Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-177/2025 13.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X4 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay, hər uşaq üçün 235 manat olmaqla, 470 manat sabit pul məbləğində alimentin tutulub xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin həsmini azaldaraq cavabdehdən hər uşaq üçün ayda 100 manat olmaqla, cəmi 200 manat alimentin alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdehlə 17 oktyabr 2019-cu ildə nigaha daxil olmuş və nigahları Quba “Asan xidmət” mərkəzində, Qeydiyyat şöbəsində 981 №-li aktla rəsmiləşdirilmişdir. Birgə nigahlarından xx.xx.2020-ci ildə X2, xx.xx.2021-ci ildə isə, X6 doğulmuşlar. Uşaqlar sağ-salamat olmaqla, hazırda onun yanında yaşayırlar. Ailə həyatı qurduqdan sonra cavabdehin evinə gəlin getmiş, orada bir həftə sakit və rahat yaşamışdır. Artıq 2 ildir ki, Lənkəranda, valideyninin yanında 2 uşağı ilə birlikdə yaşayır. Cavabdeh isə uşaqları ilə heç maraqlanmır. İki il ərzində uşaqlara cəmi 150 manat yardım etmişdir. Bundan başqa ondan heç bir köməklik görməmişdir. Hazırda nə cavabdeh, nə də onun valideynləri uşaqlarla maraqlanmır, uşaqlara və ona heç bir maddi köməklik göstərmirlər. İndiki şəraitdə iki uşaq saxlamaq və böyütmək çox çətindir. Ərzaq, geyim, dərman preparatlarının qiymətləri çox bahadır. Özü tək qadın olaraq bütün bunların öhdəsindən gələ bilmir. Bir uşağın aylıq minimum xərci 200-220 manat təşkil edir. Çox çətin durumda qalmışdır. Cavabdeh fərdi əməklə məşğul olur. Aylıq qazancı ***-**** manatdır. Valideynlərinin də hər biri 400 manata qədər pensiya alırlar. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edib bildirmişdir ki, uşaqlarını saxlmaq üçün cəmi 100-150 manat aliment verə bilər. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Lənkərab Qeydiyyat şöbəsinin arayışından görünür ki, tərəflər arasında nikah 17 oktyabr 2019-cu il tarixdə, Quba “Asan xidmət” mərkəzində, Qeydiyyat şöbəsində 981 №-li aktla rəsmiləşdirilmişdir. Doğum haqqında şəhadətnamlərin surətlərindən görünür ki, tərəflər xx.xx.2020-ci il təvəllüdlü Cavabdeh və xx.xx.2021-ci il təvəllüdlü X3 valideynləridirlər. Qəbzdən görünür ki, iddiaçı 60 manat mediasiya xərcini ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında alimentin ödənilməsi ilə əlaqədar hər hansı saziş bağlanmamışdır. Hazırki vəziyyətdə cavabdehin daimi iş yeri barədə məlumat yoxdur. İddiaçının hər hansı bir gəliri yoxdur. Tərəfələrin birgə nikahlarından anadan olmuş uşaqlar hazırda iddiaçının himayəsində olduğundan onlara qulluq, onların sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni hazırki iş üzrə cavabdehdən tutulmasına əsas verir. Cavabdehin daimi iş yerinin olmaması, onun maddi vəziyyətinin hansı səviyyədə olması onu iddiaçı ilə birgə münasibətlərindən anadan olmuş uşaqları saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin, uşaqların maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni iddiaçı ilə yanaşı həm də cavabdehin vəzifəsidir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, onların uşaqlarının mənafeylərini, onların əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanması imkanlarını, Azərbaycan Respublikasında 2025-ci il üzrə minimum əmək haqqının 400 manat olduğunu, habelə uşaqların maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə almaqla xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlin yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü Cavabdeh və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli, iki uşaq üçün isə ümumilikdə 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi üçün ödənilmiş 60 manat mediasiya xərci cavabdehə aid edilərək onda tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikasının «X5» Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddia ərizələrə görə dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında 2025-ci il üzrə minimum əmək haqqı 400 manat olduğundan, həmin minimumun hazırda 0,5 misli 200 manat təşkil edir. Alimentin alınması haqqında iddianın bir il ərzində ödəmənin cəmi 2400 manat təşkil eləyir (200 manat x 12 aya =2400). Buna görə də cavabdehdən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni (2400 - 1000= 1400) 1400 manat məbləğin 1%-i olan 14 manat, cəmi (30+14=34) 44 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü Cavabdeh və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli, iki uşaq üçün ümumilikdə 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. İddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi üçün ödənilmiş 60 manat mediasiya xərci cavabdehə aid edilərək onda tutulub İddiaçı verilsin. Ödənilməli dövlət rüsumunun məbləği – 44 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №2(049)-177/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-177/2025
13.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver