Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2912/2024 07.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(049)- 4229/2018 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında bağlanmış nikah qeydinin pozulması, cavabdehlə birgə nikahından xx.xx.2013-cü il tarixdə doğulan X2 və xx.xx.2017-ci il tarixdə doğulan X1 onun yanında saxlanmaları qət edilmişdir. Cavabdehdən aliment tutulması ilə bağlı isə hələ 2018-ci ildə məhkəməyə müraciət etmiş və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(049)-4229/2018 nömrəli qətnaməsi ilə xx.xx.2018-ci il tarixdən başlayaraq X2 və X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdehin qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment və X3 adlı uşaq 3 yaşına çatanadək hər ay 50 manat vəsaitin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda cavabdeh rəsmi iş yerindən azad edilmişdir. Aliment sabit pul məbləğində olmadığı üçün cavabdehin qazancı olmadığı aylarda hər hansı miqdarda aliment ödənilməmişdir. Hazırda da uşaqların hər ikisi onun özünün yanındadırlar, onların təlim-tərbiyəsi ilə özü məşğul olur və maddi tələbatlarını ödəyir. Uşaqlar böyüdükcə onların maddi ehtiyyacları da gündən-günə artır və o, uşaqların tələbatını təkbaşına ödəməkdə çətinlik çəkir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək qərarına gəlmiş və ilk olaraq bunun üçün mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və bu barədə həmin təşkilatdan ona arayış verilmişdir. Həmin əsaslara görə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(049)-4229/2018 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı məhkəməyə teleqram göndərərək iddia tələbini müdafiə etdiyini bildirmiş və məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyi üçün işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, hazırda ehtiyatda olan hərbi qulluqçudur və xidmətdə olduğu vaxtlarda onun əmək haqqı, təxminən, 1800-2000 manat miqdarında olmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(049)-4229/2018 nömrəli qətnaməsinə əsasən iddiaçı ilə birgə nikahından olan iki uşağının saxlanması üçün onun əmək haqqının üçdə bir hissəsi tutularaq iddiaçıya ödənilmişdir. Həmçinin, əmək haqqına hesablanmış mükafatlar və kompensasiyalardan da tutulmalar olmuşdur. O, hazırda işləmir və hər ay 883 manat təqaüd alır. 2024-cü ilin fevral ayından iddiaçıya aliment ödəməmişdir. Lakin ondan əvvəlki müddətlərdə uşaqların saxlanması üçün iddiaçıya alimentdən əlavə də könüllü olaraq maddi yardımlar etmişdir. İddiaçının özünə məxsus gözəllik salonu var və orada işləyir. O, 2023-cü ildə X4 adlı şəxslə yeni ailə qurmuş və aldığı təqaüdlə hazırki ailəsini də saxlamalıdır. Maddi vəziyyəti ilə əlaqədar olaraq hazırda o, iki uşağa görə hər ay cəmi 350-360 manat miqdarında aliment ödəyə bilər, daha artıq aliment ödəməyə maddi imkanı yoxdur. Məhkəmədən maddi və ailə vəziyyətinin nəzərə alınaraq tələbin qismən təmin olunmasını xahiş edir. Məhkəmə araşdırması zamanı iddiaçının məhkəməyə ünvanladığı teleqram və cavabdehin izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş AA seriyalı ******* və ******* nömrəli, AZE seriyalı 18229388 və 18229389 nömrəli şəxsiyyət vəsiqələrinin surəti, xx.xx.2023-cü il tarixli AZ-İİ 592785 nömrəli nikah haqqında şəhadətnamənin, xx.xx.2017-ci il tarixli AZ-İİİ 994996 nömrəli və həmin tarixli AZ-T 035014 nömrəli doğum haqqında şəhadətnamələrin surətləri, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-517/2022 nömrəli qətnaməsi, xx.xx.2022-ci il tarixli AZ-İ 427508 nömrəli nikahın pozulması haqqında şəhadətnamə, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayış, xx.xx.2024-cü il tarixli mədaxil qəbzi ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə X2 və xx.xx.2017-ci il tarixdə X3 adlı iki uşağı doğulmuşdur. xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsi ilə xx.xx.2018-ci il tarixdən başlayaraq X2 və X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdehin qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment və X3 adlı uşaq 3 yaşına çatanadək hər ay 50 manat vəsaitin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyini, cavabdehin isə uşaqları saxlamaqda ona maddi yardım etmədiyini bildirərək məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində müəyyən olunmasını məhkəmədən xahiş edir. Cavabdeh hazırki tələblə bağlı ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçı ilə hər hansı razılığa gələrək barışıq sazişi bağlamamışdır. Lakin cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək hazırda işləmədiyini, rəsmi nikaha daxil olmaqla yeni ailə qurduğunu və hər ay cəmi 883 manat təqaüd aldığını, iddiaçıya hər ay cəmi 350-360 manat miqdarında aliment ödəyə biləcəyini qeyd edərək maddi vəziyyətinin nəzərə alınmasını xahiş etmişdir. Hazırki vəziyyətdə cavabdehin gəlirlərinin dəqiq miqdarı və mənbəyi məlum deyildir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.2-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, aliment tutulması və alimentin miqdarının artırılması tələbinə dair iddialar iddiaçının seçməsinə görə onun yaşadığı yerə görə də verilə bilər (MPM-nin 36.3-cü maddəsi). Aliment ödəyən şəxs tərəfindən alimentin miqdarının azaldılması barədə iddia isə MPM-nin 35.1-ci maddəsinin tələbinə müvafiq olaraq yalnız cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqların saxlanmaları üçün alimentin miqdarı 2018-ci ildə məhkəmə tərəfindən müəyyən edilərkən cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi olmuşdur. Bu səbəbdən həmin vaxt alimentin miqdarı cavabdehin qazancının (gəlirinin) müəyyən bir hissəsi kimi təyin edilmişdir. Hazırki vəziyyətdə isə cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi barədə məhkəməyə hər hansı yazılı sübut təqdim edilməmiş, lakin cavabdeh özü məhkəmə iclasında verdiyi izahatında əvvəllər hərbi xidmətdə olduğu vaxtlarda hər ay, təxminən, 1800-2000 manat miqdarında əmək haqqı, hazırda isə cəmi 883 manat təqaüd aldığını bildirmişdir. Bu səbəbdən tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanması üçün ödənilməli olan alimentin cavabdehin gəlirlərinin müəyyən hissəsi kimi təyin olunması faktiki vəziyyətdə həmin alimentin miqdarının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məqsədi ilə cavabdehdən tutulan alimentin miqdarının sabit pul məbləğində müəyyən edilməsi qanunamüvafiqdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında və bir-biri ilə əlaqəli şəkildə qiymət verərək, tərəflərin hazırki maddi və ailə vəziyyətini, habelə, uşaqların mənafeyini nəzərə alaraq xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin tutulma qaydasını dəyişdirməklə tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilən əsaslara görə məhkəmə qərara gəlir ki, uşaqların saxlanmaları üçün cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilərək hər ay hər uşaq üçün 200 manat - cəmi 400 manat sabit pul məbləğində müəyyən edilməsi hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə bağlı məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunan şəxs statusunda olmasına baxmayaraq mediasiya prosesi ilə bağlı 60 manat məbləği iddiaçı özü ödəmiş, cavabdeh isə mediasiya prosesinin nəticəsinə dair onunla barışıq sazişi bağlamadığından iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Hazırki iş üzrə cavabdeh dövlət rüsumunu ödəməkdən azad olunan şəxs statusunda olmadığından məhkəmə hesab edir ki, iddiaçının mediasiya prosesində ödədiyi 60 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırki iş üzrə tələb konkret olaraq alimentin azaldılması və ya artırılması ilə əlaqədar deyil, alimentin tutulması qaydasının dəyişdirilməsi ilə əlaqədar olduğundan və cavabdehin son vaxtlaradək iddiaçıya faktiki olaraq ödəmiş olduğu alimentin dəqiq miqdarı da bəlli olmadığından məhkəmə cavabdehdən mediasiya xərcindən əlavə hər hansı miqdarda dövlət rüsumu tutulmamasını qanunauyğun hesab edir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. xx.xx.2013-cü il tarixdə doğulmuş X2 və xx.xx.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh tutulan, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(049)-4229/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilsin. xx.xx.2013-cü il tarixdə doğulmuş X2 və xx.xx.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin sabit pul məbləğində tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçı mediasiya prosesində ödədiyi 60 manat Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(049)-2912/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2912/2024
07.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver