Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2983/2025 20.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahından xx.xx.2021-ci il tarixdə doğulmuş X3 və xx.xx.2023-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdehdən xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.75 misli həddində sabit pul məbləğində aliment tutulub onun xeyrinə verilməsi, xx.xx.2023-cü il tarixdə doğulmuş X1 üç yaşınadək özü üçün hər ay 100 manat məbləğində aliment, mediasiya təşkilatına müraciət üçün ödədiyi 60 manat dövlət rüsumunun cabdehdən tutulаraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2021-ci ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş və o, cavabdehin valideynlərinin yaşadığı evə köçmüşdür. Onların birgə nikahından xx.xx.2021-ci il tarixdə X3 və xx.xx.2023-cü il tarixdə X4 adlı iki uşaqları doğulmuşdur. Cavabdehlə bir müddət birlikdə mehriban yaşamışlar, lakin sonradan xasiyyətləri uyğun gəlməmiş, cavabdeh xx.xx.2025-ci il tarixdə onu döyüb evdən qovduğu üçün o da iki uşağı ilə birgə öz valideynlərinin evinə getmişdir. Cavabdeh onu döydüyünə görə inzibati məsuliyyətə də cəlb edilərək cərimə edilmişdir. Həmin vaxtdan uşaqlar onun himayəsindədirlər və hazırda da hər iki uşaq sağ-salamat olmaqla onunla birlikdə yaşayırlar. O, cavabdehlə ayrıldığı vaxtdan sonra cavabdeh uşaqlarla maraqlanmamış, uşaqları saxlamaqda ona könüllü olaraq maddi yardım etməmişdir. Cavabdeh dülgərdir və yüksək qazanc əldə edir. O, gördüyü bütün işləri özünə məxsus “Tiktok” səhifəsi olan “Lənkəran-552” və instagram səhifəsi olan “mecidrauf” səhifələrində paylaşır. Gördüyü işlərdən də kifayət qədər qazanc əldə edir, lakin uşaqların saxlanması, onların təminatı üçün ona heç bir köməklik etmir. O, isə uşaqları təkbaşına saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə göstərdi ki, cavabdehlə xeyli vaxtır ki, faktiki olaraq ayrı yaşayırlar və cavabdeh uşaqların saxlanması üçün ona maddi köməklik etmir. Ona görə də hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı əlavə olaraq qeyd etdi ki, alimentin xx.xx.2025-ci il tarixdən başlayaraq tutulması tələbinin əsasını cavabdehin xx.xx.2025-ci il tarixdə iddiaçını döyməsi və həmin mübahisə ilə əlaqədar cavabdehin təqsirli bilinərək barəsində məhkəmənin qərarı ilə inzibati cərimə tətbiq edilməsi təşkil edir. Həmin qərarı sübut olaraq məhkəməyə təqdim edir, çünki iddiaçı xx.xx.2025-ci il tarixdən etibarən cavabdehdən ayrılmış, iki uşağı ilə birgə öz valideynlərinin evinə gəlmiş və həmin vaxtdan uşaqlara təkbaşına baxmışdır. Qeyd etdikləri nəzərə alınmaqla məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, onun nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini və işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, cavabdeh iddia tələbini qismən qəbul edərək hər ay hər uşağın saxlanması üçün iddiaçıya 150 manat aliment ödəməyə razıdır və iddia tələbini qalan hissələrdə qəbul etməyərək əsassız hesab edir. Həmçinin, iddiaçı alimentin xx.xx.2025-ci il tarixdən tutulmasını və xx.xx.2023-cü il tarixdə doğulmuş X1 üç yaşınadək özü üçün cavabdehdən hər ay 100 manat məbləğində aliment tutulmasını xahiş etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq maddələrində də qeyd edilmişdir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Bundan əlavə, iddiaçı cavabdehin dülgər işləyərək yüksək məbləğdə gəlir əldə etdiyini bildirsə də, bu barədə də məhkəməyə heç bir sübut təqdim etməmişdir. Hazırki mübahisə üzrə iddiaçı alimentin tutulmasının başlanğıc müddəti, əlavə maddi yardım, cavabdehin iş yeri və aylıq gəlirləri barədə məhkəməyə kifayət qədər sübut təqdim etmədiyindən izahatında qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün aliment tutulmasına dair hissədə qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxlərin izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Lənkəran rayon qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 167 nömrəli və 168 nömrəli arayışları, xx.xx.2021-ci il tarixli AZ-İV 686419 nömrəli və AZ-İV 903918 nömrəli doğum haqqında şəhadətnamələrin surətləri, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayış, Lənkəran şəhər İcra hakimiyyəti Başçısının Şovu kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışı ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, tərəflərin faktiki nikahından xx.xx.2021-ci il tarixdə X3 və xx.xx.2023-cü il tarixdə X4 adlı iki uşaqları doğulmuşdur. İddiaçı ilə cavabdeh arasında ailə münasibətləri pozulmuş və tərəflər faktiki olaraq ayrılmışlar, onların uşaqları isə xx.xx.2025-ci il tarixdən iddiaçının himayəsində qalmışlar. Hazırda iddiaçı cavabdehdən xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.75 misli həddində sabit pul məbləğində aliment tutulub onun xeyrinə verilməsi, xx.xx.2023-cü il tarixdə doğulmuş X1 üç yaşınadək özü üçün hər ay 100 manat məbləğində aliment, mediasiya təşkilatına müraciət üçün ödədiyi 60 manat dövlət rüsumunun cabdehdən tutulаraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı iddia tələbinin əsası olaraq xx.xx.2025-ci il tarixdə cavabdehdən faktiki olaraq ayrıldığını, həin vaxtdan uşaqların onun himayəsində yaşadıqlarını, onları saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyini, cavabdehin isə ona heç bir kömək və maddi yardım etmədiyini bildirir. Cavabdeh uşaqların saxlanması üçün iddiaçıya hər ay hər uşaq üçün 150 manat aliment ödəməyə razı olduğunu və tələbi qalan hissədə qəbul etmədiyini, alimentin tutulmasının əvvəlinin xx.xx.2025-ci il tarixdən başlanması tələbini də əsassız hesab etdiyini bildirmişdir. Cavabdeh aliment tutulması məsələsi ilə bağlı ilkin mediasiya sessiyasında iştirak etsə də, iddiaçı ilə hər hansı razılığa gələrək barışıq sazişi bağlamamışdır. Cavabdehin gəlirlərinin dəqiq miqdarı və mənbəyi məlum deyildir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər ayrıldıqları vaxtdan uşaqlar iddiaçı ilə qalmışlar və cavabdehin uşaqların saxlanması üçün iddiaçıya maddi yardım etməsi halları müəyyən edilməmişdir. Eyni zamanda, cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi barədə məlumat yoxdur. Ona görə də məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanmaları üçün cavabdehdən tutulan aliment sabit pul məbləğində müəyyən edilməlidir. Uşaqlar iddiaçının himayəsində olduqlarından uşaqlara qulluq, onların sağlamlığı, təhsili, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni hazırki iş üzrə cavabdehdən tutulmasına əsas verir. Cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması, hazırda daimi iş yerinin olmaması onu iddiaçı ilə birgə nikahından doğulmuş uşaqları saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin, uşaqların maddi ehtiyyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, onların birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması imkanlarını, 2025-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, iddiaçının cavabdehdən tələb etdiyi alimentin miqdarının uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu ilə müqayisədə kifayət qədər aşağı məbləğ olduğunu, habelə, uşaqların maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə alıb cavabdehdən hazırki vəziyyətdə hər ay hər uşaq üçün 200 manat - cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatana qədər saxlanmaları üçün iddiaçıya verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmin əsaslara görə alimentin miqdarı hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci ildə ölkə üzrə müəyyən olunmuş 400 manat minimum əmək haqqının 0,5 misli (200 : 400 = 0,5) həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin məcəllənin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, hazırki iş üzrə cavabdeh xx.xx.2025-ci il tarixdə hazırki iş üzrə iddiaçını döyərək xəsarət yetirdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada cərimə edilmişdir. Həmin qərarın ümumi məzmunundan tərəflərin qeyd olunan tarixədək bir evdə yaşadıqları bundan sonra faktiki olaraq ayrıldıqları, o vaxtdan etibarən iddiaçının uşaqlarla birlikdə öz valideynlərinin evində yaşadığı müəyyən edilir. Eyni zamanda, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı xx.xx.2025-ci il tarixdən sonra uşaqları ilə birgə cavabdehdən faktiki olaraq ayrı yaşasa da, o, uşaqların saxlanmaları üçün aliment tələb etmək niyyəti ilə mediasiya təşkilatına həmin vaxtdan uzun müddət keçəndən sonra müraciət etmiş, tərəflər mediasiya prosesində iştirak etmiş və mediasiya təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. İddiaçının aliment almaq üçün həmin vaxtdan daha əvvəl hər hansı tədbir gördüyü, bununla da uşaqların saxlanmaları üçün aliment tələb etməyə təşəbbüs göstərdiyi iş materiallarından müəyyən edilməmişdir. İddiaçı öz iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında xx.xx.2025-ci il tarixdən cavabdehdən ayrı yaşaığını və həmin vaxtdan sonra cavabdehin uşağın saxlanması üçün ona heç bir maddi göstərmədiyini qeyd etsə də, onun cavabdehdən faktiki olaraq ayrıldığı vaxtdan mediasiya təşkilatına, habelə, həmin orqanda cavabdehlə barışıq sazişi əldə edilməsi mümkün olmadıqda isə məhkəməyə müraciət etmək imkanı olmuş, lakin onun qeyd olunan tələblə əlaqədar aidiyyəti orqana təxirəsalınmadan müraciət etmiş olması halları müəyyən edilməmişdir. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, iddiaçı alimentin tutulmasının əvvəlinin xx.xx.2025-ci il tarixdən hesablanmasını tələb etsə də, alimentin tutulmasının əvvəli mediasiya təşkilatı tərəfindən müvafiq arayışın verildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə iddia tələbinin tərəflərin birgə nikahından xx.xx.2023-cü il tarixdə doğulmuş X4 adlı uşaq üç yaşına çatana qədər iddiaçının özü üçün cavabdehdən hər ay 100 manat sabit pul məbləğində aliment tutulmasına dair hissəsi ilə bağlı qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, hazırda iddiaçının himayəsində azyaşlı uşaqlar olsa da, o, əmək qabiliyyətli olmayan hesab edilmir. Eyni zamanda, məhkəmə iclasında cavabdehin özünün sabit gəlir mənbəyi, kifayət qədər gəlir əldə edə biləcək hər hansı fəaliyyətlə məşğul olması və iddiaçıya əlavə maddi yardım etmək üçün zəruri vəsaitə malik olması halları aşkar olunmamışdır. Hazırki şəraitdə tərəflərin əmək qabiliyyətli olma vəziyyəti eyni dərəcədə qiymətləndirildiyindən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının özü üçün aliment tutulmasına hər hansı əsas yoxdur. Cavabdehin iddiaçıya əlavə maddi yardım etmək üçün zəruri vəsaitə malik olması halları sübuta yetirilmədiyindən məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2023-cü il tarixdə doğulmuş X4 adlı uşaq üç yaşına çatana qədər iddiaçının özü üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutulmasına dair hissəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmək üçün 60 manat vəsait ödəmiş, cavabdeh isə, ümumiyyətlə, mediasiya prosesində iştirak etsə də, hazırki tələb üzrə iddiaçı ilə məhkəmədənkənar razılığa gələrək hər hansı barışıq sazişi bağlamamışdır. Məhkəmə qeyd olunan əsaslara və işin faktiki hallarına əsasən iddiaçının mediasiya sessiyasında iştirak üçün ödədiyi 60 manat xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki iş üzrə alimentin məhkəmə tərəfindən müəyyən edilmiş miqdarının hər ay cəmi 400 manat olması nəzərə alınmaqla, bir il ərzində ödəmənin məcmusu 4800 manat təşkil edir. Qüvvədə olan qanunverdiciliyə əsasən həmin məbləğə görə cəmi 68 manat dövlət rüsumu ödənilməlidir. Cavabdehin iddiaçıya ödəyəcəyi 60 manat məbləğin onun alimentə görə ödəməli olduğu 68 manat dövlət rüsumunu əhatə etmədiyini nəzərə alaraq məhkəmə qərara gəlir ki, aliment alınması ilə bağlı cavabdehdən əlavə olaraq 8 manat miqdarda dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icraya yönəldilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixdə doğulmuş X2 və xx.xx.2023-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. İddia tələbinin tərəflərin birgə nikahından xx.xx.2023-cü il tarixdə doğulmuş X4 adlı uşaq üç yaşına çatana qədər İddiaçı üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutulmasına dair hissəsi təmin edilməsin. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyası üçün ödədiyi 60 manat mediasiya xərci Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Cavabdeh əlavə olaraq 8 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icraya yönəldilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(049)-2983/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2983/2025
20.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver