Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2394/2023 21.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü hər ay sabit pul məbləğində 250 manat məbləğində alimentin tutulub və mediasiya prosesinin həyata keçirilməsi üçün ödədiyi 55 manat pulun cavabdehdən alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahı 14 fevral 2014-ci il tarixdə Lənkəran rayonu VVADQ şöbəsində rəsmiləşdirilməklə ailə qurub. Birgə nikahdan 12 fevral 2015-ci il tarixdə Yusif adlı övladları olmuşdur. Uşaq hazırda sağ və salamatdır və onun himayəsində yaşayır. Cavabdeh ilə bir-birilərini yaxından tanımadan ailə qurublar. xx.xx.2017-ci il tarixdə məhkəmənin qərarı ilə aralarında olan nikah qeydi pozulmuş və ayrı yaşayırlar. O, hazırda uşağı ilə birlikdə valideylərinin evində yaşayır və ayrıldıqları vaxtan cavabdeh bir valideyn kimi uşağı ilə maraqlanmır. Ona heç bir qayğı və maddi cəhətdən heç bir köməklik göstərmir. Uşağın saxlanılmasından maddi cəhətdən olduqca çətinlik çəkir. Uşağı saxlamaq hər iki valideynin borcu olsa da cavabdeh bir ata kimi öz məsuliyyətini dərk etməmiş və uşaqın saxlanmasında ona heç bir köməklik etməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, 2015-cu ildə ağır yol qəzasına düşmüşdür və həmin qəza nəticəsində ağır bədən xəsarəti almışdır. Bundan sonra İddiaçı oğlu Yusiflə onu atıb getmişdir. Oğlunu özü təkbaşına böyütmüşdür və onun bütün tələbatlarını özü ödəmişdir. Bütün bu müddət ərzində iddiaçı uşağı ilə maraqlanmamışdır. 3-4 aydır ki, iddiaçı oğlu Yusifi özü ilə aparmışdır. Hazırda oğlu Yusif anası ilə bilikdə yaşayır. Oğlu Yusifin iddiaçıdan alınıb ona verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edəcəkdir. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına uyğun çıxış edərək, əlavə olaraq bildirdi ki, iddiaçının 2015-ci ildə avtomobil qəzasında aldığı xəsarətlərə görə hal-hazırda əmək qabiliyyəti yoxdur, heç bir yerdə işləmir və heç bir yerdən gəliri yoxdur. Bu səbəbdən də iddia ərizəsində tələb edilən aliment miqdarını ödəmək onun imkanı xaricindədir. Həmçinin iddiaçı hal-hazırda Lənkəran şəhərində yerləşən gimnaziyada loborant işləyir və əmək haqqı alır. İddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında şahid qismində ifadə verən X5 bildirdi ki, iş üzrə cavabdeh olan Cavabdeh onun doğma oğludur. Oğlu Nazim 2015-ci ildə ağır yol qəzasına düşərək ağır xəsarət almışdır. Həmin vaxt İddiaçı öz övladı Yusifi də oğlunun üstünə ataraq evdən çıxıb gedərək, ayrı yaşamışdır. Nəvəsi Yusifi o, oğlu ilə birlikdə böyüdərək, onun bütün ehtiyaclarını ödəmişlər. Hazırda 3-4 aydır ki, Vüsalə oğlu Yusifi özü ilə aparmışdır. Yusif hazırda anası Vüsalə ilə birlikdə yaşayır. İşin məhkəmə baxışında şahid qismində ifadə verən X1 və X6 da X2 bildirdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 12 fevral 2015-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan rəsmi nikah qeydiyyatı pozulmuşdur və bu barədə Lənkəran rayon qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə, 87 saylı akt qeydi tərtib edilmişdir. Məhkəmə iddiaçının, cavabdehin və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından Yusif adlı bir uşaqları doğulmuşur. Uşaq hal hazırda yetkinlik yaşına çatmamaqla iddiaçının yanında qalır. Tərəflər arasında alimentin ödənilməsi ilə əlaqədar hər hansı saziş bağlanılmamışdır. Məhkəmə aliment tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Habelə həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansıəqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimunun hər ay 220 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Göstərilən qərarda Məhkəmə qeyd etmişdir ki, aliment tələbi barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərini və uşağın əvvəlki təminatının mümkün qədər saxlanılmalı olmasını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından xx.xx.2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar hesab edir ki, himayəsində azyaşlı uşağı olan iddiaçı 01 iyun 2023-cü il tarixdə aliment tələbi ilə məhkəməyə ərizə ilə müraciət etdiyindən alimentin tutulmasının başlanğıcı həmin tarixdən vaxtdan hesablanmalıdır. MPM-nin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinin və «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdehdən 50 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzlərdən görünür ki, məhkəməyə iddia ərizəsi verilməsi üçün iddiaçı tərəfindən 55 manat mediasiya xərci ödənilmişdir. Ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 55 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 iyun 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində 170 manat aliment tutularaq İddiaçı verilsin. Cavabdeh X3 dövlət nəfinə 50 manat məbləğində dövlət rüsumu tutulsun. Ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 55 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X13
Məhkəmə qərarları › İş №2(049)-2394/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2394/2023
21.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver