Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3239/2025 20.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlu, İddiaçı Cavabdeh qarşı “müəyyən müddətə münasibətdə aliment borcunu ödəməkdən azad edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında araşdıraraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “aliment borcunu ödəməkdən azad edilmə” barədə ərizə ilə məhkəməyə müraciət edərək Abşeron Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı 19 avqust 2020-ci il tarixdən başlayaraq 20 iyul 2016-cı il təvəllüdlü X1 və 12 sentyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün iddiaçı Baxşiyeva (Həsənova) Aygül Dəyanət qızma hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla cəmi 340 (üç yüz qırx) manat ödənilməsi müəyyən edilmiş sabit pul məbləğində alimenti 20 iyul 2016-cı il təvəllüdlü X3 münasibətdə 11 sentyabr 2024-cü il tarixədək, 12 sentyabr 2018-ci il təvəllüdlü X4 münasibətdə 14 aprel 2025-ci il tarixədək ödəməkdən azad edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, İddiaçı hazırki ərizəsinin qəbulundan imtina edilməklə geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-ci maddəsinə görə aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Qeyd olunan Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, aliment borcundan tam və ya qismən azad edilmə barədə tələbə iddia icraatı qaydasında baxılması mümkündür. Lakin bu zaman iddia tələbinin mahiyyətinə diqqət yetirilməli və nəzərdə saxlanılmalıdır ki, qanunvericiliyin tələblərinə görə aliment borcunun silinməsi ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olsun. Hazırkı iddia tələbində isə iddiaçı müəyyən dövr üçün borcun olmadığını bildirir, icra məmuru tərəfindən borcun hesablanması ilə razılaşmır, borcun silinməsi ilə bağlı tələbinin əsasını hansısa xəstəliyi və ya digər üzrlü səbəbinin nəzərə alınması təşkil etmir. İddiaçı övladlarının onun yanında qalmasını əsas gətirərərk müəyyən dövr üçün aliment borcundan azad olunmasını istəyir. Belə olan halda iddiaçı həmin dövrləri əhatə edən borcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır. Bu barədə sübutlar təqdim edilməsinə baxmayaraq icra məmuru tərəfindən müəyyənləşdirilən aliment borcunun məbləği ilə razılaşmayan borclu icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət verə bilər Belə ki, Ailə Məcəlləsinin 106.5-ci maddəsinə görə, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. İddia ərizəsində irəli sürülən tələb məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının icrası mərhələsində həll olunmalı məsələdir. Qanunda bu qaydada şikayət vermək imkanının nəzərdə tutulması mübahisəli məsələyə iddia icraatı qaydasında baxılmasını istisna edir. Məhkəmə qeyd edilən qərardadı qəbul edərkən məhkəmə təcrübəsini formlaşdıran Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2[102]-1637/2024 nömrəli qərarına istinad edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu da ona qaytarılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “müəyyən müddətə münasibətdə aliment borcunu ödəməkdən azad edilmə” tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina imtina olunsun. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli qəbzə əsasən ödənilmiş 50 manat dövlət rüsumu, habelə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçıya yuxarıda göstərilən məhkəmə təcrübəsində formalaşmış hüquqi mövqe çatdırılmaqla qərardadda göstərilənlərə uyğun olaraq müvafiq icra məmuruna müraciət etməli olması izah edilir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-3239/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3239/2025
20.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver