Məhkəmə qərarları › İş №2(049)-2020/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2020/2025

12.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2020/2025 12.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlu, İddiaçı Cavabdeh qarşı aliment borcu və aliment borcunu ödəməkdən azad edilmə tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı aliment borcu və aliment borcunu ödəməkdən azad edilmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(049)-507/2017 saylı qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmiş alimentin və bu vaxta qədər yaranmış 7215 manat aliment borcunun ödənilməsindən onun azad edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri öyrənib belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPMin) tələblərinə riayət edilmədən tərtib edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinin tələbinə də riayət etməyərək, məhkəməyə iddia verilməsi üçün «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsinə dair sənədi iddia ərizəsinə əlavə etməmişdir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Belə ki, AR MPM-in 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçıya izah edilməlidir ki, AR MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur, yəni iddiaçı məhkəmənin hazırki qərardadında göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququna malikdir. AR MPM-in 152.2 və 152.3-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Bundan başqa məhkəmə iddiaçının eyni məzmunlu əvvəlki ərizəsinin də geri qaytarıldığını nəzərə alaraq onun nəzərinə aşağıdakıları çatdırmağı zəruri hesab edir. Belə ki, aliment borcundan tam və ya qismən azad edilmə barədə tələbə iddia icraatı qaydasında baxılması mümkündür. Lakin bu zaman iddia tələbinin mahiyyətinə diqqət yetirilməli və nəzərdə saxlanılmalıdır ki, qanunvericiliyin tələblərinə görə aliment borcunun silinməsi ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olsun. Hazırkı iddia tələbində isə iddiaçı borcun olmadığını bildirir, icra məmuru tərəfindən borcun hesablanması ilə razılaşmır, borcun silinməsi ilə bağlı tələbinin əsasını hansısa xəstəliyi və ya digər üzrlü səbəbinin nəzərə alınması təşkil etmir. Hazırda iddiaçı övladının öz yanında olduğunu bildirərək hesablanmış aliment borcunun silinməsini xahiş edir. Bu halda borclu (hazıki iddiaçı) icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır. Belə ki, Ailə Məcəlləsinin 106.5-ci maddəsinə görə, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 152.1, 152.1.7, 152.2, 152.3, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı aliment borcu və aliment borcunu ödəməkdən azad edilmə tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı iddia ərizəsinin geri qaytarılmasına səbəb olan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə hüququ vardır. İddiaçıya qərardadın məmununda göstərilmiş məhkəmə təcrübəsində formalaşmış halları nəzərə alması xahiş olunur. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar