Məhkəmə qərarları › İş №2(049)-2815/2022

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2815/2022

20.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2815/2022 20.09.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X5, iddiaçı: İddiaçı, cavabdeh: X4 iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı “sabit pul məbləğində müəyyən edilmiş aliment məbləğindən və aliment borcundan azad etmə” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X6 qarşı sabit pul məbləğində müəyyən edilmiş aliment məbləğindən və aliment borcundan azad etmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ondan xx.xx.2010-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün iki uşağa görə əldə olunan gəlirin 1/3 hissəsi miqdarında olan alimentdən və yığılmış aliment borcundan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh X8 ilə 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş, birgə nikahdan onların xx.xx.2010-cu il tarixdə Xədicə adlı və xx.xx.2013-cü il tarixdə Məhəmməd adlı iki uşaqları dünyaya gəlmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün iki uşağa görə əldə olunan gəlirin 1/3 hissəsi miqdarında olan aliment ondan tutularaq, X6 verilməsi qət edilmişdir. O, qeyd üçün bildirir ki, həmin qət edilmiş aliment onun 3 cü qrup əlil kimi aldığı təqaüd pulundan (pensiya pulundan) tutulur. O, xəstə olduğu üçün işləyə bilmir. Bununla da yerdə qalan məbləğ onun dolanışığı üçün yetərli olmadığından o, cavabdeh X6 qarşı sabit pul məbləğində müəyyən edilmiş aliment məbləğindən və aliment borcundan azad etmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasına iştirak edən İddiaçı izahatında bildirdi ki, hazırda uşaqları anasının himayəsindədir. Özü İİİ qrup əlildir və 120 manat pensiya alır, və uşaqların saxlanılması üçün gəlirin üçdə bir hissəsi alimnet kimi ondan tutulur. Heç bir yerdə işləmir, heç bir gəliri yoxdur, pensiyadan qalan 32 manatla dolanır, buna görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X8 izahatında bildirdi ki, iddianı qəbul etmir. Birgə nikahdan olan iki uşaq hazırda onun himayəsindədir, hər iki uşaq məktəbə gedir və onların xərclərini artıq təmin edə bilmir. İddiaçı yalnız bir il aliment vermiş, sonra verməmişdir. Özü ayrıca aliment məbləğinin artırılması barədə iddia qaldıracaqdır. İddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinyəlyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia rədd edilməlidir Belə ki, iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 2(049)-1006/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimett tutularaq iddiaçı Cavabdeh Ənam qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(049)-1842/2020 nömrəli qərardaddan görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün iki uşağa görə əldə olunan gəlirin 1/3 hissəsi miqdarında müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 2 saylı Ailə Sağlamlıq Mərkəzinin Forma İİ 027/y nömrəli ambulator tibbi kartasının çıxarışından görünür ki, İddiaçı kəskin ifadə olunmuş astero-nevrotik vəziyyət, burun çəpərinin əyriliyi diaqnozu ilə ambulator xəstədir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2022-ci il tarixli, 162 saylı arayışdan görünür ki, Lənkəran rayonunun Sütəmurdov kənd sakini xx.xx.1961-ci il təvəllüdlü X1 oğlu xx.xx.1984-cü il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdən baş beyinin üzvü xəstəliyi nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi diaqnozu ilə Lənkəran şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2020-ci il tarixli , 2(049)-1842/20 saylı Lənkəran Rayon Məhkəməsinin qətnaməsindən çıxarışından görünür ki, İddiaçı iddiasını təmin etməmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə olan Kapital bankın xx.xx.2022-ci il tarixli qəbzindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsindən ötrü 55 manat ödənmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin münasibətləri tənzimləyən qeyd olunan müddəa alimentin müəyyən olunmuş miqdarına dəyişiklik edilə bilməsini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması ilə şərtləndirir. İddiaçı isə özünün və ya cavabdehin maddi vəziyyətində hətta alimentin miqdarının azadılmasına əsas verən hər hansı bir dəyişikliyin olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, iddiaçı, həmin məhkəmə qətnaməsi ilə iki uşağa görə alimentin ayrılmasından sonra onun ailə və maddi vəziyyətində hər hansı bir dəyişikliyin olmasına dair məhkəməyə heç bir subut təqdim etməmişdir. Eyni zamanda, Lənkəran Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 2(049)- 1006/2019 nömrəli qətnaməsi qəbul edildiyi vaxt İddiaçı (xx.xx-2016-cı il tarixdən) Lənkəran şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda olaraq 3-cü qrup əlil olmuş və bu səbəbdən ona təqaüd ayrılmışdır. Həmçinin, hazırkı halda məhkəmə qətnaməsi əsasında uşaqların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması, həmçinin uşağa əlavə xərcin sərf edilməsi zərurəti baxımından həmin uşaqların mənafeyinə mənfi təsir etmiş olar. Bu baxımdan məhkəmə hesab edir ki, uşaqların mənafeyini üstün tutulmalı və onların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ təmin edilməlidir. Məhkəmə, idddiaçının sağlamlığında olan müəyyən problemlərin olduğunu nəzərə alır, lakin eyni zamanda onu da qeyd edir ki, alimenti ödəməkdən azad edilmə bu halda həm qanunvericilik baxımından, həm də uşaqların mənafeyi baxımından yolverilməzdir. Nəzərə alındıqda ki, uşaqlar ananın himayəsindədir və hazırda məktəbə gedir, yəni xərclər artmışdır, qanunvericilikdə göstərildiyi kimi iddiaçının əmlak vəziyyətində hər hansı dəyişiklik olmamışdır bu halda alimenti ödəməkdən azad edilmə mümkünsüzdür. (2020-ci ildə boşanma zamanı da iddiaçı eyni xəstəlikdən əziyyət çəkməklə işləməmişdir). Məhkəmə, həmçinin iddiaçının ərizəsində qeyd etdiyi kimi “iki uşağa görə əldə olunan gəlirin 1/3 hissəsi miqdarında” ifadəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçıya Lənkəran Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 2(049)-1006/2019 nömrəli qətnaməsi ilə hər iki uşağa görə 200 manat sabit pul məbləğində aliment ödəməsini qət edilmiş, onun müraciətinə əsasən əldə olunan gəlirin 1/3 hissəsi miqdarında müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılmışdır, yəni hazırda iddiaçının ödəməli olduğu aliment məbləği hər ay iki üşağa görə 200 manat təşkil edir. Bu baxımdan iddiaçının iddiasəı rədd edilməklə, Lənkəran Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 2(049)-1006/2019 nömrəli qətnaməsi ilə İddiaçı xx.xx.2010-cu il tarixdə doğulmuş X3 və xx.xx.2013-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay iki uşağa görə müəyyən olunan 200 (iki yüz) manat məbləğində alimentin miqdarı dəyişdirilməməldir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. Lənkəran Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 2(049)-1006/2019 nömrəli qətnaməsi ilə İddiaçı xx.xx.2010-cu il tarixdə doğulmuş X3 və xx.xx.2013-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay iki uşağa görə müəyyən olunan 200 (iki yüz) manat məbləğində alimentin miqdarı dəyişdirilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar