Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-313/2023 12.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı nümayəndəsi, eyni zamanda vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından dünyaya gəlmiş 20 sentyabr 2010-cu il təvəllüdlü X9, qeyri rəsmi nikahlarından dünyaya gəlmiş 29 sentyabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmasından və onların təhsil xərclərinin ödənilməsindən ötrü Cavabdeh hər uşaq üçün hər ay 220 manat ümumilikdə 440 manat məbləğində alimentin alınaraq ona yəni - İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi olaraq boşanmış, bu barədə Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən 17 iyun 2011-ci il tarixli 68 nömrəli «Nikahın pozulması haqqında şəhadətnamə» verilmişdir. Birgə nikahlarından 20 sentyabr 2010-cu il tarixdə X9, qeyri rəsmi nikahlarından isə 29 sentyabr 2018-ci il tarixdə X10 doğulmuşdur. 23 dekabr 2018-ci il tarixli 2(049)-5269/2018 saylı qətnaməyə əsasən Cavabdeh 100 manat məbləğində aliment tutularaq ona önədilməsi qət edilmişdir. Uşaqlar hal-hazırda sağ-salamat olmaqla onun himayəsindədir. Onların artıq təhsil və digər xərcləri artdığına görə Cavabdeh tərəfindən ödənilən 100 manat miqdarında aliment məbləği onların xərclərini qarşılamaq üçün kifayət etmir. Cavabdeh uşaqların atası olaraq öz övladlarının təhsil xərclərinin qarşılanmasında köməklik göstərməlidir. Lakin o 100 manat aliment məbləğindən əlavə övladlarına heç bir maddi dəstək göstərmir. Cavabdehin ata olaraq övladlarının ehtiyaclarını, mənəvi və maddi cəhətdən qarşılamaq onun üzərinə düşən atalıq vəzifəsidir. O bir valideyn olaraq ana kimi övladlarının qayğısına qalır və onların təlim tərbiyyəsi ilə məşğul olur. Birgə nikahlarından iki övladları dünyaya gəlmişdir və onlar böyüdükcə maddi təlabatları da gün-gündən artır. Bu səbəbdən də Cavabdeh qarşı məhkəməyə aliment tələbi ilə bağlı müraciət etmək məcburiyyətindədir. Cavabdeh iddiaya qarşı etiraz verərək, iddianın rədd edilməsini xahiş etmişdir. İddiaya qarşı etiraz onunla əsaslandırmışdır ki, İddiaçı ilə xx.xx.2009-cu ildə nikaha daxil olmuşdur. Nikahdan sonra İddiaçı hərəkətlərində və davranışlarında psixonevroloji hərəkətlərin olmasının müstəqil düşüncəsinin olmamasının, kənardan idarə olunmasının şahidi olmuşdur. İlk gündən İddiaçı ilə münasibətləri yaxşı olmamışdır. Nikahdan xx.xx.2010-cu ildə bir qız övladları dünyaya gəlmişdir. Həmin qız övladına Lənkəran Məhkəməsi tərəfindən aliment kəsilmişdir. Artıq 11(on bir) ildir ki, o hər ay alimentini vaxtında ödəyir. Ailənin dağılmasına səbəb onun ailəsinin ailə işlərinə müdaxiləsi (əvvəllər anası, indidə atası və bacısı) və özünün psixonevroloji davranışları səbəb olmuşdur. Nəticə etibarı ilə xx.xx.2011-ci ildə rəsmi şəkildə nikah pozulmuşdur. Ötən 12(on iki) il ərzində İddiaçı ilə heç bir münasibətləri olmamışdır. Uşağa aliment verdiyinə görə müxtəlif vaxtlarda uşağı gəzməyə və atasının yaşadığı evə, babası və nənəsinin yanına aparmışdır. O onunla rəsmi rəsmi ayrıldıqdan sonra (xx.xx.2011-ci ildə) heç bir nikahı və dini qaydada qaydada kəbini olmamışdır. xx.xx.2018-ci ildə onun uşağı dünyaya gəlmişdir. Dünyaya gətirdiyi uşaq nikahsız və kəbinsizdir. İddia ərizəsində uşağın soyadını və ata adını onun ərizəsi olmadan onun adını və soyadını qeyri-qanuni qeyd etmişdir. Bu isə açıq şəkildə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinin (valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır) və həmin məcəllənin 46.3-cü maddəsinin (uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır) ciddi şəkildə pozulması deməkdir. İddiaçı uşaqlardan birinin alimentinin artırılması və digərinə aliment təyin edilməsi ilə bağlı 2018-ci ildə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə hər uşağa 100 azn miqdarında (2 uşağa 200 azn) aliment kəsilmişdir. Əmək haqqının az olmasına baxmayaraq 2018-ci ildən ötən dövr ərzində O hər ay alimenti vaxtında ödəmişdir. Amma övladları ilə görüşə bilməmişdir. Buna da səbəb İddiaçı müdaxiləsi olmuşdur. Belə ki, o övladları ilə Samirənin iştirakı olmadan görüşmək istəsədə İddiaçı buna imkan verməmiş və şərait yaratmamışdır. İddiaçı vaxtlı-vaxtında ona verilən aliment ilə kifayətlənməyərək yenidən alimentin artırılması ilə bağlı müraciət etmişdir. Səbəb kimi uşaqların təhsil xərclərinin çox olmasını qeyd edirmişdir. Uşaqlardan biri 2010-cu il təvəllüdlüdür, hazırda 12 yaşı vardır və Lənkəran şəhər 4 saylı tam orta məktəbin 6-cı sinifində təhsil alır. Məktəb özəl deyil, dövlət məktəbidir. Məktəbdə dərsliklər və.s pulsuz verilir. Geyim və dərs ləvazımatlarından başqa uşağa nə alınır ki, ona verilən aliment kifayət etmir? O cümlədən digər uşaq 2018-ci il təvəllüdlüdür. Hazırda 4 (dörd) yaşı vardır. Məktəbli deyil. Baxçaya gedmir. Belə olan halda həmin uşağa verilən aliment niyə çatmır? Qeyd edilənlərdən aydın olur ki, onun alimentə ehtiyacı yoxdur. Belə ki, özü Pedaqoji Kollecdə və orta məktəbdə dərs deyir, repetitorluq fəaliyyəti göstərir, onun da etdiyim kömək hesabına aldıqları evi kirayə verib və ordan da kirayə haqqı (ayda 300 manat) alır. Həmçinin atası ilə birgə yaşayır və atası da 400 manatdan çox təqaüd alır. Ümumilikdə ailənin aylıq 2000 manata yaxın gəliri vardır. Belə olan halda alimentin artırılması nə dərəcədə düzgündür? Burada məqsəd uşaqlar deyil, bildirmək istəyir ki, uşaqlara ödədiyi aliment onlara xərclənmir və Axundovların ipoteka ilə götürdükləri evin aylıq ödənişinə verilir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun çıxış etmiş, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddiaya qarşı etirazda qeyd olunanlara uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2010-cu il tarixdə Lənkəran rayonunda doğulmuşdur. X3, atası Cavabdehdur. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2018-ci il tarixdə Lənkəran rayonunda doğulmuşdur. X3, atası Cavabdehdur. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X7 xx.xx.2011-ci il tarixdə, 68 saylı akt qeydi ilə nikahları pozulmuşdur. Cəmiyyətin İnkişaf Xidmətləri MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3 №-li Arayışdan görünür ki, X9 həmin təhsil müəssisəsində ingilis dili üzrə təhsil alır və 2022-ci ilin 8 ayı üçün 545 manat təhsil haqqı ödənilmişdir. Doğum haqqında Şəhadətnamədən görünür ki, X11 xx.xx.2022-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, anası X8, atası isə Cavabdehdur. Lənkəran Rayon Məhkəməsinin 18 iyul 2013-cü il tarixli 2(049)-1286/2013 №-li qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, xx.xx.1983-cü il tarixdə Lənkəran rayonunun Avrora qəsəbəsində doğulmuş Cavabdeh övladı – 20 sentyabr 2010-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində olmaqla hər ay 80 (səksən) manat aliment alınıb xx.xx.1985-ci il tarixdə Lənkəran şəhərində doğulmuş İddiaçı verilmiş, alimentin tutulmasının 01 iyul 2013-cü il tarixdən hesablanması, Cavabdeh alimentin alınması iddiası üzrə qanunvericiliklə müəyyən olunmuş iddia qiymətinə müvafiq olaraq 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınıb dövlət mədaxilinə köçürülməsi, iddianın qalan hissədə təmin ediməməsi qət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli 2(049)-5269/2018 №-li qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2018-ci il tarixdə İddiaçı doğulmuş Toğrul adlı uşağın atası olması faktı müəyyən edilmiş və həmin uşağın saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Şahbazov X6- Astara Regional Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsində işləməklə 1039.5 manat məbləğində əmək haqqında alır. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə münasibətlərindən xx.xx.2010-cu il tarixdə Gülər və xx.xx.2018-ci il tarixdə Toğrul adlı iki uşağları doğulmuşdur. Hal hazırda tərəflər ayrı yaşamaqla, Gülər və Toğrul adlı uşaqlar iddiaçının himayəsindədir. Cavabdehin qeyri-rəsmi nikahından xx.xx.2022-ci il təvəllüdlü Sunay adlı uşağı da vardır. Cavabdeh Lənkəran-Astara Regional Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsində işləməklə 1039.5 manat məbləğində əmək haqqında alır. Lənkəran Rayon Məhkəməsinin 18 iyul 2013-cü il tarixli 2(049)-1286/2013 №-li qətnaməsi ilə Gülər adlı uşağın saxlanılması üçün hər ay 80 manat aliment, Lənkəran Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli 2(049)-5269/2018 №-li qətnaməsi ilə isə Toğrul adlı uşağın saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd olunan hallar işin mübahisəsiz hallarıdır. Tərəflər arasında mübahisə uşaqların saxlanılması üçün təyin edilmiş alimentin məbləğinin artırılması ilə əlaqədardır. Belə ki, iddiaçı yanında saxlanılan xx.xx.2010-cu il təvəllüdlü Gülər və xx.xx.2018-ci il tavəllüdlü Toğrul adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat məbləğində aliment tələb edir. Cavabdeh isə iddianın rədd edilməli olmasını bildirir. Məhkəmə iddiaçının aliment tələbi irəli sürməsini bildirsə də, Lənkəran Rayon Məhkəməsinin 18 iyul 2013-cü il tarixli 2(049)-1286/2018 №-li qətnaməsi ilə Gülər adlı uşağın və Lənkəran Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli 2(049)-5269/2018 №-li qətnaməsi ilə Toğrul adlı uşağın saxlanılması üçün aliment təyin edildiyindən məhkəmə iddianı iddiaçının yanında saxlanılan Gülər və Toğrul adlı uşaqların saxlanılması üçün təyin edilmiş alimentin artırılması tələbi kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır; Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır; Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi); Məhkəmə qeyd edir ki, qazancının olub-olmadığından asılı olmayaraq uşağın atası uşağını saxlamağa borcludur, lakin cavabdehin də himayəsində arvadının və yetkinlik yaşına çatmayan bir övladının olması alimentin məbləğinin müəyyən edilməsi zamanı nəzərə alınmalıdır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Qanunun məzmunundan göründüyü kimi qanunverici bir çox kateqoriyalardan olan insanları yaşaması üçün minimum xərcləri müəyyən etmişdir ki, uşaqları saxlanmasının minimum xərci kimi də 220 manat müəyyən edilmişdir. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin təyin edildiyini vaxtdan artıq 7 ilə yaxın müddət keçdiyindən iddiaçı ilə cavabdehin birgə nikahından olan uşağının böyüdükcə gündəlik tələbatının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır və mübahisə edilə bilməz. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxt aşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hərtərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə yuxarıda qeyd qanunvericlik aktlarını hazırki işin materialları ilə qarşılıqlı şəkildə araşdırıb, tərəflərin təqdim etdiyi sübutlara məcmu halda qiymət verib uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi, hazırda X9 və X4 böyüdükcə hər il artan xərclərini, eyni zamanda cavabdehin də başqa nikaha daxil olmasını və həmin nikahdan bir yetkinlik yaşına çatmayan uşağının olmasını, onların da təminatının cavabdehin üzərinə düşməsini nəzərə alaraq hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 18 iyul 2013-cü il tarixli 2(049)-1286/2013 №-li qətnaməsi ilə X1 üçün təyin edilmiş hər ay 80 manat və Lənkəran Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli 2(049)-5269/2018 №-li qətnaməsi X2 üçün təyin edilmiş hər ay 100 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq tərəflərin birgə nikahından doğulmuş Gülər və Toğrul adlı uşaqların yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, hər ay iki uşaq üçün cəmi 280 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya ödəməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay cavabdehdən cəmi 280 manat alimentin tutulması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 3360 manat təşkil edir. Göründüyü kimi, aliment tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq da 1000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni 23,60 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə 53,60 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdehdən 40.4 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 18 iyul 2013-cü il tarixli 2(049)-1286/2013 №-li qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X1 və Lənkəran Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli 2(049)-5269/2018 №-li qətnaməsi xx.xx.2018-ci il təvəllüdlü X2 üçün təyin edilmiş alimentin miqdarı dəyişdirilsin. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 140(bir yüz qırx) manat olmaqla, hər ay iki uşaq üçün cəmi 280(iki yüz səksən) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 56,60 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-313/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-313/2023
12.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver