Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3184/2025 21.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5000 manat mənəvi zərər məbləği və 70 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, müxtəlif toy şənliklərinə gedərək orada işləyib qazanc əldə etməklə ailəsini dolandırır. xx.xx.2024-cü il tarixdə toy şənliyində müxtəlif ərzaq məhsullarını hazırlamaq üçün dəvət edilmişdir. Müəyyən müddət orada işlədikdən sonra işini yekunlaşdırıb evə getmək istəmiş, buna görə də toy sahibinə yaxınlaşaraq evə getmək istədiyini demişdir. Toy sahibi də onun əvvəllər heç vaxt görmədiyi və tanımadığı X2, yəni hazırki iş üzrə cavabdehə müraciət edərək onu yaşadığı ünvana aparmasını tapşırmışdır. Bundan sonra o, cavabdehin idarə etdiyi avtomobilə əyləşmişdir. Cavabdeh onu yaşadığı ünvana deyil, Astara rayonu istiqamətində aparmış, o, bunun səbəbini soruşduqda cavabdeh ona oradan bir tannışından çanta götürüb qayıdacaqlarını demişdir. Astara rayonuna çatdıqdan sonra isə cavabdeh arxa oturacağa keçmiş və ondan xoşu gəldiyini demişdir. O, cavabdehə qəti şəkildə irad bildirsə də, bunun faydası olmamış, cavabdeh onun əynindəki paltarları zor işlədərək çıxarıb onu zorlamaqla cinsi əlaqədə olmuşdur. Həmin vaxt o, avtomobilin şüşələrini açıb qışqırmaq istəsə də, şüşə açanın yerində olmadığını, yəni çıxarıldığını görmüşdür. Həmçinin, qapıları açmaq istəsə də, qapıların bağlı olduğunu görmüşdür. Cavabdeh onunla cinsi əlaqədə olduqdan sonra onu yaşadığı evə aparmış və o, dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etmişdir. Bir neçə gün sonra Lənkəran rayon mərkəzi xəstəxanasına getmək istəyərkən cavabdeh ona zəng edərək harada olmasını soruşmuş, o da xəstəxanaya getmək istədiyini demişdir. Cavabdeh gəlib onu aparmaq istədiyini demiş, o isə elə düşünmüşdür ki, cavabdeh ondan üzrxahlıq etmək üçün və etdiyi cinayətin cəzasını çəkməyə hazır olduğunu demək üçün gəlir. Cavabdeh gəldikdən sonra onu xəstəxanaya aparmış, bir qədər sonra o, cavabdehə evə getmək istədiyini demişdir. Cavabdeh ona avtomobilə əyləşməsini demiş, o, avtomobilə əyləşdikdən sonra cavabdeh başqa bir ünvana gedərək yenidən onunla zorla cinsi əlaqədə omuşdur. Cavabdeh öz hərəkətləri ilə ona mənəvi zərər vurmuşdur. Hesab edir ki, cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərərin əvəzi ödənilməidir. Qeyd etdiklərinə əsasən cavabdehdən 5000 manat mənəvi zərər məbləği və 70 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, cavabdeh ona qarşı fiziki zor tətbiq etməklə təcavüz etdiyinə görə onun barəsində müvafiq orqanlara şikayət etmişdir. Lakin sonradan cavabdehin xahişləri nəticəsində və ona 7000 manat pul verdiyi üçün barışığa razı olmuşdur. Ancaq cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərər dəymiş, şərəf və ləyaqəti alçaldılmışdır. Şikayət ərizəsi əsasında 11 aya yaxın müddət ərzində hüquq-mühafizə orqanalarına gedib-gəlməklə, araşdırma proseslərində iştirak etməklə biabır olmuş, eyni zamanda, səhhətində də ciddi problemlər yaranmışdır. Cavabdehin ona verdiyi pulu cinayət işi başlanmaması üçün almışdır. Ancaq o zaman güman etməmişdir ki, səhhətində belə ciddi problemlər yarana bilər. Cavabdehin hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərəri cəmi 5000 manat miqdarında qiymətləndirir. Ona görə də hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı ilə əvvəllər hər hansı münasibəti olmamışdır. xx.xx.2024-cü il tarixdə keçirilən toy məclisindən sonra iddiaçı özü ondan xahiş etmişdir ki, onu öz avtomobili ilə evə aparsın. Yolda olduqları zaman isə iddiaçı ondan Astara rayonuna getmələrini xahiş etmiş və bildirmişdir ki, orada aşpazlardan pul alacaqdır. O da bundan sonra iddiaçını Astaraya aparmışdır. 1-2 gün sonra da iddiaçının xahişi ilə onu öz avtomobili ilə xəstəxanaya aparmışdır. Bir neçə gün sonra isə polis şöbəsindən ona zəng edilərək iddiaçının onun barəsində şikayət etdiyi bildirilmişdir. O, iddiaçıya qarşı heç bir fiziki zor tətbiq etməmiş, onunla zorla iradəsinə zidd olaraq cinsi əlaqədə olmamışdır. Eyni zamanda, iddiaçıya hər hansı şəkildə mənəvi zərər də vurmamışdır. İddiaçının hazırki iddia tələbini əsassız hesab edir, ona görə də həmin tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil da iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında cavabdehin izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etməkl iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 982 nömrəli rəydən müəyyən edilir ki, hazırki iş üzrə iddiaçının şikayətinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən orqanın vəsatəti əsasında təyin edilərək keçirilmiş məhkəmə-tibbi ekspertizası zamanı iddiaçının bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş, 144C-24 saylı material üzrə Lənkəran rayon prokurorluğunun müstəntiqi X3 qəbul etdiyi “Cinayət işinin başlanmasının rədd olunması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, hazırki iş üzrə iddiaçının şikayətinə əsasən toplanmış həmin material üzrə aparılmış araşdırma nəticəsində hazırki iş üzrə cavabdehin iddiaçıya zor tətbiq etməklə onunla cinsi əlaqədə olması faktı öz təsdiqini tapmadığından cavabdehin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149 və 150-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda, həmçinin, qeyd edilmişdir ki, 144C-24 saylı material üzrə araşdırma zamanı hazırki iş üzrə iddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə rayon prokurorluğuna müraciət edərək bildirmişdir ki, cavabdeh ona qarşı heç bir zorakı hərəkət etməmiş, eləcə də, onunla zorla cinsi əlaqədə olmamışdır. O, əsəbi olduğuna görə əvvəllər bu məzmunda ərizə vermiş, lakin hazırda heç bir şikayəti yoxdur və aparılan araşdırmanın dayandırılmasını xahiş edir. İş materiallarına əlavə edilmiş, Lənkəran şəhər-rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 96/2-0-17105/11/25 nömrəli məktubdan müəyyən edilir ki, hazırki iş üzrə iddiaçının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciəti əsasında aparılmış araşdırma zamanı iddiaçıya qarşı hər hansı cinayət xarakterli əmələ və inzibati xətaya yol verilməsi hallarının olması müəyyən olunmadığından həmin müraciət əsasında aparılan araşdırma dayandırılmış, eyni zamanda, iddiaçının müraciəti mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarına əlavə edilmiş, müxtəlif növ tibbi müayinə sənədlərinin surətlərində hazırki iş üzrə iddiaçının 2025-ci ilin aprel-sentyabr ayları ərzində ayrı-ayrı tibb müəssisələrində müayinə olunmasının nəticələrinə dair məlumatlar qeyd edilmişdir. Məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə olan telefon danışıqları tərəflərin iştirakı ilə dinlənilmiş və tərəflər həmin danışıqların onlara məxsus olduğunu etiraf etmişlər. Həmin danışıqların məzmunundan müəyyən edilir ki, tərəflər arasında mehriban, səmimi və xoş münasibətlər olmuş, onlar arasında hər hansı ziddiyyət, bir-birilərinə qarşı irad, məzəmmət və ya narazılıq bildirmə halları olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Hazırda iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərər dəydiyini bildirərək cavabdehdən 5000 manat mənəvi zərər məbləği və 70 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı cavabdehin ona qarşı fiziki zor tətbiq etməklə ona təcavüz etdyini, cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərər dəydiyini, şərəf və ləyaqətinin alçaldıldığını, 11 aya yaxın müddət ərzində hüquq-mühafizə orqanalarına gedib-gəlməklə, araşdırma proseslərində iştirak etməklə biabır olduğunu, eyni zamanda, səhhətində də ciddi problemlər yarandığını bildirərək öz iddia tələbinin əsası kimi həmin xüsusatlara istinad edir. Cavabdeh iddia tələbini qəbul etmir, iddiaçıya qarşı heç bir fiziki zor tətbiq etmədiyini, onunla zorla cinsi əlaqədə olmadığını və ona təcavüz etmədiyini bildirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. ƏSASLANDİRİCİ HİSSƏ: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Konstitusiyasında əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında fərdin sosial, siyasi, iqtisadi hüquqlarının, eləcə də azadlıqları və təhlükəsizliyinin dövlət tərəfindən qorunması və müdafiəsi demokratik və hüquqi dövlətə xas olan təminatlar kimi öz əksini tapmaqla fərdin, cəmiyyətin, həmçinin dövlətin hərtərəfli inkişafına təkan verən amillərdən hesab olunur. Cəmiyyətin hərtərəfli inkişafı üçün əsas prinsiplərdən biri də fikir və söz azadlığının təmin olunmasıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 10-cu maddəsində qeyd olunmuşdur ki, hər kəs öz fikirlərini ifadə etmək azadlığı hüququna malikdir. Avropa Konvensiyasının 10-cu maddəsinin müddəası Avropa Məhkəməsinin 1998-ci il 8 iyul tarixli “Linqensin Avstriya dövlətinə qarşı” iddiasına dair iş üzrə qəbul olunmuş qərarının əsasını təşkil etmişdir. Qərarda fikir ifadə etmək azadlığı demokratik cəmiyyətin aparıcı dayaqlarından biri olmaqla onun tərəqqisi və cəmiyyətin hər bir üzvünün özünü ifadə etməsi şərtləri kimi qəbul olunur. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutulan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər zərərçəkmiş şəxsin mənəvi dəyərlərinə dəymiş zərərdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında qeyd edilmişdir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının şikayəti əsasında hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılaraq hazırki iş üzrə cavabdehin əməlinə hüquqi qiymət verilmiş, onun əməlində hər hansı cinayət tərkibi, o cümlədən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149 və 150-ci maddələrinin tərkib əlamətləri müəyyən edilməmişdir. İddiaçının şikayəti əsasında toplanmış material üzrə aparılan ibtidai araşdırmanın son mərhələsində iddiaçı özü xx.xx.2025-ci il tarixli ərizə ilə rayon prokurorluğuna müraciət edərək bildirmişdir ki, cavabdeh ona qarşı heç bir zorakı hərəkət etməmiş, eləcə də, onunla zorla cinsi əlaqədə olmamışdır. O, əsəbi olduğuna görə əvvəllər bu məzmunda ərizə vermiş, lakin hazırda heç bir şikayəti yoxdur və aparılan araşdırmanın dayandırılmasını xahiş edir. Bundan sonra ibtidai araşdırma orqanı tərəfindən qeyd olunan material üzrə “Cinayət işinin başlanmasının rədd olunması haqqında” xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Həmin vaxtdan qısa müddət keçəndən sonra iddiaçı xx.xx.2025-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5000 manat mənəvi zərər məbləği tələb etdiyini, yəni hələ də cavabdehdən şikayətçi olduğunu bildirmişdir. Cavabdeh tərəfindən iddiaçıya qarşı hər hansı hüquqazidd əməl (o cümlədən, zorlama cinayəti) törədilmiş olması, ona qarşı iradəsi əleyhinə hər hansı hərəkət edilməsi, fiziki zor tətbiq edilməsi, şərəfini, ləyaqətini, şəxsiyyətini alçaldan, həmin şəxsə sarsıntı, iztirab və ya işgəncə verilməsi ilə müşayiət olunan hərəkətlərə yol verilməsi aşkar edilməmişdir. İddiaçı 2025-ci ilin aprel-sentyabr ayları ərzində ayrı-ayrı tibb müəssisələrində müayinə olunmasının nəticələrinə dair məlumatlar qeyd edilmiş müxtəlif növ tibbi müayinə sənədlərinin surətlərini məhkəməyə təqdim etsə də, onun səhhətində aşkar edilməsi ehtimal olunan problemlərin hazırki iddia tələbinin əsasları ilə, habelə, onunla cavabdehin arasında olmuş şəxsi münasibətlərlə bilavasitə nə kimi əlaqəsinin olduğu müəyyən edilmir. İddiaçı cavabdeh tərəfindən ona mənəvi zərər vurulduğunu iddia etsə də, cavabdehin hərəkətləri ilə onun hansı mənəvi dəyərlərinə zərər dəymiş olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Tərəflər arasında yaranmış şəxsi münasibətlər zamanı cavabdehin iddiaçı ilə hər hansı yaxın münasibətlərdə olması, bu münasibətin sonuncunun iradəsi əleyhinə olması sübuta yetirilməyənədək, iddiaçıya mənəvi zərər vurulması kimi qiymətləndirilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, mənəvi ziyanın ödənilməsini tələb etmək üçün belə bir tələbin əsası olaraq ilk növbədə cavabdehin iddiaçıya münasibətdə hüquqazidd, qanunsuz əməllərinin olması faktı öz təsdiqini tapmalı və bu əməllər nəticəsində iddiaçı mənəvi iztirablar çəkməli, sarsıntı keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarlarında ifadə olunan hüquqi mövqedən çıxış edərək, habelə, hazırki iddia tələbinə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə qiymət verərək qərara gəlir ki, cavabdeh tərəfindən iddiaçıya mənəvi zərər vurulması faktı müəyyən edilmədiyinə görə iddia tələbinin cavabdehdən 5000 manat mənəvi zərər məbləği tutulmasına dair hissəsi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 70 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 70 manat dövlət rüsumu məbləği də iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasənvə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı Cavabdeh qarşı 5000 manat mənəvi zərər məbləği tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 70 manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(049)-3184/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3184/2025
21.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver