut iddia ərizəsinə əlavə etməmişdir. Beləliklə də, hazırki halda İddiaçı qeyd olunan fərdi yaşayış evinə mülkiyyət hüququ olmadığı halda ona məxsus əmlakların həmin fərdi yaşayış evindən çıxarılmasını tələb etmək kimi subyektiv hüququ olmadığı halda ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, ona qarşı irəli sürülmüş iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi Nümayəndə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinin baxılmamış saxlanılaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə vaxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin baxılmamış saxlanılmasına etirazını bildirərək, işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, İddiaçı cavabdeh X5 məxsus olan əşyaların ona məxsus olan Lənkəran rayonu, Mamusta kəndində olan fərdi yaşayış evindən çıxarılması barədə məhkəməyə iddia tələbi ilə müraciət etsə də qeyd etdiyi evin onun xüsusi mülkiyyətində olmasına dair məhkəməyə heç bir hüquqi sənəd təqdim etməmişdir. Odur ki, iddia subyektiv hüququ olmayan şəxs tərəfindən verildiyindən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Hazırki mülki iş üzrə iddiaçının iddia ərizəsinin qaytarılmasına dair müraciətinə baxmayaraq cavabdehin nümayəndəsi işin mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə işə mahiyyəti üzrə baxılmasını davam etdirmişdir. İş materiallarına əlavə edilmiş məhkəmənin sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məkubda qeyd edilmişdir ki, mərhum X3 (iddiaçının atası) adına olmuş Lənkəran rayonu, Mamusta kəndində yerləşən 0,11 ha torpaq sahəsi üzərində yaşayış sahəsinin dövlət qeydiyyatı aparılmamışdır. Qeyd edilən məktuba əlavə edilmiş **********29 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Lənkəran rayonu, Mamusta kəndində yerləşən ümumi sahəsi 0,11 ha torpaq sahəsi Nümayəndə (iddiaçının anası) xüsusi mülkiyyətindədir. Torpaq sahəsinin üzərində fərdi yaşayış evi qeydə alınmamışdır. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.1, 152.5). Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Belə ki, işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh X5 məxsus olan əşyaların ona məxsus olan Lənkəran rayonu, Mamusta kəndində olan fərdi yaşayış evindən çıxarılması barədə məhkəməyə iddia tələbi ilə müraciət etsə də qeyd etdiyi evin onun xüsusi mülkiyyətində olmasına dair məhkəməyə heç bir hüquqi sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 54.1 maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində qeyd edilən əmlakların çıxarılmasını tələb etdiyi evə dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X5 qarşı «cehiz əmlaklarının evdən çıxarılması»na dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar