Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3220/2023 02.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran rayon 1 saylı notariat ofisinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh X1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə Lənkəran rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiqlənmiş «bağışlama müqaviləsi»nin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1934-cü il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Lənkəran rayonu. Kərgəlan kəndində 0.15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 100.3 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət üzrə ona məxsus olmuşdur. Bu barədə adına ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Həmin fərdi yaşayış evi ona mərhum ərimdən qalmışdır. Beləliklə, həmin fərdi yaşayış evi onun, evin yerləşdiyi torpaq sahəsi isə onun və oğlu Cavabdeh və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olmuşdur. 2020-ci ilin qışında iş üzrə cavabdeh olan oğlu Cavabdeh onu notariusa apararaq hansısa sənədlərə imza etmək lazım olduğunu bildirmişdir. O da yaşlı adam olduğu üçün heç nədən başım çıxmadığı üçün oğlu Cavabdeh və notariusun dediyi yerlərə imza atmışdır və ondan sonra oğlu Cavabdeh onu evə gətirmişdir. Bu yaxınlarda isə oğlu Cavabdeh yaşadığı fərdi yaşayış evini başqa bir adama icarəyə vermiş və həmin şəxs ona özünə məxsus evdə yaşamağa imkan vermir. O da məcburiyyət qarşısında qalaraq bu barədə X2na bildirmişdir. X2 ilə gedib, evə dair lazım olan sənədləri toplayıb, oğlu Cavabdeh evi icarəyə verdiyi şəxsi evdən çıxarmaq üçün məhkəməyə vermək istəmişdir. Evə dair sənədləri torplayanda ona məlum olmuşdur ki, guya o, öz mülkiyyətində olan fərdi yaşayış evini və evin yerləşdiyi torpaq sahəsindən özünə çatan payı oğlu Cavabdeh bağışlama yolu ilə vermişdir. Lakin onun bundan məlumatı olmayıbdır. Çünki, özü yaşlı qadındır, bunlardan başı çıxmayır və yuxarıda qeyd etdiyim kimi 2020-ci ilin qışında iş üzrə cavabdeh olan oğlu Cavabdeh onu notariusa apararaq hansısa sənədlərə imza etmək lazım olduğunu bildirmiş, o da yaşlı adam olduğu üçün heç nədən başı çıxmadığı üçün oğlu Cavabdeh və notariusun dediyi yerlərə imza atmış və ondan sonra oğlu Cavabdeh onu evə gətirmişdir. Beləliklə, oğlu Cavabdeh onun yaşlı olmağından istifadə edərək onu bağışlama müqaviləsinə imza etdirməyə aparmış və həmin bağışlama müqaviləsini təsdiq edən notarius da bu barədə mənə heç nə demədən və ona heç nə izah etmədən həmin bağışlama müqaviləsinə imza etdirmişdir. İndi də o, bunun nəticəsində evsiz-eşiksiz qalmışdır və məcburiyyət qarşısında qalaraq X2nın ailəsi ilə birlikdə yaşadığı evə sığınmışdır. X2 da ər evindədir və onun ailəsinə məxsus evdə uzun müddət yaşamağı da mümkün deyildir. Belə olan halda hesab edir ki, yuxarıda qeyd olunan bağışlama müqaviləsi ləğv edilməlidir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə baxışında iştirak edən idiaçı İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olara bildirdi ki, Cavabdeh onun doğma oğludur. Oğlu onu notariusa apararaq evini öz adına rəsmiləşdirmişdir. Belə ki, oğlu ilə həmin idarəyə gedərkən ilkin olaraq hara aparıldığını bilməmişdir. Sonadan getdiyi idarənin notarius olduğunu bilmişdir. Həmin idarənin bir kişi əməkdaşı ona bildirmişdir ki, aparılan sənədləşdirmə ona məxsus olan evin digər şəxsin adına keçirilməsi ilə əlaqadardır. O, ilkin olaraq buna imtina etmiş, sonradan isə ona təqdim edilən sənədləri imzalamışdır. Həmin vaxt oğlu Riyasət ona söz vermişdir ki, əgər təqdim edilən sənədləri imzalasa onun gəlini olan Elmira ömrünün sonunadək ona baxaraq, qulluğunda dayanacaqdır. O, da bu vədlə razılaşaraq sənədləri imzalamışdır. Sonradan görmüşdür ki, oğlu Riyasət həmin evə kirayənişin buraxıb və həmin kirayənişin onunla kobud davranmışdır. Oğlu Riyasət onu aldadaraq evini ondan alaraq öz adına keçirmişdir. Evinin geri qaytarılmasını istəyir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran rayon 1 saylı notariat ofisinin nümayəndəsi X8 izahatında bildirdi ki, notarius tərəfindən hazırki mülki iş üzrə mübahisələndirilən bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə tam riayət edilməklə tərtib edilərək rəsmiləşdirilmişdir. Belə ki, iddiaçı öz izahatında qeyd etmişdir ki, oğlu Riyasət tərəfindən notariuat kontorunda olarkən iddiaçıya vəd verilərək, müqaviləni imzalayacağı təqdirdə gəlininin ömrünün sonunadək ona baxacağını bildirmiş və İddiaçı da öz növbəsində Riyasətin bu vədi ilə razılaşaraq müqaviləni imzalamışdır. Həmçinin iddiaçı özü məhkəmə iclasında izahatında bildirmişdir ki, getdiyi idarənin əməkdaşı tərəfindən ona sənədləşdirmənin mahiyyətinin evinin özgəninkiləşdirməsi ilə əlaqadar olması barədə məlumat verilmişdir. Qeyd edilən xüsusatlardan görünür ki, notarius tərəfindən bağışlama müqaviləsinin rəsmiləşdirilməsi qanunamüvafiq qaydada aparılmışdır. Həmçinin iddiaçı müqaviləni imzalayarkən onun mahiyyətini bilmişdir. İddia tələbi ilə əlaqadar qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş, 4Ə-58 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, həmin müqavilə əsasında X11 öz mülkiyyətində olan Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən, tam mülkiyyət hüququ ilə ona məxsus olan ümumi sahəsi 100.3 kv.m. olan fərdi yaşayış evini və ümumi sahəsi 0,15 ha olan torpaq sahəsindən birgə mülkiyyət hüququ üzrə özünə məxsus olan payı Cavabdeh ğluna bağışlamışdır. İş materiallarında olan ƏMDK-nin yanında DƏDRX-nin Lənkəran Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən, ümumi sahəsi 100.3 kv.m. olan fərdi yaşayış evi tam mükiyyət hüququ ilə, ümumi sahəsi 0,15 ha olan torpaq sahəsi isə birgə mülkiyyət hüququ ilə İddiaçı məxsus olmuşdur. İş materiallarında olan Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş nikah akt qeydiyyatından çıxarışdan görünür ki, X5 ilə İddiaçı arasında xx.xx.1959-cu il tarixdə rəsmi nikah bağlanmışdır. İş materiallarında olan Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş ölüm akt qeydiyyatından çıxarışdan görünür ki, X5 xx.xx.1968-ci il tarixdə vəfat etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikasının Müki Məcəlləsinin 666.1 maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin məcəllənin 668.1 maddəsinə əsasən, bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; 668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; 668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. Həmin məcəllənin 337.1 maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin məcəllənin 347.1 maddəsinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Həmin məcəllənin 354.2 maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 14.2 maddəsinin tələbinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi də müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). İşin faktiki hallarından müəyyən edilmişdir ki, 17 yanvar 2020-ci il tarixdə İddiaçı oğlu Cavabdeh ilə birlikdə Lənkəran rayon 1 saylı notariat ofisinə getmiş, orada olarkən sonradan həmin məkanın notariat ofisi olduğunu bilmiş, notariat ofisinin əməkdaşı tərəfindən ona aparılan sənədləşdirmənin mahiyyətinin xüsusi mülkiyyətində olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə əlaqadar olduğu bildirilmiş, oğlu Riyasət tərəfindən sənədləri imzalamasının müqavilində gəlini Elmiranın ömrünün sonunadək ona qulluq göstərəcəyi barədə vəd verilmiş və bundan sonra iddiaçı bağışlama müqaviləsini və bu rəsmiləşdirmə ilə əlaqədar digər sənədləri imzalamışdır. Qeyd edilən xüsusatlardan belə müəyyən edilir ki, İddiaçı notarius ofisində olarkən rəsmiləşdirilən bağışlama müqaviləsinin mahiyyətini şüurlu surətdə dərk etmiş və həmin müqaviləni könüllü olaraq, vacib əhəmiyyətli yanılmanın təsiri altında olmadan şüurlu surətdə imzalamışdır. İddiaçı həmçinin iddia tələbində fərdi yaşayış evini və torpaq sahəsini vacib əhəmiyyətli yanılma nəticəsində bağışladığını qeyd edərək bu barədə müqavilənin ləğv edilməsini tələb etsə də Mülki Məcəllənin 354.2 madəsində bu halı mübahisələndirmək üçün müəyyən edilmiş kəsici müddəti ötürmüşdür. Məhkəmə belə qənaətə gəlir ki, həmçinin hazırki mübahisədə sübutetmə vəzifəsi İddiaçı üzərində olduğundan və onun tərəfindən Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən daşınmaz əmlakın Cavabdeh bağışlanmasına dair xx.xx.2020-ci il tarixdə “daşınmaz əmlakın bağışlanması müqaviləs”i Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən rəsmiləşdirilərkən vacib əhəmiyyətli yanılma halının mövcud olmasına dair məhkəməyə heç bir sübut təqdim olunmadığından onun irəli sürdüyü tələb əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. iş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** №-li mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunarkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyi üçün iş üzrə iddiaçının ödədiyi məhkəmə xərci onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı cavabdeh X1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-3220/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3220/2023
02.11.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver