Məhkəmə qərarları › İş №2(049)-3021/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3021/2025

21.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3021/2025 21.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştiraki ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və (və ya) cavabdehin başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin, həmçinin hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,20 misli həddində sabit pul məbləğində alimentin, xx.xx.2024-cü il tarixdə anadan olmuş X1 üç yaşınadək saxlanması üçün hər ay 100 manat məbləğində alimentin, hüquqi xidmətə görə vəkilə ödədiyi 311 manat müqavilə pulunun, vəkilə etibarnamə verərkən notariusa ödədiyi 17,25 manat pulun və Mediyasiya xidməti üçün ödədiyi 60 (altmış) manat məbləğində dövlət rüsumunun onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.2004-ci il tarixdə Lənkəran rayonunda anadan olmuşdur, iş üzrə Cavabdeh ilə 05 sentyabr 2023-cü il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahlarından xx.xx.2024-cü il tarixdə Uğur adlı bir uşaqları anadan olmuşdur. Cavabdehlə ailə qurandan sonra cavabdehin valideyinlərinin yaşadığı evə gəlin köçmüşdur. Cavabdehlə ailə qurandan sonra bir müddət mehriban yaşasalar da, sonradan isə cavabdeh ilə aralarında olan münasibətlər korlanmışdır, cavabdehlə yaşamaq qeyri-mümkün olduğundan ondan ayrılmaq qərarına gəlmişdir və bir müddət bundan əvvəl ondan ayrılmışdır. O, Cavabdeh ayrılandan sonra azyaşlı uşağı onunla qalmış, ayrıldığı vaxtdan azyaşlı uşağı ilə birlikdə valideynlərinin himayəsində yaşayır və bu müddət ərzində cavabdeh bir ata kimi uşağı ilə maraqlanmamışdır. İddiaçı özü tək uşağı saxlanmaqda çətinlik çəkir. Hazırda valideyinlərinin köməkliyi ilə o, uşağını saxlayır və onun ehtiyaclarını qarşılayır. Onu da qeyd etmək istəyir kı, valideyinləri yaşadıqları ev darısqaldır, lakin məcburiyyət qarşısında qalıb hələlik valideynləri ilə birlikdə yaşayır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil təmsil etiyi iddiaçının iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, ələvə olaraq bildirmişdir ki, Cavabdeh "xxxx" MMC-də xəzinədar vəzifəsində işləyir və ayda 550 manat əmək haqqı alır. Cavabdeh həmçinin 740 manat məbləğində təqaüd alır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahatında və məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etiraz ərizəsində Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, birgə nikah dövründə müxtəlif Banklardan 13.000 manat kredit götürmüşdir. Hər ay 1.000 manat kredit ödəyir, həmin puları iddiaçı və uşaq üçün xərcləmişdir. Dövlət tərəfindən xəstəliyinə görə ayrılan qan pulu, onun aylıq müalicə puluna və dolanışığına çatmır. Hər ay dərmanlarına və müalicəsinə 200-250 manat pul xərcləyir. Dərmaların qiyməti çox bahadır, bundan əlavə atası ürəkdən xəstədir və hər ay atasının ds dərmanlarını özü alır. Bacısı da birinci qurup əlidir. Həmçinin onun da dərmanları çox bahadır. Uşağın saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment ödəyə bilər. İddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2024-cü təvəllüdlü Lənkəran rayonunda doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. AZ-İ 486893 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2024 -cü il tarixdə, 218 saylı akt əsasında pozulmuşdur. Nikah haqqında» şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı arasında nikah 05 sentyabr 2023-cü il tarixdə Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən 423 sayla bağlamış, nikah bağlandıqdan sonra ərə arvada Əzimzadə soyadı verilmişdir “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xəzinədar vəzifəsində işləyir və aylıq əmək haqqı müqavilə üzrə 550 manat təşkil edir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar - 2-ci qrup əlil kimi 250 manat və 500 manat olmaqla, hər ay 750 manat pensiya alır. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından doğulmuş Uğur adlı uşağları doğulmuşur. Uşaq hal hazırda yetkinlik yaşına çatmamaqla iddiaçının yanında qalır. Tərəflər arasında alimentin ödənilməsi ilə əlaqədar hər hansı saziş bağlanılmamışdır. Cavabdeh iddianı qismən etiraf edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Habelə həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansıəqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı, 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1 madəsinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərini və uşağın əvvəlki təminatının mümkün qədər saxlanılmalı olmasını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2024-cü təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay minimum əmək haqqı məbləğinin 0,55 misli miqdarında aliment və xx.xx.2024-cü təvəllüdlü X2 3 yaşına çatanadək ona qulluğa görə hər ay 50 (əlli) manat məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar hesab edir ki, himayəsində azyaşlı uşaqları olan iddiaçı xx.xx.2025-ci il tarixdə aliment tələbi ilə məhkəməyə ərizə ilə müraciət etdiyindən alimentin tutulmasının başlanğıcı həmin tarixdən vaxtdan hesablanmalıdır. MPM-nin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı Rəfayil qızı tərəfindən xx.xx.2025-ci il tarixdə hazırki iddia tələbi ilə əlaqədar 60 (altmış) manat mediasiya xərci ödənilmişdir. Lənkəran rayon Vəkil bürosunun vəkili Vəkil ilə İddiaçı Rəfayil qızına hüquqi yardım göstərilməsi üçün bağlanmış “hüquqi yardımın göstərilməsi” haqqında xx.xx.2025-ci il tarixli 32932/25 saylı müqavilədən görünür ki, həmin müqavilədə xidmət haqqı 311 manat göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, 311 manat məbləğində vəsait Lənkəran rayon Vəkil bürosunun bank hesabına ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 121.1 maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə həmçinin belə qənaətə gəlir ki, iddia tələbi üzrə ödənilmiş 60 (altmış) manat mediasiya xərci və və hüquqi yardıma dair ödənilmiş vəsaitə dair 150 (bir yüz əlli) manat olmaqla, cəmi 210 (iki yüz on) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh hər ay minimum əmək haqqı məbləğinin 0,55 misli miqdarında aliment və xx.xx.2024-cü təvəllüdlü X2 3 yaşına çatanadək ona qulluğa görə hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi üzrə İddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinə dair 60 (altmış) manat və hüquqi yardıma dair ödənilmiş vəsaitə dair 150 (bir yüz əlli) manat olmaqla, cəmi 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamə alimentin ödənilməsi hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar