Məhkəmə qərarları › İş №2(049)-2903/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2903/2025

23.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2903/2025 23.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlu İddiaçı Cavabdeh qarşı “alimenti və aliment borcunu ödəməkdən azad” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında araşdıraraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “aliment və aliment borcunu ödəməkdən azad edilmə” barədə ərizə ilə məhkəməyə müraciət edərək Lənkəran Rayon Məhkəməsinin 11 yanvar 2017-ci il tarixli 2(049)-507/2017 saylı qətnaməsinə əsasən 26 iyul 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatana kimi saxlanması üçün müəyyən edilmiş alimentin və bu vaxta qədər yaranmış aliment borcunun ödənilməsindən azad edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, İddiaçı hazırki ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməlidir. İddia ərizəsində həm 26 iyul 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatana kimi saxlanması üçün müəyyən edilmiş alimentin və həm də hazırki dövrə qədər yaranmış aliment borcunun ödənilməsindən azad edilməsi xahiş olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-ci maddəsinə görə aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Qeyd olunan Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi hazırki ərizədə xahiş iki hissədən ibarətdir və qətnamənin icrası qaydasında baxılmalı olan məsələ ilə iddia icraatı qaydasında həll edilməli olan məsələ eyni ərizədə qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.3-cü maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq analoji müddəalarının tətbiq edilməsinin mümkünlüyünü nəzərə alaraq qanunun analogiyası qaydasına istinad etməklə oxşar münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi məqsədə müvafiq hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 92 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 92 manat dövlət rüsumu da ona qaytarılmalıdır. İddiaçı hazırki ərizəsi forma və məzmun baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə cavab vermədiyindən həmin ərizənin geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Eyni zamanda, İddiaçı hazırki qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-268-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “aliment və aliment borcunu ödəməkdən azad edilmə” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli qəbzə əsasən ödənilmiş 92 manat dövlət rüsumu, habelə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar