Məhkəmə qərarları › İş №2(049)-1704/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1704/2024

11.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1704/2024 11.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 yanvar 2013-cü il tarixdə anadan olmuş X3 adlı bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 19 avqust 2011-ci il tarixdə nikahlarını Lənkəran rayonu Sütəmurdov kəndi ərazi nümayəndəliyində 14 sayla rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından onların 30 yanvar 2013-cü il tarixdə X3 adlı bir uşağı anadan olmuşdur. Uşaq sağ-salamat olmaqla onun himayəsində yaşayır. Yaşadıqları müddət ərzində cavabdeh onu yola verməmiş və nəhayət onunla yaşamağın mümkün olmadığını görüb 2022-ci ilin sentyabr ayında evi tərk etmək məcburiyyətində qalmış, ata evinə qayıtmış və hazırda da ata evində Lənkəran rayonu, Sütəmurdov kəndində yaşayır. Sonradan Cavabdeh onunla aralarında olan nikahın pozulmasına dair iddia qaldırmış və Lerik Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2(048)- 758/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək aralarındakı nikah pozulmuş və 30 yanvar 2013-cü il tarixdə anadan olmuş X3 adlı bir uşağın onun yanında saxlanılması qət edilmişdir. Eləcə də Cavabdeh iddiasına əsasən ona uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilmişdir. Bununla belə ayrıldıqdan sonra o, bir dəfə də olsun nə onunla, nə də ki uşaqla maraqlanmamış, bir dəfə olsun yardım etməmişdir. O, özü də heç bir yerdə işləmir. Valideynlərinin köməkliyi ilə yaşayırlar. Uşaq azyaşlı olmaqla indiki vəziyyətdə onun saxlanılması üçün maddi cəhətdən çətinlik çəkir. Belə ki, onun tələbatları kifayət qədərdir. Belə ki, oğlu Yusif məktəbli olmaqla onun üçün yaxşı təhsil alsın deyə əlavə müəllimlər tutmuşdur. Eləcə də uşağın geyimləri, dərsliklər və digər xərclər də kifayət qədərdir. Odur ki, cavabdehdən bir uşağın saxlanması üçün sabit pul məbləğində alimentin alınıb ona verilməsi üçün məhkəməyə müraciət etmişdir. Ona bu vaxta kimi valideynləri yardım etmişdir. Cavabdeh könüllü olaraq öz övladının normal saxlanması üçün ona heç bir köməklik göstərmir. O, keçən müddət ərzində uşaqla bağlı bütün qayğılardan uzaq olmuşdur. Uşaqın müalicə xərcləri, yaşayış sahəsi ilə bağlı problemləri isə qeyd etdiyi kimi kifayət qədərdir. Əgər cavabdeh uşaqla bağlı bütün bu qayğılardan uzaqdırsa, hec olmasa uşağın maddi təminatı ilə əlaqədar özünü kənara çəkməməli, alimentin ödənilməsi üzrə üzərinə düşən vəzifəni layiqincə verinə yetirməlidir. Onu da qeyd etmək istəyir ki, bildiyinə görə Cavabdeh Lerik rayonu Mistan kənd məktəbində mühafizəçi işləməklə böyük təsərrüfatı da vardır, mal-qara da saxlamaqla normal qazancı vardır. Ona görə də hesab edir ki, alimentin hər ay 300 manat məbləğində müəyyən olunması üzrə tələbi əsaslı hesab olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, aliment məbləğinin aldığı əmək haqqının dörddə bir hissəsi miqdarında müəyyən edilməsi barədə vəsatət verdiyini, lakin "xxxx" MMC-nin X4 Lerik şöbəsində elektrik montyoru vəzifəsində çalışdığını və hər ay aldığı 345 manat pulun dörddə bir hissəsinin uşağın saxlanması üçün yetərli olmayacağını qəbul etdiyi üçün aliment məbləğinin hər ay 120 manat miqdarında müəyyən edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş: Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2013-cü il tarixdə Lerik rayonu, Mistan kəndində doğulmuşdur. Onun atası Cavabdeh, anası isə İddiaçı kimi qeyd edilmişdir. Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-758/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Lənkəran rayon Sütəmurdov kənd ərazi icra nümayəndəliyində 14 sayla qeydə alınmış xx.xx.2011-ci il tarixli nikah akt qeydi pozulmuş, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X1 İddiaçı himayəsində saxlanılmışdır. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması Lerik Rayon Qeydiyyat Şöbəsində xx.xx.2023-cü il tarixdə 07 nömrə ilə qeyd edilmişdir. 01 aprel 2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 02 aprel 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 55 manat mediasiya xərci ödəmişdir. Lerik RİHB-nin Mistan KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh rayonun Mistan kəndində qeydiyyatdadır və halhazırda təsərrüfatında ona aid heç nə yoxdur. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC X4 Lerik şöbəsində elektrik montyoru vəzifəsində çalışır və hər ay aldığı əmək haqqı 345 manat təşkil edir. Belə ki, iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı Lənkəran rayon Sütəmurdov kənd ərazi icra nümayəndəliyində 14 sayla qeydə alınmış xx.xx.2011-ci il tarixli akt qeydi ilə nikahlarını rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X3 adlı uşağı doğulmuşdur. Tərəflərin arasındakı nikah Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)- 758/2023 saylı qətnaməsi ilə pozulmuş, uşağın ananın yanında qalması müəyyən edilmişdir. Hazırda uşaq sağ və salamat olmaqla iddiaçının himayəsində yaşayır. İddiaçı Gülnaz Mirzəliyeva həmin uşağın saxlanmasından ötrü Cavabdeh hər ay 250 manat sabit pul məbləğində aliment tələb edir. Cavabdeh isə aldığı aylıq əmək haqqının 345 manat təşkil etməsini əsas gətirərək iddia tələbini qismən-hər ay 120 manat məbləğində tutulmasını xahiş edir. Məhkəmə iş üzrə iddiaçı və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. BMT-nin Baş Məclisinin 20 noyabr 1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş «Uşaq Hüquqları Bəyannaməsi»nin 6-cı prinsipində göstərilir ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır, o, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi maddi təminat mühitində böyüməlidir; azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddələrində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Bu baxımdan Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşağın saxlanması üçün zəruri olan xərcləri tərəflər bərabər olaraq ödəməlidirlər. İddiaçının hər ay uşağa görə 250 manat sabit pul məbləğində alimentin tutulması tələbini müzakirə edərkən məhkəmə yuxarıda sadalanmış normaların müddəalarına əsasən hesab edir ki, iddiaçı cavabdehin maddi və ailə vəziyyəti, həmçinin diqqətəlayiq olan digər halların mövcudluğunu təsdiqləyən hər hansı sübut təqdim etmədiyindən, cavabdehin isə uşağa görə ondan hər ay 120 manat aliment tutulmasını xahiş etməsi, hazırki dövr üçün xx.xx.2013-cü il təvəllüdlü X3 adlı uşağın saxlanması xərcləri ilə uzlaşmadığından, bu tələb qismən təmin olunmalı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün cavabdehdən tərəflərin birgə nikahından doğulmuş Yusif adlı uşağın saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. BMT Baş Məclisinin 1989-cu il 20 noyabr tarixli 44/25 nömrəli qərarı ilə təsdiq edilmiş, 1990-ci il 2 sentyabr tarixindən qüvvəyə minmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, işləmək və hər ay cəmi 200 manat məbləğində aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixində müraciət etdiyi üçün cavabdehdən aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr nəzərə alsınlar ki, aliment tutulması və alimentin miqdarının artırılması tələbinə dair iddialar iddiaçının seçməsinə görə onun yaşadığı yerə görə də verilə bilər (MPM-in 36.3-cü maddəsi). Aliment ödəyən şəxs tərəfindən alimentin miqdarının azaldılması barədə iddia isə MPM-in 35.1-ci maddəsinin tələbinə müvafiq olaraq yalnız cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi); Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay cavabdehdən 180 manat məbləğində alimentin tutulması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 2160 manat təşkil edir. Göründüyü kimi, aliment tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə münasib olaraq da 1000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş dövlət rüsumunun məbləği 41,60 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni 41,60 manat (40+1,60) təşkil edir. Sadalanmış normalara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddianın qiymətinə mütənasib olaraq 41,60 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixindən başlayaraq Cavabdeh hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. İddianın verilməsinə görə ödənilməli dövlət rüsumunun məbləği 41,60 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar