Məhkəmə qərarları › İş №2(049)-2011/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2011/2024

16.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2011/2024 16.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı3, iddiaçıların nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı şərəf və ləyaqətin müdafiəsi, mənəvi ziyan tələbi barədə iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh barələrində yuxarı təşkilatlara ünvanladığı işgüzar nüfuzlarının ləkələnməsi ilə bağlı etdiyi müraciətlərində qeyd etdiklərinin təkzib edilərək onlardan üzr istəməsi və cavabdehdən işgüzar nüfuzlarını ləkələyən həmin məlumatların yayılması ilə bağlı onlara vurulmuş mənəvi ziyana görə 10.000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq onlara ödənilməsinə dair qətnamə qəbul qəbul olunmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh barələrində yuxarı təşkilatlara ünvanladığı işgüzar nüfuzlarının ləkələnməsi ilə bağlı etdiyi müraciətlərində qeyd etdiklərinin təkzib edilərək onlardan üzr istəməsi və cavabdehdən işgüzar nüfuzlarını ləkələyən həmin məlumatların yayılması ilə bağlı onlara vurulmuş mənəvi ziyana görə hər iddiaçıya 5.000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində və vəkilə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq onlara ödənilməsinə dair qətnamə qəbul qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hüseynov X1 ŞRPŞ-nin DYPB-nin rəisi vəzifəsində, Əliyev X5 ŞRPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində və Qocayev X15 ŞRPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru vəzifəsində işləyirlər. İş üzrə cavabdeh olan Lənkəran rayonu, Girdəni kənd sakini olan Cavabdeh əvvəllər tanımamışlar və onunla hər hansı bir münasibətləri də olmamışdır. Cavabdeh 2023-cü ilin əvvəllərindən başlayaraq yuxarı hüquq mühafizə orqanlarına telefon zəngləri edərək onlardan böhtan və yalan dolu məlumatlar vermişdir. Belə ki, Cavabdeh onun, yəni Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru İddiaçı3 barəsində DİN-nin 102 xidmətinə zəng edərək onun Elsevər adında hansısa əməkdaşa pul verməyi barədə şikayət etmişdir. Bundan sonra Cavabdeh polis şöbəsinə dəvət edilmiş, bu barədə ondan soruşulduqda əsəbi olduğu üçün bu barədə zəng etdiyini, hal-hazırda heç bir şikayət tələbinin olmadığını və aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir. O, bu barədə Lənkəran ŞRPŞ-nin rəisinin adına xx.xx.2023-cü il tarixdə ərizə də yazmışdır. Bundan sonra Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 00.59-da onun, yəni Lənkəran ŞRPŞ-nin DYPB-nin rəisi İddiaçı1 barəsində həm DİN-nin 102 xidmətinə zəng edərək DYPB-nin rəisi ilə problem olması səbəbindən sərnişin olduğu taksinin saxlanılması və özünün də Lənkəran ŞRPŞ-nə aparılmasından narazı olduğunu və həm də xx.xx.2024-cü il tarixdə msaat 09:49-da Azərbaycan Respublikası Baş X2 müraciət edərək Lənkəran ŞRPŞ-nin DYPB-nin rəisi Miri Hüseynov arasında olan şəxsi münasibətlərdən istifadə edərək ona qarşı qanunsuz hərəkətlər etdiyini bildirmişdir. Bundan sonra Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 00:01 radələrində Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, 14 saylı binanın 1-ci mərtəbəsində onun, yəni Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru İddiaçı3 kirayə yaşadığı mənzildə istirahət edən zaman blokda qışqıraraq yaşadığı mənzilin qapısını aqressiv şəkildə döydüyünü görmüş, ona şər və böhtan atacağından qorxaraq qapını açmamış, cavabdeh isə əl çəkməyərək qonşuların eşidəcəyinə məhəl qoymadan ünvanına uca səslə nalayq ifadələr işlədərək onun şərəf və ləyaqətini alçaldan ifadələr işlədərək, onun və bina sakinlərinin dincliyini pozaraq xuliqanlıq hərəkətləri etmişdir. O, da bu barədə raportla Lənkəran ŞRPŞ-nin rəisi, polis polkovniki cənab Azər Cahangirova müraciət etmişdir. Onun müraciəti törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında 649 sayla qediyyata alındıqdan sonra araşdırılması üçün Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Baxşəli Rufullayevə həvalə edilmişdir. Araşdırma zamanı Cavabdeh atası X3 şöbəyə ərizə ilə müraciət edərək övladı olan Cavabdeh psixi durumunun yerində olmamasını, cəmiyyət üçün təhlükəli vəziyyətdə olmasını, dəfələrlə idarə və təşkilatlara daxil olaraq həmin idarə və təşkilatlarda səs-küy yaradaraq iş fəaliyyətini pozduğunu bildirərək, gələcəkdə cəmiyyətdə hər hansı bir bədbəxt hadisənin baş verməsinin qarşısını almaq üçün övladı Cavabdeh müalicə alması üçün Lənkəran rayonlararası Psixiatriya xəstəxanasına yerləşdirilməsi üçün ona köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma zamanı Cavabdeh əməlində cinayət tərkibi olmasa da, şahid ifadələri ilə Cavabdeh əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu və 521-ci maddələrinin tərkibi olduğundan material üzrə 11 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək gələcəkdə cəmiyyətdə Cavabdeh tərəfindən bədbəxt hadisələrin törədilməsinin qarşısının alınmasından ötrü Lənkəran rayonlararası Psixiatriya xəstəxanasına yerləşdirilməsi məsələsinə baxılması üçün və Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu və 521-ci maddələri ilə tədbir görülməsi üçün İTB-nə göndərilmişdir. Bundan sonra Cavabdeh valideyninin müraciəti əsasında xx.xx.2024-cü il tarixdə ŞRPŞ-yə dəvət olunaraq Lənkəran rayonlararası Psixiatriya xəstəxanasına yerləşdirilmiş və müalicə almışdır. Eyni zamanda Cavabdeh həmin xəstəxanada “şəxsiyyətin isterik tip pozuntusu, dekompensasiyası fazası" dioqnozu ilə qeydiyyatdadır. Bundan başqa Cavabdeh eyni məzmunlu müraciəti əsasında DİN-nin X24 İdarəsində də araşdırma aparılmış, qeyd olunan xüsusatlar təsdiqini tapmamışdır. İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə İddiaçı1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında İddiaçı2 iddia tələbini müdafiə etməklə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, o, Lənkəran şəhərində iş üzrə digər İddiaçı3 ilə eyni evdə kirayədə yaşayır. 10 mart 2024-cü il tarixdə gecə satlarında iş üzrə Cavabdeh onların yaşadığı evin qapısını döyərək, onu nalayiq ifadələrlə təhqir etmişdir. O, həmin vaxt qapını açmayaraq polisə müraciət etmişdir və polis tərəfindən Cavabdeh barəsində qnunamüvafiq tədbir görülmüşdür. Cavabdeh həmin hərəkətləri nəticəsində o, ictimaiyyətdə, iş yoldaşları və onu tanıyan şəxslər arasında nüfuzdan düşmüşdür, bu hal hazırda işlədiyi kollektivdə, tanışları arasında onun şərəf və ləyaqətinə, nüfuzuna xələl gətirmişdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında İddiaçı3 iddia tələbini müdafiə etməklə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, iş üzrə Cavabdeh dəfələrlə onun barəsində yuxarı rəhbərliyinə şikayət etmişdir. Onun müraciətləri əsasında araşdırma aparılmışdır. Ailəlidir və üç övladı var. Cavabdeh onun barəsində etdiyi şikayətlərdə qeyd edilən məlumatlar həqiqətə uyğun olmadığı üçün onun işgüzar nüfuzuna və şərəf və ləyaqətinə xələl gətirmişdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmə xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, o, heç vaxt iddiaçıların şərəf və ləyaqətini tapdalayan hərəkətə yol verməmişdir. Onun İddiaçı3 ilə əvvəllər də münasibəti olmuşdur və o, sonradan onu rəisi olan İddiaçı1 ilə tanış etmişdir. X19 və İddiaçı1 ilə aralarında dəfələrlə telefon danışıqları olmuşdur və onlar mütəmadi olaraq görüşmüşlər. Sonradan onlarla arasında mübahisə yaranmışdır. Ona qarşı qanuna zidd hərəkətlərinə görə X19 və İddiaçı1 barəsində tədbir görülməsi üçün o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciətlər etmişdir. Sonradan polis şöbəsində ona təzyiq göstərilərək məcburi olaraq şikayətindən imtina etməsi barədə ərizə yazdırılmışdır. O, xx.xx.2024-cü il tarixdə İddiaçı2 qarşı heç bir nalayiq ifadələr işlətməmişdir. Onun şikayəti əsasında İddiaçı3 töhmət verilmişdir. Hazırki iddia tələbini idiaçılar ona qarşı aralarında yaranan şəxsi mübahisə səbəbindən ondan əvəz çıxmaq üçün məhkəməyə təqdim etmişlər. Belə ki, ona qarşı irəli sürülmüş iddia tələbi tamamilə sassızdır. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Lənkəran Şəhər rayon X12 bölməsinin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 mart 2024-cü il tarixli qərardan görünür ki, həmin qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru İddiaçı3 raportu və Bəhruz İmanverdiyevin ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qərarın təsviri hissəsində qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə İddiaçı3 raportla Şöbə rəhbərliyinə müraciət edərək, xx.xx.2024-cü il tarixdə saat 00:01 radələrində Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsi 14 saylı binanın 1-ci mərtəbəsində kirayə yaşadığı mənzildə istirahət edən zaman blokdan qışqırıq səsləri gəldiyini və kiminsə yaşadığı mənzilin qapısını aqressiv formada döydüyünü eşitdiyini, qapının gözlüyündən baxdıqda həmin şəxsin əvvəllər ondan dəfələrlə yuxarı orqanlara əsassız şikayətlər edən və onunla qərəzli olan Cavabdeh olmasını görmüş, Cavabdeh ona şər və böhtan ata biləcəyindən ehtiyyat edərək, qapını açmadığını, lakin Cavabdeh uca səslə nalayiq ifadələr işlədərək onun şərəf və ləyaqətini alçaldan ifadələr işlədərək, onun və bina sakinlərinin dincliyini pozaraq xüliqanlıq nərəkətləri etdiyini bildirmişdir. Qərarın təsviri hissəsində qeyd edilmiş və araşdırma zamanı izahat vermiş şəxslər - İddiaçı2, X6, X14, X10, X7 və X8 izahatlarında Cavabdeh ünvansız küçə söyüşləri söydüyünü bildirmişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X24 İdarəsindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məlumatda qeyd edilmişdir ki, Lənkəran rayonunun Girdəni kənd sakini Cavabdeh Lənkəran ŞRPŞ DYPB-nin rəisi polis kapitanı İddiaçı1 tanımadığı şəxslərlə görüşərək onlara spirtli içki qəbul etdirməsinə və idarə etdikləri avtomobillər haqqında məlumatı bildirməsinə məcbur etməsi, eləcə də həmin bölmənin YPX inspektorları İddiaçı3 və İddiaçı2 onu öz evlərinə apararaq qadın-kişi münasibətində olmalarını təklif etmələri, o cümlədən bölmə rəisindən uzaq durmasını tələb etmələri barədə müraciətləri əsasında cari ilin mart və aprel aylarında X24 idarəsində araşdırma aparılmış, göstərilən xüsusatların təsdiqini tapmaması və müəllifin şikayətinin olmaması barədə növbəti müraciəti nəzərə alınaraq, müraciətlərə baxılması dayandırılmışdır. Bununla yanaşı, vət. Cavabdeh əvvəllər də dəfələrlə Lənkəran ŞRPŞ-nin əməkdaşları barədə də şikayət məzmunlu müraciətlər etmiş, aparılmış araşdırmalar zamanı göstərdiyi xüsusatlar təsdiqini tapmamışdır. Vətəndaş X İmanverdizadə tərəfindən 2022-2023-cü illər və cari ilin ötən dövrü ərzində DİN-in «102» Xidməti - Zəng mərkəzi sisteminə ümumilikdə 91 müraciət ünvanlanmış, o cümlədən daxili işlər orqanlarının əməkdaşları barədə 11 müraciəti üzrə aparılmış araşdırma nəticəsində göstərilən xüsusatlar təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3-cü bəndinə əsasən məlumat əxlaqi prinsiplər, istehsalat-təsərrüfat xidməti və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Göründüyü kimi iddiaçılar cavabdehin onların barəsində hüquq mühafizə orqanlarına müraciət etməsinə və yalan məlumat verdiyinə əsaslanaraq onun cəmiyyətdə olan şərəf və ləyaqətlərinə xələl gətirdyini əsas gətirməklə iddianın təmin edilməli olmasını bildirirlər. Həmçinin iddiaçı X11 iddia tələbində və məhkəmə iclasında verdiyi izahatda iş üzrə Cavabdeh 10 mart 2024-cü il tarixdə gecə satlarında onun yaşadığı evin qapısını döyərək, onu nalayiq ifadələrlə təhqir etməsi barədə bildirməsinə baxmayaraq, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının təsviri hissəsində qeyd edilmiş şahidlərin izahatlarında hadisə zamanı Cavabdeh, İddiaçı2 ünvanına deyil, ünvansız olaraq söyüşlər söydüyü qeyd edilmişdir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli, 7 №-li qərarının 3-cü bəndinə görə məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın şərəf və ləyaqəti ləkələməsi; məlumatın doğru olmaması; məlumatın yayılması. Azərbaycan Rspublikası Konstitusyasının 57-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 5.1-ci Azərbaycan Respublikasının Konstitusiya qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçılar barəsində hüquq mühafizə orqanlarına müraciət etməsi onun vətəndaş kimi pozulmuş hər hansı hüququnun pozulması ilə bağlı dövlət orqanlarına sərbəst surətdə müraciət etmək hüququ ilə bağlıdır. Hər bir Azərbaycan Respublikası vətəndaşının öz pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı dövlət, orqanlarında, eləcə də digər təşkilatlara müraciət etmək hüququ vardır və bu hüquq məhdudlaşdırılmamalıdır. Lakin belə müraciətlərdə və ya şikayətlərdə məlumatlar haqqında müraciət edilən şəxsin şərəf və ləyaqəti ləkələyən və yalan məlumatlar (təhqir, böhtan və.s kimi) məlumatlar olmamalıdır. Hazırki halda iddia ərizəsinin məzmunundan və iddiaçıların özlərinin məhkəmədə verdiyi izahatlarından da göründüyü kimi, iddiaçıların özləri də hüquq mühafizə orqanlarına cavabdeh tərəfindən edilmiş müraciətlərdə onların təhqir edən hər hansı ifadələrdən istifadə edildiyini bildirməmiş, yalnız onların polis orqanlarında işlədiyini göstərməklə bu müraciətlərin onların şərəf ləyaqətinə xələl gətirdiyini bildirmişlər. Eyni zamanda məhkəmə baxışı zamanı cavabdehin İddiaçı2 təhqir etməsi barədə iddia ərizəsində qeyd edilən xüsusatlar öz təsdiqini tapmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən edilmiş müraciətin iddiaçıların şərəf və ləyaqətinə xələl gətirməsi dəlili əsaslı sayıla bilməz. Belə olan halda iddia tələbi cavabdehin üzərinə müraciətdə göstərilənlərin təkzib edilməsi və üzr istənilməsi barədə vəzifə qoyulması hissədə iddia tələbi təmin edilməməlidir. İddia tələbinin cavabdehdən iddiaçıların xeyrinə hər iddiaçıya 5.000 manat mənəvi zərərin tutulması ilə bağlı isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə araşdırması zamanı cavabdehin polis orqanlarına müraciətində şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatların olması sübuta yetirilməməklə həmin hissədə iddia təmin edilmədiyindən məhkəmə hesab edir ki, həmin tələbdən irəli gələn bu hissədə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna və vəkilə ödənilmiş xərcə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmə xərci kimi ödənilmiş 100 manat dövlət rüsumu və vəkilə ödənilmiş 300 manat iddiaçılara aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı şərəf və ləyaqətin müdafiəsi, mənəvi ziyan tələbi barədə iddia tələbi təmin edilməsin. İddiaçılar tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və hüquqi yardımın göstərilməsi ilə əlaqadar vəkilə ödənilmiş 300 manat iddiaçıların özlərinə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar