Məhkəmə qərarları › İş №2(049)-1963/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1963/2023

14.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1963/2023 14.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında 14 iyun 2023-cü il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı, iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə aralarındakı nikah xx.xx.2019-cu ildə pozulmuşdur. Cavabdehlə ayrıldıqdan sonra iki övladı ilə valideynlərinin evində yaşayır. xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 bütün qayğı yükü onun üzərindədir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Cavabdeh valideyn olaraq övladlarına heç bir maddi və mənəvi dəstək göstərmir. Üşaqlar azyaşlıdırlar və onların tələbatlarını ödəməyə çalışır, anası çox vaxt ona maddi dəstək göstərib, çətin vaxtlarında yanında olub. Cavabdehin bir valideyn olaraq məsuliyyətdən yayınmasını istəmir. Ona görə məhkəmə qaydasında iki uşağa görə alimentin tutulmasını məqsədə müvafiq hesab edir. Sadalanları nəzərə alaraq Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X2 və X1 üçün hər ay, hər birinə 220 manat olmaqla, cəmi 440 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsini ilə bağlı qətnamə qəbul edilməsini xahiş etdi. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə faks vasitəsilə CÇM-dən ərizə göndərərək göstərmişdir ki, alimenti ödəməyə maddi imakı yoxdur, azadlığa çıxdıqdan sonra uşaqları ona göstərdiyi anda alimenti ödəyəcəkdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında başlanmış nikahın pozulması akt qeydiyyat kitabında xx.xx.2019-cu il tarixdə, 199 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətləerindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X9 anadan olmuşdur. İş materiallarında olan arayışdan görünür ki, xx.xx.2014-cüi il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 iddiaçının himayəsindədirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Bu baxımdan Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşağın saxlanması üçün zəruri olan xərcləri tərəflər bərabər olaraq ödəməlidirlər. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır; Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi); İddia tələbindən göründüyü kimi iddiaçı bir uşağın saxlanması üçün 220 manat olmaqla, iki uşağa görə ümumilikdə 440 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçının aliment məbləğinin uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumu səviyyəsinə təyin olunması tələbinə dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ölkə üzrə təsdiq olunmuş “yaşayış minimumu”nun aliment münasibətlərində tətbiq edilməsi hüquqi məntiqə ziddir və ailə qanunvericiliyi və onun əsaslarını (mənbəyini) təşkil edən Ailə Məcəlləsinin 1.1-ci maddəsinin tələblərinin pozulmasına səbəb olar. Belə ki, həmin maddəyə əsasən Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. “Yaşayış minimumu haqqında” Qanun isə göründüyü kimi Ailə Məcəlləsinə uyğun olaraq qəbul edilməmiş, predmeti isə tam başqa münasibətlərdir. Ailə Məcəlləsinin təhlilindən aydın olur ki, uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı valideynlərin (tərəflərin) ailə, maddi vəziyyəti və diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla qazancın və (və ya) başqa gəlirlərinin uşaqların sayından asılı edilən pay nisbətilə tənzimlənmişdir. Bu Məcəllənin normalarında isə alimentin miqdarının yaşayış minimumu ilə əlaqədar təyin olunmasını əks etdirən hər hansı qayda müəyyən edilməmişdir. İddiaçının hər ay bir uşağa görə 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması tələbini müzakirə edərkən məhkəmə yuxarıda sadalanmış normaların müddəalarına əsasən hesab edir ki, iddiaçı cavabdehin maddi və ailə vəziyyəti, həmçinin diqqətəlayiq olan digər halların mövcudluğunu təsdiqləyən hər hansı sübut təqdim etmədiyindən, bu tələb qismən təmin olunmalı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün cavabdehdən tərəflərin faktiki nikahlarından doğulmuş uşaqların saxlanılmaları üçün hər ay bir uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. BMT Baş Məclisinin 1989-cu il 20 noyabr tarixli 44/25 nömrəli qərarı ilə təsdiq edilmiş, 1990-ci il 2 sentyabr tarixindən qüvvəyə minmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, işləmək və hər ay cəmi 300 manat məbləğində aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə birgə nikahlarından xx.xx.2014-cüi il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Onlar arasındakı nikah pozulmuş və uşaqlar analarının yanında qalmışdır. İddiaçı uşaqların maddi tələbatlarının ödənilməsində və saxlanmasında çətinlik çəkir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq, xx.xx.2014-cüi il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay, hər uşaq üçün 150 manat olmaqla, iki uşağa görə hər ay 300 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının «X6» Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddia ərizələrə görə dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə qeyd edir ki, hazırda uşaqların saxlanması üçün ayda 300 manat miqdarında alimentin tutulması nəzərə alınmışdır Alimentin alınması haqqında iddianın bir il ərzində ödəmənin cəmi 3600 manat təşkil eləyir (300 manat x 12 aya = 3600). Buna görə də cavabdehdən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni (3600- 1000=2600) 2600 manat məbləğin 1%-i olan 26 manat, cəmi (30+26=56) 56 manat dövlət rtüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir» Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilsin. xx.xx.2014-cüi il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay, hər uşaq üçün 150 manat olmaqla, iki uşağa görə hər ay 300 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Cavabdedhdən 56 manat dövlər rüsumu tutularaq Dövlət hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar