Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2161/2024 05.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutulаraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2018-ci ildə cavabdehlə faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. Onların faktiki nikah münasibətlərindən xx.xx.2019-cu il tarixdə X3 adlı bir uşaqları doğulmuşdur. Cavabdeh Milinanın atası olduğunu etiraf etmiş, xx.xx.2019-cu il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə və həmin tarixli doğum haqqında şəhadətnaməyə əsasən cavabdeh onun xx.xx.2019-cu il tarixdə doğulmuş qızı Milinanın atası hesab edilmişdir. Cavabdehlə xeyli müddətdir ki, birlikdə yaşamırlar və birgə təsərrüfat aparmırlar. Hazırda uşaq onun özünün himayəsindədir, uşağın bütün maddi və mənəvi ehtiyaclarını o özü təkbaşına ödəməli olur. Uşağı təkbaşına saxlamaq onun üçün çox çətindir, cavabdeh isə uşağı ilə maraqlanmır və uşağı saxlamaq vəzifəsini unutmuşdur. Uşağın ana nəvazişindən başqa maddi ehtiyacları, digər xərcləri də vardır, lakin hazırki vəziyyətdə o, bu xərclərin ödənilməsinin öhdəsindən gələ bilmir. Hesab edir ki, belə bir vəziyyətdə uşağın saxlanması üçün maddi ehtiyaclarını ödəməli, yəni uşağın saxlanması üçün cavabdehdən aliment tutularaq ona ödənilməlidir. Ona görə də cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutulаraq ona verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, cavabdehlə bir müddət birlikdə mehriban yaşamışlar, uşağın 5 ayı tamam olandan sonra cavabdeh Rusiya Federasiyasına işləməyə getmiş və o vaxtdan ayrılmışlar. Cavabdeh Rusiya Federasiyasına getdikdən sonra uşağın 1 yaşı tamam olanadək onun saxlanması üçün hər ay 200 manat, 300 manat, 400 manat və hətta daha çox məbləğdə pul göndərmişdir. Sonra isə uşağın saxlanması üçün ona könüllü olaraq maddi köməklik etməmiş, bu isə onu maddi cəhətdən uşağı saxlamaqda çətinliklər qarşısında qoymuşdur. Cavabdeh Rusiya Federasiyasında restoranda aşbaz işləyir və hər ay yüksək miqdarda gəlir əldə edir. O özü isə “Favorit” marketdə satıcı işləyir və onun aylıq əmək haqqı 330 manatdır. Cavabdeh uşağı saxlamaqda ona heç bir kömək və maddi yardım etmir. Ona görə də cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutulаraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, xx.xx.2019-cu il tarixli AZ-İ 367519 nömrəli atalığın müəyyən edilməsi və həmin tarixli AZ-İV 314125 nömrəli doğum haqqında şəhadətnamələrin surətləri, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayış, xx.xx.2024-cü il tarixli mədaxil qəbzi ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirmədən, faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Onların faktiki nikah münasibətlərindən xx.xx.2019-cu il tarixdə X3 adlı bir uşaqları doğulmuşdur. Cavabdeh həmin uşağın atası hesab edilərək uşağa cavabdehin adına və soyadına uyğun doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı hazırda cavabdehdən ayrı yaşayır və xx.xx.2019-cu il tarixdə doğulmuş X3 adlı uşaq da iddiaçının himayəsindədir. Hazırda iddiaçı uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyini, cavabdehin isə uşağı saxlamaqda ona heç bir kömək və maddi yardım etmədiyini bildirərək cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutulаraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəməyə gəlməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Cavabdeh aliment tutulması məsələsi ilə bağlı ilkin mediasiya sessiyasında da iştirak etməmiş, iddiaçı ilə hər hansı razılığa gələrək barışıq sazişi bağlamamışdır. Cavabdehin gəlirlərinin dəqiq miqdarı və mənbəyi məlum deyildir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi barədə rəsmi məlumat yoxdur. Ona görə də tərəflərin faktiki nikah münasibətlərindən xx.xx.2019-cu il tarixdə doğulmuş X1 üçün cavabdehdən tutulan aliment sabit pul məbləğində müəyyən edilməlidir. xx.xx.2019-cu il tarixdə doğulmuş X3 adlı uşaq iddiaçının himayəsində olduğundan uşağa qulluq, onun sağlamlığı və inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni hazırki iş üzrə cavabdehdən tutulmasına əsas verir. Cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi barədə məlumat olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda, uşağın maddi ehtiyacının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin qeyd olunan maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, onların faktiki nikah münasibətlərindən doğulmuş azyaşlı uşağın mənafeyini, cavabdehin uşağın saxlanması üçün hazırda iddiaçıya hər hansı şəkildə kömək və maddi yardım etməsi hallarının müəyyən olunmadığını, habelə, iddiaçının özünün də daimi iş yeri və əmək haqqının olmasını, uşağın maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə almaqla cavabdehdən hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçıya verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, alimentin tutulması iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan - xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmək üçün 60 manat vəsait ödəmiş, cavabdeh isə, ümumiyyətlə, mediasiya prosesində iştirak etməmiş, hazırki tələb üzrə iddiaçı ilə məhkəmədənkənar razılığa gələrək hər hansı barışıq sazişi bağlamamışdır. Məhkəmə qeyd olunan əsaslara və işin faktiki hallarına əsasən iddiaçının mediasiya sessiyasında iştirak üçün ödədiyi 60 manat xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki iş üzrə alimentin məhkəmə tərəfindən müəyyən edilmiş miqdarının hər ay 200 manat olması nəzərə alınmaqla, bir il ərzində ödəmənin məcmusu 2400 manat təşkil edir. Qüvvədə olan qanunverdiciliyə əsasən həmin məbləğə görə cəmi 44 manat dövlət rüsumu ödənilməlidir. Cavabdehin iddiaçıya ödəyəcəyi 60 manat məbləğin onun alimentə görə ödəməli olduğu 44 manat dövlət rüsumunu əhatə etdiyini nəzərə alaraq məhkəmə qərara gəlir ki, aliment alınması ilə bağlı cavabdehdən əlavə olaraq hər hansı miqdarda dövlət rüsumu tutulmamalıdır. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icraya yönəldilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyası üçün ödədiyi 60 manat mediasiya xərci Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icraya yönəldilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(049)-2161/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2161/2024
05.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver