Məhkəmə qərarları › İş №2(049)-2296/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2296/2025

23.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2296/2025 23.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: xx.xx.2025-ci il Lənkəran şəhəri Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahından xx.xx.2011-ci il tarixdə doğulmuş X3 və xx.xx.2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən qazancın və başqa gəlirlərin üçdə bir hissəsi miqdarında aliment və mediasiya şurasına ödədiyi 60 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2010-cu il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Cavabdehlə birgə nikahından xx.xx.2011-ci il tarixdə X3 və xx.xx.2014-cü il tarixdə X4 adlı iki uşaqları doğulmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğuna görə ayrılmışlar və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-2549/2023 nömrəli qətnaməsinə əsasən onlar arasında bağlanmış nikah pozulmuşdur. Uşaqların saxlanmaları üçün isə cavabdehlə xx.xx.2023-cü il tarixdə Lənkəran 1 saylı mediasiya təşkilatında barışıq sazişi bağlamışlar. Həmin sazişə əsasən uşaqların yetkinlik yaşına çatana kimi saxlanmalarından ötrü hər ay hər uşaq üçün 200 manat - cəmi 400 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulmasına razılaşmışlar. Cavabdeh hazırda Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Şəmkir rayonunda yerləşən N saylı hərbi hissəsində işləyir. Cavabdehin nə qədər əmək haqqı alması barədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə və Ombudsmana sorğular göndərilmişdir. Cavabdehin aldığı əmək haqqı 2023-cü ildə aralarında bağlanmış sazişdən sonra keçən müddət ərzində artmışdır. O, hazırki vəziyyətdə uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Ona görə də cavabdehdən tutulаn alimentin miqdarının sabit məbləğdə deyil, qazancın üçdə bir hissəsi miqdarında tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə göstərdi ki, tərəflər arasında alimetlə bağlı saziş bağlanarkən cavabdehin aldığı əmək haqqı təxminən 900 manat miqdarında olsa da, hazırda cavabdehin aylıq əmək haqqının daha artıq miqdarda olduğu məlum olmuşdur. 2023-cü ildən sonra ötən müddət ərzində uşaqların xərci və tələbatları artmışdır. Bu səbəbdən barışıq sazişi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin ödənilməsi uşaqların saxlanması, onların tələbatlarının ödənilməsinə kifayət etmir. Ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunaraq alimentin cavabdehin aylıq gəlir və qazancının müəyyən hissəsi kimi tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, onun nümayəndəsi Nümayəndə məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbi ilə razı olduğunu bildirdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, cavabdehin anasıdır. Oğlu ilə iddiaçının birgə nikahından iki uşaqları vardır və hazırda oğlu başqa bir qadınla rəsmi olaraq evlidir. Oğlunun həmin nikahdan da bir uşağı vardır. Cavabdeh iddiaçı ilə ayrıldığı vaxtdan uşaqların saxlanması üçün aliment ödəməkdən yayınmamış və hazırda da hansı qaydada tutulmasından asılı olmayaraq uşaqlar üçün aliment ödəməyə razıdır. Onun hazırki tələbə hər hansı etirazı yoxdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclaslarının tərəflərin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixli AZ-İİ 658391 nömrəli və xx.xx.2014-cü il tarixli AZ-İİİ 079590 nömrəli doğum haqqında şəhadətnamələrin surətləri, Lənkəran 1 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞL/MT014/2023-01283 nömrəli barışıq sazişi və mediasiya prosesinə xitam verilməsi haqqında həmin tarixli protokol, mediasiya prosesinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli protokol, xx.xx.2025-ci il tarixli ödəniş qəbzləri, xx.xx.2024-cü il tarixli AZ-İİ 608865 nömrəli nikah haqqında və xx.xx.2025-ci il tarixli AZ-İV 989408 nömrəli doğum haqqında şəhadətnamələrin surətləri, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubu ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, iddiaçı ilə cavabdeh xx.xx.2010-cu il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2011-ci il tarixdə X3 və xx.xx.2014-cü il tarixdə X4 adlı iki uşaqları doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Tərəflər uşaqların boşanmadan sonra iddiaçının yanında qalmaları və onların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 200 manat - cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə barışıq sazişi bağlanmışdır. Tərəflərin birgə nikahından doğulmuş uşaqlar hazırda da iddiaçının yanında yaşayırlar. Cavabdeh hazırda başqa bir qadınla rəsmi olaraq evlidir və onun həmin nikahdan da bir azyaşlı uşağı vardır. Cavabdeh Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində xidmət edir və N.17 manat əmək haqqı alır. İddiaçı alimentin miqdarının artırılması (dəyişdirilməsi) məsələsi ilə bağlı mediasiya təşkilatına müracət etmiş, hər iki tərəfin nümayəndəsi mediasiya sessiyasında iştirak etsələr də, hər hansı razılığa gəlməmiş və barışıq sazişi bağlamamışlar. İddiaçı mediasiya təşkilatına müraciət üçün cəmi 60 manat vəsait ödəmişdir. İddiaçı uşaqların saxlanmaları üçün cavabdehdən tutulan alimentin hazırki şəraitdə uşaqların saxlanmaları üçün kifayət etmədiyini və uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyini bildirməklə alimentin miqdarının dəyişdirilərək hər ay qazancın və başqa gəlirlərin üçdə bir hissəsi miqdarında müəyyən edilməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsası olaraq uşaqların böyüməsi və onların xərclərinin artması, həmçinin cavabdehin aylıq qazancının 2023-cü ilə nisbətən daha artıq olduğunu bildirir. Cavabdeh də iddia tələbini qəbul edir və həmin tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmir. Hazırki vəziyyətdə cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi vardır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəfin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Uşaqların saxlanmaları üçün barışıq sazişi ilə alimentin miqdarı müəyyən olunduqdan sonra keçən müddət ərzində tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik olmuşdur. Belə ki, cavabdeh yeni nikaha daxil olmuş və həmin nikahdan da bir azyaşlı uşağı vardır. İddiaçı isə cavabdehin aylıq qazancının 2023-cü ilə nisbətən artdığını, bununla da onun maddi vəziyyətində müsbət dəyişiklik olduğunu bildirir. 2023-cü ildə tərəflər arasında saziş bağlanarkən cavabdehin gəlirlərinin mənbəyi və miqdarı barədə məhkəməyə mötəbər sübutlar təqdim edilməsə də, hazırki vəziyyətdə cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi olduğuna görə məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu alimentin tutulma qaydası dəyişdirilməli, aliment sabit pul məbləğində deyil, qazancın (başqa gəlirlərin) müəyyən hissəsi kimi tutulmalıdır. Qeyd olunanlara əsasən hazırda məhkəmə tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanmaları üçün cavabdehdən tutulan alimentin tutulma qaydasının dəyişdirilərək hər ay qazancın və başqa gəlirlərin üçdə bir hissəsi miqdarında müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilən əsaslara görə məhkəmə qərara gəlir ki, uşaqların saxlanmaları üçün cavabdehdən tutulan alimentin hər ay qazancın və başqa gəlirlərin üçdə bir hissəsi miqdarında tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə bağlı məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunan şəxs statusunda olmasına baxmayaraq mediasiya prosesi ilə bağlı 60 manat məbləği iddiaçı özü ödəmiş, cavabdeh isə mediasiya prosesinin nəticəsinə dair onunla barışıq sazişi bağlamadığından iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilən əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki iş üzrə cavabdeh dövlət rüsumunu ödəməkdən azad olunan şəxs statusunda olmadığından məhkəmə hesab edir ki, iddiaçının mediasiya prosesində ödədiyi 60 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2011-ci il tarixdə doğulmuş X5 və xx.xx.2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh tutulan, xx.xx.2023-cü il tarixli barışıq sazişi əsasında müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilsin. xx.xx.2011-ci il tarixdə doğulmuş X5 və xx.xx.2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay qazancın və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Alimentin qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçı mediasiya prosesində ödədiyi 60 manat Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar