Məhkəmə qərarları › İş №2(049)-1833/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1833/2024

02.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1833/2024 02.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X5, iddiaçı: İddiaçı, iştirakı ilə İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2017-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay 300 manat olmaqla sabit pul məbləğində alimenti və ilkin mediasiya sessiyası zamanı ödədiyi 60 manat mediasiya xərcinin cavabdehdən tutulub iddiaçı xeyrinə ödənilməsi ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1993-cü il tarixdə Lənkəran rayonu, Daşdatük kəndində doğulmuşdur. İş üzrə Cavabdeh ilə 2014-cü il tarixdə nikaha münasibətinə daxil olaraq evlənmişlər. Onların birgə nikahdan xx.xx.2017-cı il tarixdə Hikmət adlı uşağı doğulmuşdur. İddiaçı cavabdehlə ailə qurandan sonra cavabdehin yaşadığı Lənkəran rayonu, Boladi kəndinədə yerləşən valideyinlərinin evinə gəlin köçmüşdür. Cavabdehlə ailə qurandan sonra bir müddət mehriban yaşasa da, lakin sonradan cavabdehin təqsiri ucbatından münasibətləri pozulmuşdur. Cavabdehlə yaşamaq qeyri-mümkün olduğundan cavabdehdən ayrılıb azyaşlı uşağı ilə birlikdə valideynlərinin evinə gəlmişdir. Azyaşlı uşağı ilə birlikdə valideynlərinin himayəsində bir müddətdir ki, yaşayır. Gələcəkdə də cavabdehlə barışıb bir ailə kimi yaşamaq fikri yoxdur. Ayrıldığı vaxtdan bəri cavabdeh bir ata kimi uşağı ilə maraqlanmamış və ona heç bir maddi köməklik göstərməmişdir. İddiaçı özü tək uşağın saxlanmasında maddi cəhətdən olduqca çətinlik çəkir. Valideyinlərinin ona dəstək olurlar, uşağına onlar baxırlar. Bəzi vaxtı onlar da mənə köməklik göstərə bilmirlər, anası yataq xəstəsidir. Valideyinlərinin yaşadıqları ev darısqal olduğundan o, məcburiyyət qarşısında qalıb onlarla birlikdə Lənkəran rayonu, Daşdatük kəndidə yaşayır. Lakin uşağın saxlanması üçün ona maddi köməklik göstərmir. Məhz bu səbəbdən də uşağın saxlanması üçün cavabdehdən sabit pul məbləğində alimentin alınıb ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, cavabdehin uşağı ilə maraqlanmadığını, yeddi ilə yaxın müddətdir ki, uşağını görmədiyini bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyat yeri olan Lənkəran rayon Boladi kəndindəki ünvanına iddia ərizəsinin surəti, məhkəmə bildirişi və iddiaya əlavə edilmiş sənədlərin surəti göndərilmiş, lakin cavabdeh həmin ünvanda olmadığından bildiriş və əlavə edilmiş sənədlər məhkəməyə geri qaytarılmış, məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 147-ci maddəsinə əsasən bildiriş və əlavə edilmiş sənədləri cavabdehin sonuncu yaşayış yeri üzrə icra nümayəndəliyinə göndərmiş və Lənkəran rayon Boladi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin bildirişi məhkəməyə daxil olmuşdur. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehi rəsmi qaydada məlumatlandırılmış hesab edərək işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş AZ-İll 894285 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 14 yanvar 2017-ci il tarixdə X2 doğulmuş, anası İddiaçı, atası Cavabdehdur. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 07 yanvar 2016-cı il tarixli, 2 (049)-240/2016 saylı qətnaməsinin surətindən görünür ki, 09 dekabr 2015-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay uşağa görə 90 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran Rayon Qeydiyyat Şöbəsinin nikahın pozulması haqında 280269 nömrəli şəhadətnamədən görünur ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah 18 aprel 2018-ci il tarixdə 82 nömrəli qeydə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra kişiyə Orazjanzadə, qadına Suvarova soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya xərci kimi 60 manat ödəmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddələrində göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2024-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, cavabdehin maddi və əmlak vəziyyətini, uşağın atası olaraq alimenti ödəmək vəzifəsi olmasını, eləcə də xüsusilə uşağa qarşı münasibətini nəzərə alaraq alimentin hər ay 140 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar hesab edir ki, himayəsində azyaşlı uşağı olan iddiaçı 03 may 2024-cü il tarixdə aliment tələbi ilə məhkəməyə ərizə ilə müraciət etdiyindən alimentin tutulmasının başlanğıcı həmin tarixdən vaxtdan hesablanmalıdır. MPM-nin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Buna görə də qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı hazırki tələb üzrə məhkəməyə müraciət etmək üçün dövlət rüsumunu ödəməkdən azad olan şəxs statusunda olsa da, mediasiya prosesi ilə bağlı 60 manat ödəmiş, cavabdeh isə mediasiya prosesində, ümumiyyətlə iştirak etməmişdir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 60 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki iş üzrə məhkəmə tərəfindən təyin edilmiş cəmi 140 manat alimentin miqdarı nəzərə alınmaqla, bir il ərzində ödəmənin məcmusu 1680 manat müəyyən edilir. Qüvvədə olan qanunverdiciliyə əsasən həmin məbləğə görə cəmi 36.80 manat dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki iş üzrə cavabdeh dövlət rüsumunu ödəməkdən azad olan şəxs statusunda olmasa da, iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 60 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödəniləcəyi nəzərə alaraq məhkəmə qərara gəlir ki, aliment alınması ilə bağlı cavabdehdən əlavə olaraq hər hansı miqdarda dövlət rüsumu tutulmamalıdır. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 14 yanvar 2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 03 may 2024-cü il tarixdən hesablansın. İlkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddian qalan hissəsi rədd edilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar