Məhkəmə qərarları › İş №2(049)-2948/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2948/2025

28.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2948/2025 28.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X11 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nəvəsi ilə ünsiyyətə yaradılan maneənin aradan qaldırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaç İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayon İcra Hakimiyyətinin Qəyyumluq və Humayəçilik Komissiyasının 20 fevral 2025-ci il tarixli qərarı ilə nəvəsi, 16 dekabr 2019-cu il təvəllüdlü X5 ilə hər həftənin şənbə və bazar günləri saat 10-00-dan-18-00-dək, eləcə də ad ğünü, Yeni İl, Novruz, Qurban və Ramazan bayramlarının İİ (ikinci) günlərində saat 10-00-dan 18-00-dək təyin edilmiş görüşə Cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və onun nəvəsi ilə ünsiyyətdə olmaq hüququnun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X6 ilə Cavabdeh arasında 23 may 2019cu ildə Lənkəran ŞlHB-nın Şürük kənd inzibati ərazi dairəsində nümayəndəliyi tərəfindən 05 N-li aktla nikah qeydə alınmışdır. Həmin nikahdan xx.xx.2019-cu il tarixdə X5 doğulmuşdur. Oğlu cavabdehlə ailə qurduqdan sonra bir müddət normal şəraitdə yaşamışlar. Lakin sonradan aralarındakı münasibətlər korlanmış, Lənkəran rayon Məhkəməsinin 2(049)-595/2025 saylı qətnaməsinə əsasən cavabdehlə oğlu arasında nikah qeydi pozulmuş və nəvəsinin cavabdehin yanında saxlanması müəyyən edilmişdir. O vaxtdan cavabeh uşağı onlara göstərməkdən imtina edir. O isə bir baba kimi öz nəvəsini görmək istəyir və onun üçün çox darıxır. Nəvə ilə ünsiyyət yaratmaq hüququ qanunda nəzərdə tutulsa da, cavabdeh ona nəvəsi ilə görüşməyə imkan vermir. Ona görə də ilk olaraq nəvə ilə ünsiyyət hüquqlarının həyata keçirilməsi üçün Lənkəran Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Orada ona nəvəsi ilə görüşməyin mümkünlüyü barədə rəy verilmiş və xx.xx.2019-cu il təvəllüdlü X1 onunla hər həftənin şənbə-bazar günləri, saat 10:00-dan 18:00-dək, eləcə də ad günü, Yeni il, Novruz, Qurban və Ramazan bayramlarının İİ (ikinci) günlərində saat 10:00-dan-18:00-dək ünsiyyətdə olmaq hüququnun təmin edilməsinin məqsədəmüvafiq hesab edilməsi qərara alınmışdır. Lakin cavabdeh onun bu hüququnu pozmaqla süni maneələr yaradır. Uşaqla görüşməkdən ötrü dəfələrlə zəng etməyinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr gətirərək ünsiyyətə mane olur. Bir sözlə Cavabdeh uşağın onunla ünsiyyətdə olmağına əngəl törədir və Lənkəran ŞİHB-nın Qəyyumluq və himayəçilik komissiyasının qərarını icra etmək istəmir. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdeh xx.xx.2025-ci il tarxdə məhkəməyə etiraz göndərərək etirazında göstərmişdir ki, hazırda keçmiş əri uşağı görmək üçün məhkəməyə müraciət etmişdir və iş məhkəmə icraatındadır. O, atasının uşaqla görüşünə qismən razıdır. Lakin qeyd edir ki, uşağın atası babası ilə birgə yaşayır və uşağa atası ilə görüş icazəsi veriləndə eyni zamanda babasının da uşaqla görüşmək imkanı yaranacaq. Ona görə də uşağın babası ilə ayrıca görüşməsini zəruri hesab etmir. Çünki babaya ayrıca görüş təyin olunması uşağın eyni şəxslə ikinci dəfə görüşməsi anlamına gəlir. Bu isə birinci sinifə başlayacaq və dərs yükü çox olacaq, həmçinin əlavə hazırlıqlara qatılacaq uşağın vaxtının əsassız şəkildə bölünməsinə səbəb olacaqdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirmişdi ki, həqiqətən də o, uşağın atası olan oğlu ilə birgə yaşayır. Lakin oğlu arabir evdə olmur və oğluna uşağı ilə görüşə icazəsi verilən günlərdə oğlu evdə olmadığı təqdirdə cavabdeh, görüşün atası ilə verildiyini əsas gətirərək ona nəvəsi ilə görüşməyə icazə verməyəcəkdir. Buna görə də sırf özünün nəvəsi ilə görüş günlərini müəyyən edilməsini istəyir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2025-ci il tarixdə əvvəlki etirazının məzmununa uyğun daha bir etraz göndərərək göstərmişdir ki, hazırda uşaq Hirkan qəsəbə tam orta ümumtəhsil məktəbində 1-ci sinifdə oxuyur və əlavə dərslərdə iştirak etdiyi üçün təmizlik və gigiyena işləri aparmağı zəruridir. Lənkəran Rayon məhkəməsinin 16(049)-78/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri kimi keçmiş əri X2 ünsiyyətlə bağlı mülki iş yekunlaşana qədər xx.xx.2019-cu il tarixdə doğulmuş X5 ilə həftədə bir dəfə görüşmək icazəsi verilmişdir. Uşağın atası X6 və babası İddiaçı bir ünvanda, yəni Lənkəran rayonu, Şürük kəndində yaşayır. Deməli uşaq atası ilə ünsiyyət quran zaman baba və nənənin də uşaqla ünsiyyət qurmaq imkanları olacaq. Odur ki, məhkəmədən hazırki iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran Rayon Məhkəməsinin 2(049)-595/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X6 arasında nikah qeydinin pozulması və nikah pozulduqdan sonra tərəflərin birgə nikahından xx.xx.2019-cu il tarixdə doğulmuş X1 anasının yanında qalması qət edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə doğulmuşdur, atası X6, anası isə X4r. Lənkəran Şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik komissiyasının tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qərarından görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X1 babası İddiaçı ilə hər həftənin şənbə və bazar günü saat 10:00-dan 18:00-dək, eləcə də ad günü, Yeni il, Novruz, Qurban və Ramazan bayramlarının ikinci günlərində saat 10:00-dan 18:00-dək ünsiyyətdə olmaq hüququnun təmin edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Şürük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən arayışdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı Lənkəran rayonu, Moğonojba kəndində yaşayır. Lənkəran Rayon Məhkəməsinin 16(049)-78/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür uşaqla görüş günlərinin müəyyən edilməsi tələbinə dair 2(049)- 2719/2025 saylı mülki işin yekun qərarı qanuni qüvvəsini alanadək X2 xx.xx.2019-cu il tarixdə doğulmuş övladı X3 hər həftənin şənbə günü saat 12:00-da təhvil alması və bazar günü saat 17:00-da geri qaytarılması qərara alınmışdır. Lənkəran rayonu Hirkan qəsəbə tam orta ümumtəhsil məktəbinin arayışından görünür ki, X5 2025-2026-cı tədris ilində həmin məktəbin 1-ci sinifində oxuyur. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçını dinləyib, iş materiallarına və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, iddiaçı baba nəvə ilə ünsiyyətdən kənarda qalmış və bu hal uşağın ailə bağları və emosional inkişafı üçün arzuolunmazdır. İcra hakimiyyətinin müvafiq orqanı da babanın müraciətinə dair müsbət rəy vermişdir. Cavabdeh ananın etirazında göstərilən ata ilə bağlı ünsiyyət işinin icraatda olması və müvəqqəti təminat tədbiri ilə ataya həftəlik görüş hüququnun verilməsi arqumenti Ailə Məcəlləsinin 52-ci baxımından babanın müstəqil ünsiyyət hüququnu istisna etmir. Atanın uşağı həftədə bir dəfə görməsi babanın ayrıca ünsiyyət hüququnun təmin edilməsinə mane olmur və bu hüquq uşağın mənafeyi ilə ziddiyyət təşkil etmir. Uşağın dərs rejimi, gigiyena və təmizlik, eləcə də gündəlik məşğuliyyətləri nəzərə alınmaqla babaya münasibətdə görüş qrafiki uşağın maraqlarına uyğun şəkildə müəyyən oluna bilər və uşağın vaxtının əsassız məşğul edilməsi ilə nəticələnmir. Bu səbəbdən cavabdehin etirazları əsasli hesab edilmir və iddiaçının tələbi uşağın mənafelərinə uyğun olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 62.1-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Qeyd olunan Məcəllənin 62.3-cü maddəsinə əsasən valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənələrə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357-358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı xx.xx.2019-cu il təvəllüdlü X5 ilə hər həftənin şənbə və bazar günləri, saat 10:00-dan 18:00-dək, eləcə də ad günü, Yeni il, Novruz, Qurban və Ramazan bayramlarının ikinci günlərində saat 10:00-dan 18:00-dək ünsiyyətdə olmaq hüququ təmin edilsin. X1 iddiaçıya verilməsi və həmin uşağın cavabdehə qaytarılması yeri Lənkəran rayonu, Hirkan qəsəbəsində, cavabdehin yaşadığı ünvanda müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar