Məhkəmə qərarları › İş №2(049)-2427/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2427/2024

25.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2427/2024 25.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Hüseynov Ruslan Şahvələd oğlunun katibliyi, İddiaçı iştirakı, İddiaçı Cavabdeh qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənəvi zərərin olaraq 5000 (beş min) manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, “Facebook” sosial şəbəkəsində Cavabdeh tərəfindən nümayiş etdirilən reklamda qadın üçün nəzərdə tutulmuş bəzək əşyasının hazırlanmasını sifariş etmişdir. Bir neçə gün sonra cavabdeh hazırlanan bəzək əşyasını Bakı şəhəri, Nizami rayonu, Koroğlu mt.s-na kuryer xidməti vasitəsilə çatdıracağını bildirmişdir. Qeyd edilən vaxtda və yerdə kuryer vasitəsilə ona təqdim edilən əşyanın cavabdeh tərəfindən nümayiş etdirlən əşya ilə eyni rəng çalarlarına malik olmadığını görmüş və almaqdan imtina etdiyimi bildirərək Cavabdeh bu barədə məlumat vermişdir. Lakin cavabdeh hazırlanan əşyanın təklif edilən əşya ilə eyni olduğunu bildirmişdir. Əşya xoşuna gəlmədiyinə görə cavabdehə bir daha almaqdan imtina etdiyimi bildirdikdə, cavabdeh qadına yaraşmayan, milli-mədəni, mənəvi-əxlaqi dəyərlərə sığmayan tərzdə nalayiq ifadələr işlədərək onu təhqir etmiş, onun şərəf və ləyaqətini alçaltmışdır. Cavabdeh Mahır qızına xəbərdarlıq edərək istehlakçı hüquqlarının olduğunu və təhqirlə bağlı polisə şikayət edəcəyini bildirdikdə cavabdeh “polis mənəm, sənin başına oyun açaram” və s. ifadələr işlədərək onu təkrar təhqir edərək şərəf və ləyaqətini alçaltmışdır.(Səs yazıları kompakt disk vasitəsilə əlavə edilir). Qeyd edilənlər barədə 06.01 2024-cü il tarixində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi 14-cü polis bölməsinə yazılı müraciət etmişdir. Polis bölməsi tərəfindən işin araşdırılması zamanı fakt öz təsdiqini tapmış, təhqiramiz ifadələr işlətdiyinə görə Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilməklə tədbir görülmüşdür. Eyni zamanda, Cavabdeh tərəfindən təhqir edilməyi nəticəsində utanmış, mənəvi iztirablar keçirmiş, nalayiq ifadələrə özünü layiq bilməmiş, həmçinin təhqir üçün hər hansı şərait yaratmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu RPİ-nin 14-cü polis şöbəsi tərəfindən müvafiq sorğu məktubunun icrası ilə əlaqədar təqdim etdiyi materiallar, o cümlədən inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərardan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Cavabdeh İddiaçı söyüb təhqir etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə tənbehi tətbiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu RPİ-nin 14-cü polis şöbəsi tərəfindən İddiaçı barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib edilmiş ******* №-li inzibati xəta haqqında protokolun barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı qrafasında sonuncu mübahisə zamanı İddiaçı söyüb təhqir etdiyini etiraf etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş CD-R diskdə olan səsli mesajlarda cavabdeh tərəfindən iddiaçının ünvanına təhqiramiz ifadələrin işlədildiyi müəyyən edilir. xx.xx.2024 və xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən ümumilikdə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ hissəsinə əsasən insan ləyaqəti qorunur və ona hörmət edilir. Konstitusiyanın 46-cı maddəsinin İ və İİ maddələriə görə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni zamanda həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 №-li Qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmçinin Ali Məhkəmənin Plenumu göstərilən Qərarın 2-ci bəndində göstərmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Qeyd olunan Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qanunvericilik zərərin əvəzinin ödənilməsini tələb etməyi nəzərdə tutmuşdur və bu hal yalnız hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl olmalıdır. Yuxarıda sadalanan qanunvericilik normalarını və müvafiq plenum qərarlarında ifadə edilmiş hüquqi mövqeyi hazırki işin hallarına tətbiq edərkən məhkəmə bu qənaətə gəlir ki, cavabdehin iddiaçıya göndərdiyi səsli mesajlarda sonuncunun ləyaqətini alçaldan ifadələrin işlədilməsi iddiaçının mənəvi sarsıntılar keçirməsi, onun şüurunda mənfi psixi reaksiyaya səbəb olmasına gətirib çıxarmışdır. Belə ki, cavabdehin iddiaçıya qarşı qanunsuz hərəkətləri həm də cavabdehin barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi ilə nəticələnmiş, cavabdeh iddiaçını təhqir etməsini aparılmış inzibati araşdırma zamanı da etiraf etmişdir. Sadalananlardan belə nəticəyə gəlinir ki, iddiaçının cavabdeh tərəfindən ləyaqətini alçaldan ifadələrə məruz qalması nəticəsində onun mənəvi sarsıntı keçirməsi, ağır iztiraba düçar olması ağlabatandır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı mənəvi zərər tələbi əsaslıdır. Ona görə də mənəvi narahatlığın kompensasiyası cavabdeh tərəfindən ödənilməlidir. Lakin bununla yanaşı iddiaçı iddia ərizəsində ona dəymiş mənəvi zərərin hansı səbəblərdən məhz 5000 (beş min) manat məbləğində müəyyən olunmasını əsaslandırmamışdır. Məhkəmə mənəvi zərərin əvəzi olaraq cavabdehdən 500 (beş yüz) manat məbləğində pulun tutularaq iddiaçıya verilməsini işin hallarına uyğun və ədalətli hesab edir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməki, 500 (beş yüz) manat mənəvi zərər görə və iddia tələbinin ödənilmiş hissəsinə mütənasib olaraq 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun 70 (yetmiş) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Mənəvi zərərə görə 500 (beş yüz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 70 (yetmiş) manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar