Məhkəmə qərarları › İş №2(049)-23/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-23/2024

21.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-23/2024 21.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 220 manat sabit pul məbləğində alimentin, hüquqi yardıma görə vəkilə ödədiyi 150 manat, vəkilin adına verilmiş etibarnaməyə görə ödədiyi 17.25 manat və ilkin mediasiya sessiyasında iştirak etməsi üçün ödədiyi 50 manat pulun tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələini onunla əsaslandırılmışdır ki, cavabdehlə qeyri rəsmi olaraq ailə həyatı qurmuş və onların ailə münasibətlərindən xx.xx.2016-cı il təvəllüdlü X2 doğulmuşdur. Uşaq hazırda yanındadır. Cavabdeh isə uşağın saxlanılmasında iştirakl etmir. Cavabdeh işləyərək yaxşı qazanca malikdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə və iddiaçının nümayəndəsinə məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxaraq iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş və ya məhkəməyə iddiaya qarşı etiraz təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Gürcü dilindən Azərbaycan dilinə tərcümə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin xx.xx.2016-cı il tarixdə X2 adlı uşaqları doğulmuşdur. “e-Manat” vasitəsilə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı hüquqi yardıma görə vəkilin hesabına xx.xx.2023-cü il tarixdə 150 manat pul ödəmişdir. İddiaçının vəkilinin adına verdiyi xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, həmin etibarnamənin verilməsi üçün iddiaçı 17.25 manat dövlət rüsumu ödəmişdir. 01.03.23-cü il tarixli qəbzdən görünür ki, mediasiya sessiyasında iştirak etməsi üçün iddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tapşırığına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsindən məhkəməyə daxil olmuş Marneuli Maqistrat Məhkəməsinin cavabından görünür ki, məhkəmə sənədləri cavabdehin yaşadığı Gürcüstan Respublikası Marneuli rayonu, Təkəli kəndindəki ünvanına çatdırılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin qeyri rəsmi münasibətlərindən xx.xx.2016-cı il tarixdə X2 adlı uşaqları doğulmuşdur. Uşaq hal hazırda yetkinlik yaşına çatmamaqla iddiaçının yanında qalır. Tərəflər arasında alimentin ödənilməsi ilə əlaqədar hər hansı saziş bağlanılmamışdır. Məhkəmə mübahisəyə hüquqi qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki vəziyyətdə cavabdehin daimi iş yeri barədə məlumat yoxdur. Tərəfələrin birgə münasibətlərindən anadan olmuş uşaq hazırda iddiaçının himayəsində olduğundan uşağa qulluq, onun sağlamlığı, təhsili, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni hazırki iş üzrə cavabdehdən tutulmasına əsas verir. Cavabdehin daimi iş yerinin olmaması, onun maddi vəziyyətinin hansı səviyyədə olması barədə məlumatın olmaması onu iddiaçı ilə birgə münasibətlərindən anadan olmuş uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin, uşağın maddi ehtiyyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Məhkəmə, tərəflərin yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması imkanlarını, 2024-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, cavabdehin əmək qabiliyyətli olduğunu, habelə, uşağın maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə almaqla cavabdehdən hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçıya verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, iddia tələbi alimentlə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Buna görə də uşağın saxlanması üçün alimentin tutulması xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının hüquqi yardıma görə vəkilə ödədiyi 150 manat, vəkilin adına verilmiş etibarnaməyə görə ödədiyi 17.25 manat və ilkin mediasiya sessiyasında iştirak etməsi üçün ödədiyi 50 manat, cəmi 217.25 manat tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının «X5» Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddia ərizələrə görə dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə qeyd edir ki, hazırda uşaqların saxlanması üçün ayda 175 manat miqdarında alimentin tutulması nəzərə alınmışdır Alimentin alınması haqqında iddianın bir il ərzində ödəmənin cəmi 2100 manat təşkil eləyir (175 manat x 12 aya = 2100). 2100 manat məbləğin dövlət rüsumu 41 manat təşkil eləyir. İddiaçı artıq 50 manat mediasiya sesiyasında dövlət rüsumu ödədiyindən, həmin rüsum dövlət büdcəsində oturduğundan və həmin rüsum cavabdehən alınaraq iddiaçıya verilməli olduğundan, bir daha cavabdehdən 41 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli deyildir. Belə ki, alimentlə bağlı dövlət rüsumu 41 manat təşkil etdiyi halda, dövlət büdcəsində artıq 50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 14 iyun 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Cavabdeh iddiaçının hüquqi yardıma görə vəkilə ödədiyi 150 manat, vəkilin adına verilmiş etibarnaməyə görə ödədiyi 17.25 manat və ilkin mediasiya sessiyasında iştirak etməsi üçün ödədiyi 50 manat, cəmi 217.25 manat tutularaq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar