Məhkəmə qərarları › İş №2(049)-2718/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2718/2025

23.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2718/2025 23.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X7, İddiaçının nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 09 may 2024-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay uşağa 245 manat sabit pul məbləğində aliment və Mediasiya Şurasına ödədiyi 60 manat pulun Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavavbdeh xx.xx.2023-cü il tarixdə Lənkəran rayon qeydiyyat şəbəsində nikahlarını104 sayla rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikah dövründə xx.xx.2024-cü il tarixdə X5 adlı uşağı anadan olmuşdur. Cavabdehlə üç aydan çoxdur ki, ayrı yaşayır. Cavabdeh onunla yola getmir, bu səbəbdən 21 aprel 2025-ci il tarixdən uşağı ilə birlikdə valideyinlərinin yanında yaşayır. Dəfələrlə cavabdehə uşağın saxlanmasına köməklik edilməsini xahiş etsə də, əhəmiyyət verməmişdir. Bunda əlavə xx.xx.2025-ci il tarixdə alimentin ödənilməsi ilə bağlı mediasiya təklifi göndərmişdir. Hal hazırda uşaq iddiaçının yanında yaşayır. İddiaçı uşağın maddi təminatını özü və valideyinlərim ödəyir. Cavabdehin yardımına ehtiyacı vardır. Ona görə aliment tələb edir. İddiaçı heç yerdə işləmir. Cavabdeh Türkiyə Respublikasında fabrikdə işləyir. Lakin dörd aydan çoxdur ki, heç bir uşaqla maraqlanmır və maddi yardım etmir. Cavabdeh mediyasiya prosessində iştirak etmədi. Uşaq üçün ayda 246 manat aliment tələb edir. Çünki uşağın ayda 400 manatdan çox xərci vardır. Ona görə aliment tələbinə dair məhkəməyə müraciət etməyə qərarına gəlmişdir. Daha sonra iddiaçı məhkəməyə xx.xx.2025-ci ill tarixdə ərizə göndərərək Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon Qeydiyyat Şöbəsində 104 sayla qeydə alınmış nikahın pozulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixlərdə məhkəməyə elektron ərizə ilə müraciət edərək iddianı qismən qəbul etdiyini, yəni nikahın pozulmasına razı olduğunu, alimentə olan münasubətdə isə hər ay uşağa 150 manat məbləğində aliment vermə öhdəliyini üzərinə göturdüyünü bildirmiş, ölkədə olmadığından məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan iclaslarının keçirilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 1154 saylı arayışdan görünür ki, Cavabdeh ilə X4 ilə xx.xx.2023-cü il tarixdə 104 saylı aktla Lənkəran rayon qeydiyyat şöbəsində nikahları rəsmiləşdirilmiş, nikahdan sonra arvada Quluzadə, ərə Quluzadə soyadı verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış AZ-İV 673251 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2024-cü il tarixdə X2 Respublikasının İstanbul şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Lənkəran ŞİHBnın Göyşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Lənkəran rayonun Göyşaban kəndində yaşayır və qızı xx.xx.2024-cü il tarixdə doğulmuş X5 adlı ailə tərkibi vardır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş qəbzlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya xərci kimi 60 manat, məhkəməyə müraciət etmək üçün isə 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə görə, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə, cavabdehin iddianı nikahın pozulması hissəsində tam qəbul etməsini nəzərə alaraq iddiaçı ilə caavbdehə vaxt verilməsini məqsədəmüvafiq hesab etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinin tələbinə görə, ərarvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Tərəflərin birgə nikahından doğulmuş uşağın ananın yanında qalması ilə bağlı tərəflərin arasında mübahisə olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddələrində göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci ilin yanvar ayının 1-dən 400 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tərəflərin faktiki müansibətlərindən doğulmuş yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində (yəni cari ilə münasibətdə 200 manat) sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2025-ci il tarixdən hesablanmaqla tutulmalıdır. MPM-nin 234.2 və 234.2.1-ci maddələrinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə tövsiyə olunsun ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilmişdir ki, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 01 mart 2023-cü il tarixdə Lənkəran Rayon Qeydiyyat Şöəsində qeydə alınmış 104 saylı nikah aktı qeydi pozulsun. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından xx.xx.2024-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək anası - İddiaçı yanında saxlanılsın. 03 iyul 2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2024-cü il tarixdə doğulmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddiaçı ödədiyi 60 manat mediyasiya xərci iddiaçının özünə aid edilsin. İddiaçı ödədiyi 50 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı və cavabdehə birgə nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin üç illik müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar