Məhkəmə qərarları › İş №2(049)-2189/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2189/2024

29.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2189/2024 29.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X12 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları xx.xx.2014-cü il tarixdə doğulmuş X6, xx.xx.2015-ci il tarixdə doğulmuş X7 və xx.xx.2018ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü hər bir uşaq üçün sabit pul məbləğində 235 manat olmaqla, cəmi 705 manat alimentin alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X2 evlənənədək tanımayıb. Lakin valideynləri bir-birlərini tanıyıblar. Məhz bu tanışlıq səbəbindən 2013-cü ilin yanvar ayında el adəti üzrə valideynləri elçi qismində cavabdehin atasının evinə gedib, evlilikləri barədə razılaşıblar. Qısa müddət ərzində 2013-cü ilin fevral ayında əvvəlcə cavabdehin, sonra onun toyu olmaqla Nərmin evimizə gəlin köçmüş və o müddətdən onlar ər-arvad kimi yaşamağa başlayıblar. Onlar faktiki ər-arvad kimi yaşadığları dövrdə xx.xx.2014-cü il tarixdə Ayan, xx.xx.2015-ci il tarixdə Valid və xx.xx.2018-ci il tarixdə Aytəkin adlı üç uşağları doğulmuşdur. Üçüncü uşağları doğulandan sonra 12 noyabr 2014-cü il tarixdə Lənkəran şəhər İHB-nın Qurumba kənd İnzibati ərazi dairəsi nümayəndəliyində nikahları 05 sayla qeydə alınmışdır. Bundan sonra cavabdeh üç azyaşlı uşağı tək buraxıb evi tərk edərək həftələrlə evə gəlməmiş, onu axtarmaq üçün valideynlərinin evinə gedib onun harada olmasını soruşduqda, onlar da onun harada və nə işlə məşğul olması barədə məlumatlarının olmadıqlarını bildirmişdilər. Aradan bir müddət keçdikdən sonra cavabdeh peyda olub evə gələrək, ondan haralarda olduğunu soruşduqda, ona “Sənlik deyil, mən özüm bilirəm hara və nə üçün gedirəm” deyə cavab vermişdir. Onun bu hərəkətlərini, yəni üç azyaşlı uşağı evdə saxlayaraq naməlum istiqamətə gedərək qeybə çəkilməsi davam etmişdir. 24 iyul 2023-cü il tarixdə cavabdeh təzədən eyni formada evi tərk edərək çıxıb getdiyi üçün məcbur olub Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə onun itkin düşməsi və axtarılıb tapılması üçün müraciət edib, polis şöbəsinin əməkdaşları onu axtarıb taparaq evə gətirmişlər. Aradan bir neçə gün keçmiş, cavabdeh təzədən xx.xx.2023-cü il tarixdə evi tərk edərək naməlum istiqamətə çıxıb getmişdir. Məlum olmuşdur ki, cavabdeh, evi tərk edəndə ona məxsus olan "Niva" markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış olduğu 2800 manat pulu və evdə atası ilə əlaqə saxlamaq üçün istifadə etdiyləri "Nokia" markalı mobil telefonu götürüb özü ilə aparmışdır. Bunu bildikdən sonra o dərhal xx.xx.2023-cü il tarixdə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib, həyat yoldaşı X1 evdən çıxıb naməlum istiqamətə getdiyi və evi tərk edən zaman evdən 2800 manat pulu və onun atasına məxsus "Nokia" markalı telefonu oğurlayıb aparması barədə məlumat verməli olub. Eyni zamanda xx.xx.2023-cü il tarixdə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə gedib, cavabdeh Nərmin Abdullazadənin evdən çıxıb getməsi və gedən zaman evdən 2800 manat pul və "Nokia" markalı telefonunu oğurlayıb aparması ilə bağlı ərizə verməli olub. Həmçinin, oğurluqla apardığı telefon vasitəsi ilə onunla əlaqə saxlayıb. Telefonda ona bildirmişdir ki, Lənkəran şəhərində kirayə ev tutmuş, başqa şəxslə yaşayır və ondan ayrılmaq istəyir. Lənkəran ŞRPŞ-də etdiyi müraciətlərlə əlaqədar şöbənin əməkdaşları tərəfindən təhqiqat işi aparılmış və polis əməkdaşlarının səyi nəticəsində onun yaşadığı yer müəyyən olunub şöbəyə gətirilmişdir. Cavabdeh, izahatında qeyd etmişdir ki, ondan boşanmaq istəyir, dəfələrlə evi tərk edib, odur ki, boşanmaq barədə məhkəməyə müraciət edəcəkdir, evi tərk edib gedən zaman "Nokia" markalı telefonu götürüb özü ilə aparmış, lakin 2800 manat pulu götürməmişdir. Lənkəran ŞRPŞ-də verdiyi ərizə ilə əlaqədar ilkin təhqiqat aparıldıqdan sonra təhqiqatçı son nəticədə qənaətə gəlmişdir ki, cavabdeh X5 ilə ər-arvad münasibətdə olduğuma görə onun hərəkətində vətəndaşa məxsus əmlakın gizli olaraq oğurlayıb, talamaq cinayətinin tərkibi yoxdur. Belə ki, bu barədə xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə müvafiq qərar çıxarılmışdır. O vəziyyətin belə olduğunu görüb cavabdehlə aralarında bağlanmış nikah qeydinin pozulması və uşaq tələbi ilə bağlı Lənkəran Rayon Məhkəməsinə müraciət edib. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(049)- 165/2024 nömrəli qətnaməsi ilə aralarında 12 noyabr 2019-cu il tarixdə Lənkəran şəhər İHB-nin Qurumba kənd inzibati ərazi dairəsi nümayəndəliyində 05 sayla qeydə alınmış nikah qeydi pozulmuş, birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X4 onun yanında qalmaları müəyyən, edilmişdir. Cavabdehlə ayrıldığları vaxtdan o uşaqlan ilə maraqlanmamış, onlarla nə görüşməyə, onlara nə maddi, nə də ki, mənəvi dəstək olamamışdır. Uşaqları saxlamaq hər iki valideynin borcu olsa da cavabdeh bir valideyn kimi kimi öz məsuliyyətini dərk etməyərək uşağların saxlanmasında ona heç bir köməklik etmir. Özü işləsə də uşaqalarının maddi tələbatını ödəyə bilmir. Odur ki, məcburiyyət qarşısında qalıb cavabdehdən aliment tələb edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, X10 xx.xx.2014-cü il, X11 xx.xx.2015-ci il və X8 xx.xx.2018-ci il tarixdə Lənkəran şəhərində doğulmuşlar. Ataları İddiaçı, anaları X3r. Lənkəran Rayon Məhkəməsinin 2(049)-165/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə cavabdeh X5 arasında 12 noyabr 2019-cu il tarixdə Lənkəran şəhər İHB-nin Qurumba kənd inzibati ərazi dairəsi nümayəndəliyində 05 sayla qeydə alınmış nikah qeydi pozulmuş, tərəflərin birgə nikahından doğulmuş azyaşlı uşaqların İddiaçı yanında qalmaları müəyyən edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından Ayan, Valid və Aytəkin adlı üç uşaqları doğulmuşur. Uşaqlar hal hazırda yetkinlik yaşına çatmamaqla iddiaçının yanında qalır. Tərəflər arasında alimentin ödənilməsi ilə əlaqədar hər hansı saziş bağlanılmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Bu baxımdan Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşağın saxlanması üçün zəruri olan xərcləri tərəflər bərabər olaraq ödəməlidirlər. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi); İddia tələbindən göründüyü kimi iddiaçı bir uşağın saxlanması üçün 235 manat olmaqla, üç uşağa görə ümumilikdə 705 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçının aliment məbləğinin uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumu səviyyəsinə təyin olunması tələbinə dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ölkə üzrə təsdiq olunmuş “yaşayış minimumu”nun aliment münasibətlərində tətbiq edilməsi hüquqi məntiqə ziddir və ailə qanunvericiliyi və onun əsaslarını (mənbəyini) təşkil edən Ailə Məcəlləsinin 1.1-ci maddəsinin tələblərinin pozulmasına səbəb olar. Belə ki, həmin maddəyə əsasən Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. “Yaşayış minimumu haqqında” Qanun isə göründüyü kimi Ailə Məcəlləsinə uyğun olaraq qəbul edilməmiş, predmeti isə tam başqa münasibətlərdir. Ailə Məcəlləsinin təhlilindən aydın olur ki, uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı valideynlərin (tərəflərin) ailə, maddi vəziyyəti və diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla qazancın və (və ya) başqa gəlirlərinin uşaqların sayından asılı edilən pay nisbətilə tənzimlənmişdir. Bu Məcəllənin normalarında isə alimentin miqdarının yaşayış minimumu ilə əlaqədar təyin olunmasını əks etdirən hər hansı qayda müəyyən edilməmişdir. İddiaçının hər ay bir uşağa görə 235 manat olmaqla cəmi 705 manat sabit pul məbləğində alimentin tutulması tələbini müzakirə edərkən məhkəmə yuxarıda sadalanmış normaların müddəalarına əsasən hesab edir ki, iddiaçı cavabdehin maddi və ailə vəziyyəti, həmçinin diqqətəlayiq olan digər halların mövcudluğunu təsdiqləyən hər hansı sübut təqdim etmədiyindən, bu tələb qismən təmin olunmalı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün cavabdehdən tərəflərin nikahlarından doğulmuş uşaqların saxlanılmaları üçün hər ay bir uşağa görə 135 manat olmaqla, cəmi 405 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. BMT Baş Məclisinin 1989-cu il 20 noyabr tarixli 44/25 nömrəli qərarı ilə təsdiq edilmiş, 1990-ci il 2 sentyabr tarixindən qüvvəyə minmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, işləmək və hər ay cəmi 405 manat məbləğində aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar hesab edir ki, himayəsində azyaşlı uşaqları olan iddiaçı 06 iyun 2024-cü il tarixdə aliment tələbi ilə məhkəməyə ərizə ilə müraciət etdiyindən alimentin tutulmasının başlanğıcı həmin tarixdən vaxtdan hesablanmalıdır. MPM-nin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinin və «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə 68 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdehdən 68 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. «Dövlət rüsumu haqqında» qanunun 9.1-ci maddəsinə görə isə «Mediasiya haqqında» Azərbaycan Respublikasının qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. İddiaçı 60 manat mediasiya xərci ödəmişdir. Belə olan halda ödənilməli olan 68 manat dövlət rüsumunun 60 manat cavabdehdən tutularaq iddiaçıya, 08 manat dövlət nəfinə ödənilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il tarixdə doğulmuş X6, xx.xx.2015-ci il tarixdə doğulmuş X7 və xx.xx.2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşağa görə 135 manat olmaqla, cəmi 405 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Ödənilməli dövlət rüsumunun məbləği – 68 manat Cavabdeh aid edilsin. Cavabdeh 60 manat tutularaq İddiaçı, 08 manat tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar