Məhkəmə qərarları › İş №2(049)-2447/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2447/2024

05.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2447/2024 05.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı Cavabdeh qarşı nikah qeydinin pozulması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı nikah qeydinin pozulması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında rəsmi nikah qeyd edilmiş və onların birgə nikahdan yetkinlik yaşına çatmayan uşaqları vardır. Tərəflər arasında olan hazırki mübahisə də onların ailə münasibətlərindən irəli gələn mübahisədir və onlar “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak edib barışıq sazişi bağlayaraq aralarında bağlanmış nikahın pozulması, uşaqların hər ikisinin iddiaçının yanında saxlanılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmçinin, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən mediasiya - mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. İddia ərizəsindən göründüyü kimi hazırki mübahisə ailə münasibətlərindən irəli gələn mübahisədir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli MŞL/MT014/2024- 00570 nömrəli barışıq sazişi və mediasiya prosesinə xitam verilməsi barədə xx.xx.2024cü il tarixli protokoldan görünür ki, tərəflər Lənkəran 1 saylı mediasiya təşkilatında nikahın pozulması və uşağın kimin yanında saxlanılması ilə bağlı mediasiya prosesində iştirak edərək həmin məsələlərlə bağlı müəyyən razılığa gəlsələr də, uşağın saxlanması üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulması məsələsi ilə bağlı isə ümumiyyətlə, mediasiya prosesində iştirak etməmişlər. Mediasiya prosesi ilə bağlı tərtib edilən sənəddə də tərəflərin mediasiya təşkilatına nikahın pozulması və uşaqların kimin yanında saxlanılması ilə bağlı müraciət etdikləri qeyd edilmişdir. Göründüyü kimi, iddia ərizəsilə məhkəməyə müraciət edilməzdən əvvəl tərəflər “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak edərək nikahın pozulması və uşaqların iddiaçının himayəsində saxlanmasına dair barışıq sazişi bağlasalar da, həmin sazişdə uşaqlar üçün alimentin tutulması məsələsinə münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideyinlərdən birinin marağını pozduqda məhkəmə uşaqlar üçün alimentin hansı valideyindən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Qeyd olunan hüquq normasının məzmunundan göründüyü kimi, nikahın pozulması tələbinə dair mülki işə məhkəmə qaydasında baxılarkən uşaqlar üçün alimentin tutulması məsələsi, bu barədə tələbdə göstərilib-göstərilməməsindən asılı olmayaraq, məhkəmə tərəfindən mütləq şəkildə müəyyən edilməli məsələdir. Hazırki işdən isə məhkəməyə müraciət edilməzdən əvvəl uşaqlar üçün alimentin tutulması məsələsi ilə bağlı tərəflərin mediasiya prosesində iştirak etmiş oduqları müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.4-1-ci maddələrinin məzmununa görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1 və 152.1.6-1-ci maddələrinin məzmununa görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı hazırki iddia ərizəsində uşaqlar üçün cavabdehdən aliment tələb etdiyini qeyd etməsə də, nikahın pozulması tələbinə dair işə məhkəmə qaydasında baxılarkən uşaqlar üçün alimentin tutulması məsələsi mütləq şəkildə müəyyən edilməli məsələ olduğundan hesab edirəm ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak edilməsi ilə bağlı tələbə tam şəkildə riayət etmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilir ki, qərardadın təsviri hissəsində göstərilən həmin çatışmazlıqlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə mane olmur. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 40 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 40 manat dövlət rüsumu da ona qaytarılmalıdır. Eyni zamanda “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinin tələbinə görə, Mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. MPM-nin 152.1.5-ci maddəsinə görə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 149, 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı nikah qeydinin pozulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzə əsasən ödənilmiş 40 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar