Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1804/2025 12.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X12 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5 və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair iddiasına Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı alimetin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-120/2022 saylı qətnaməsi ilə sabit pul məbləğində təyin olunmuş cəmi 360 manat alimentin məbləğini azaldaraq hər ay üçün 240-250 manat miqdarında tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-120/2022 saylı qətnaməsi ilə onunla cavabdeh arasında bağlanmış nigah pozulmuş və hər uşağa görə 120 manat olmaqla, 3 uşağa görə hər ay 360 manat alimentin ödənilməsi qət edilmişdir. Həmin məhkəmə prosessində aliment məsələsinə münasibətdə bildirmişdir ki, günəmuzd, iş olduqda fəhlə işləyir, fiziki qüsurlu 3-cü qrup əlildir. Ağır fiziki iş görə və cavabdehin tələb etdiyi məbləğdə aliment ödəyə bilmir. Gündə 10 manat güclə qazanır. Özü anadangəlmə ağır dərəcəli debillik, şəxsiyyətin psixopatizasiyası diaqnozu ilə yaşayır. Buna görə də onda tez-tez qıcolma, huşunu itirmə, ürəkgetmə halları baş verir. Çox vaxt özünü idarə edə bilmir, etdiyi hərəkətlər ondan asılı olmur və insanları tanımır. Güclü yaddaş pozuntusu vardır. Ona görə də onu çox vaxt günəmuzd işlərə də aparmırlar. Hazırda uşaqlara ödədiyi alimenti, o, valideyni və qardaşının maddi köməkliyi sayəsində ödəyir. Bu da ona və ailələrinə çox ağır gəlir. Çünki ailəni də dolandırmaq lazımdır. 3-cü qrup əlil kimi 150 manat pensiya verir. Xəstəliyi işləməyinə və əmək haqqı qazanmağına mane olur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edib əlavə olaraq göstərmişdir ki, aliment qət edildiyi zaman da oğlu olan iddiaçı xəstə olmuş, hazırda da xəstədir. Həmin vaxtdan iddiaçının ailə vəziyyətində dəyişiklik baş verməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verməmiş, onda da oğlu rəsmi olaraq heç yerdə işləməmiş, hazırda da işləmir. Hazırda oğlu xəstə olduğuna görə müalicə olunmaq məqsədilə Rusiya Federasiyasına getmişdir. Cavabdeh iddiaya qarşı etiraz verib, məhkəmə iclasında iddianı qəbul etməyib göstərmişdir ki, iddiaçıdan xeyrinə aliment qət edildiyi vaxtdan sonra onun ailə və maddi vəziyyətlərində dəyişiklik baş verməsə də, cavabdehin maddi vəziyyətində dəyişiklik baş vermiş, sonuncu pul qazanmaq məqsədilə Rusiya Federasiyasına getmişdir. Buna cavab olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, tərəflər tez-tez dalaşdıqlarından, iddiaçını Rusiyaya göndərmişdir ki, dalaşmasınlar. TƏDQİQ OLUNMUŞ SÜBUTLAR : Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-120/2022 saylı qətnaməsinin surətindən görünür ki, 10 yanvar 2022-ci il tarixdən başlayaraq İddiaçı xx.xx.2013-cü tarixdə anadan olmuş X1, xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü hər ay bir uşaq üçün 120 manat olmaqla, üç uşaq üçün cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. ƏƏSMN-nin Mərkəzləşdirlimiş elektron informasiya sitemi, əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair arayışından görünür ki, İddiaçı ağır dərəcəli debillik şəxsiyyətin psixipatizasiyası diaqnozu ilə xəstə olmaqla müddətsiz 3-cü dərəcə əlildir. Əlillik xx.xx.2010-cu il tarixdə təyin edilmişdir. ƏƏSMN-nin Mərkəzləşdirlimiş elektron informasiya sitemi, sosial müavinət və təqaüd haqqında arayışından görünür ki, İddiaçı 3-cü dərəcə əlilliyə görə xx.xx.2010-cu il tarixdən başlayaraq 150 manat məbləğində müavinat alır. Lənkəran rayonu Rvo Bələdiyyəsinin arayışından görünür ki, İddiaçı heç yerdə işləmir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarının 1-ci bəndində qeyd etmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 2-ci bəndində isə qeyd edilmişdir ki, ...Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hazırda uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi alimentin müəyyən olunmuş miqdarını dəyişdirilməsi üçün qanunvericilik iki şərtin mövcud olmasını zəruri hesab edir. Bulardan birinci şərt tərəflərdən birinin ailə vəziyyətində dəyişiklik, ikinci şərt isə - maddi vəziyyətində dəyişiklik olmasıdır. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Lənkəran Rayon Məhkəməsi hazırki iş üzrə iddiaçının gəlirlərinin olmaması qənaətindən çıxış edərək özünün xx.xx.2022-ci il tarixli qətnaməsi ilə alimenti sabit pul məbləğində qət etmişdir. Aliment qət edildiyi zamanda, indi də 3-qrup əlil 150 manat pensiya alır. Onda da rəsmi olaraq heç bir yerdə işləməmiş, hazırda da rəsmi olaraq heç bir yerdə işləmir. Onda da günəmuzd işlədiyini bildirmiş, indi də günəmuzd işlədiyini göstərmişdir. Həmin məhkəmə prosessində aliment məsələsinə münasibətdə bildirmişdir ki, günəmuzd, iş olduqda fəhlə işləyir, fiziki qüsurlu 3-cü qrup əlildir. Yəni, aliment qət edildikdən sonra, iddiaçının maddi vəziyyəti pisləşməmiş, ailə vəziyyətində dəyişiklik baş verməmişdir. Onu çox vaxt günəmuzd işlərə də aparmamalarını, özündə tez-tez qıcolma, huşunu itirmə, ürəkgetmə hallarının baş verdiyini, çox vaxt özünü idarə edə bilməməsini və s. göstərsə də, bunları, eləcə də aliment qət edildiyi müddətlə ondan sonrakı müddətdə özünün maddi vəziyyətində hər hansı bir dəyişiklikliyin baş verdiyinə dair sübutunu məhkəməyə təqdim etməmişdir. Yəni hazırda 150 manat pensiya aldığını göstərsə də, aliment qət edildiyi zaman onun gəlirlərinin 150 manatdan yuxarı olduğuna dair sübutunu iddia ərizəsinə əlavə, nümayəndəsi də məhkəməyə təqdim etməmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyən olunduqdan sonra iddiaçının maddi və ailə vəziyyətində dəyişikliklərin olması sübuta yetrilmədiyindən İddiaçı alimentin miqdarının azaldılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq , məhkəmə qətetdi: İddia təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №2(049)-1804/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1804/2025
12.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver