Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3442/2024 19.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azadılması" tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azadılması" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-2115/2024 saylı qətnaməsi ilə təyin olunmuş 200 manat alimentin miqdarını azaldaraq hər ay üçün sabit pul məbləğində 150 manat alimentin ondan tutulub Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Lənkəran rayonun Nərimanabad qəsəbəsində xx.xx.1996-cı ildə doğulub. İş üzrə cavabdeh olan Cavabdeh ilə 2019-cu ilin avqust ayında nikaha daxil olub. Nikahları Lənkəran rayon Qeydiyyat şöbəsində 22 iyun 2019-cu il tarixində 264 nömrə ilə rəsmiləşdirilmişdir. xx.xx.2020-ci il tarixində Mədinə adlı qızları doğulmuşdur. Cavabdehin yerisz hərəkətləri və günahı üzündən ailəsi dağılmışdır. xx.xx.2023-cü il tarixli 2(049)-1255/2023 saylı Lənkəran Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Nikah pozulmamışdan əvvəl heç bir əsaslı səbəb olmadan cavabdeh evi tərk etmiş, valideynlərinin yanında yaşamağa başlamışdır. Onun və valideynlərinin icazəsi olmadan o, bu addımı atmışdır. Sonradan məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ondan aliment tələb etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-1353/2022 saylı qətnaməsi ilə sabit pul məbləğində hər ay uşağa görə 150 manat aliment təyin edilmişdir. Cavabdeh ikinci dəfə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək aliment miqdarının artırılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)- 2115/2024 nömrəli qətnaməsi ilə alimentin miqdarını artırılaraq 150 manatdan 200 manata çatdırmaqla sabit pul məbləğində aliment təyin etmişdir. O, imkansız olduğu üçün rəsmi olaraq tam ştat vahidi ilə işləmir. Ailədə 6 nəfərdilər. O, maşın təmiri sexində vaxtamuzd olmaqla usta köməkçisi işləyir. Aylıq əmək haqqı 172 manat 50 qəpikdir. Ailədə anası isə sosial pensiya manat alır. Belə olan şəraitdə o, ayda 200 manat aliment verə bilmir. 6 nəfərlik ailəni dolandırmaq çox çətindir. Onların üçünün bir ay ərzində gələn gəlirinin məbləği 370,50 manatdır. Onun da insan kimi yaşamağa haqqı var. Uşağa təkcə ata deyil, ana da maddi yardım etməyə borcludur. Bütün yükü atanın üzərinə qoymaq da ədalətsizlikdir. O, 1-ci məhkəmədə təyin olunmuş 150 manat alimenti ödəməyə çalışır və ödəyir. Ancaq sonradan təyin olunmuş 200 manat alimenti ödəməyə heç bir maddi imkanı yoxdur. Çünki nə onun və nə də ailə üzvlərinin başqa qazanc yerləri yoxdur. Buna görə də o, məcbur olub aliment miqdarının azaldılması tələbi ilə məhkəməyə müraciət edib. Cavabdeh Mediasiya Şurasının tarixini və vaxtını bilsə də mediasiya şurasında iştirak etməmişdir. Mediasiya şurasının 60 manat rüsumunu da o ödəyib. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirdi ki, “Hyundai Service Lənkəran” avtomobil təmir müəssisəsində usta köməkçisi işləyir hər ay 172,50 manat əmək haqqı alır, aylıq aliment borcu yoxdur. İddia ərizəsində göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə qarşı təqdim etdiyi etirazın dəlillərinə uyğun çıxış edərək göstərdi ki, iddiaçı iddia tələbinin əsası kimi usta köməkçisi işlədiyini və 172.50 manat əmək haqqı aldığını bildirir. İddaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində qeyd olunan məlumatlar həqiqətə uyğun deyildir. İddiaçı əmək qabiliyyətli olmaqla Lənkəran şəhərində yerləşən Hyundai Service avtosalonunda vaxtamuzd usta köməkçisi deyil, aparıcı usta işləyir və rəsmi olmasa da, aylıq 800 manatdan artıq qazanc əldə edir. Onun müraciəti əsasında xx.xx.2022-ci il tarixdə aliment təyin edilməsi barədə məhkəməyə müraciət olunmuş və məhkəmə tərəfindən 150 manat aliment təyin edilmişdi. Bundan 2 il sonra məhkəməyə müraciət edərək alimentin miqdarının 2024-cü il üçün uşaqların saxlanılması üçün alimentin minimum məbləğinin yəni 235 manat təyin edilməsi məqsədilə məhkəməyə müraciət etsə də, məhkəmə iddianı qismən təmin edərək alimentin 200 manat həddində təyin edilməsi barədə qərar qəbul etmişdir. Bugünki vəzyyətdə bu məbləğlə belə uşağı saxlamaq kifayət qədər çətindir. İddiaçı isə məhkəmə prosesində heç bir etiraz bildirmədən və ya qətnamədən narazı qalıb apellyasiya şikayəti vermədən cəmi bir ay sonra məhkəməyə müraciət etməsi də onun azyaşlı uşağının yaşamına qarşı nə qədər laqeyd və iddia tələbində qərəzli olduğunu göstərir. Bundan əlavə onun maddi şəraiti çox ağırdır. Ailədə işləyən yoxdur, anası onkoloji xəstədir və uşağı ilə bərabər ona da baxır. Birinci dəfə 150 manat aliment miqdarı təyin olunduqdan sonrakı dövr ərzində uşağın xərcləri kifayət qədər artmışdır və o artıq uşağını saxlamaqda maddi cəhətdən kifayət qədər əziyyət çəkir. İddiaçı isə heç bir halda uşağın saxlanılmasında, uşaq xəstə olduğu zaman onun tibbi xərclərinin ödənilməsində ona heç bir maddi yardım göstərmir, onun üçün uşağın saxlanılmasında bütün bu xərcləri çəkmək çox ağırdır. İddiaçı isə 200 manat qət olunan qətnamədən şikayət etmədiyi halda bu gün məbləğin azaldılması barədə məhkəməyə müraciət etməsi əsassızdır. Keçən müddət ərzində iddiaçının gəlirlərinin azalması barədə məhkəməyə heç bir rəsmi sübut təqim olunmadığında onun bu tələbi tamamilə əsassızdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq iddiaçının tələbi tam əsassızdır və iddianın rədd olunması və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-2115/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Lənkəran ŞİHB-nin Nərimanabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Rəhimli X2 rayon Nərimanabad qəsəbəsində ailə üzvləri - atası X5, anası X6, bacısı X3, digər X7 və X4 ilə birgə yaşayır. xx.xx.2024-cü il tarixli MŞL/MT014/2024-01205 saylı mediasiya arayışından görünür ki, iddiaçı cavabdehə qarşı “alimentin miqdarının azaldılması” tələbi ilə ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh isə mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 60 manat mediasiya xərci ödəmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1353/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü hər ay 150 manat sabit pul məbləğində aliment, xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 3 yaşına çatanadək 30 manat məbləğində aliment və 50 manat mediasiya təşkilatına ödənilmiş dövlət rüsumu tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1255/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Əlizadə İxtiyar oğlu ilə Cavabdeh arasında 22 iyun 2019-cu il tarixdə Lənkəran Rayon Qeydiyyat şöbəsində 264 sayla bağlanmış nikah pozulması qət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2115/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı Lənkəran Rayon Məhkəməsinin 2(049)- 1353/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı avtoservizdə usta işləyir və aylıq əmək haqqı 172.50 manat təşkil edir. xx.xx.2024-cü il tarixli, ********** №-li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşağlarını saxlamadıqda uşağlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşağların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.13-cü alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, işin məhkəmədə müəyyən olunan hallarından görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1353/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü hər ay 150 manat sabit pul məbləğində aliment, xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 3 yaşına çatanadək 30 manat məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2115/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı Lənkəran Rayon Məhkəməsinin 2(049)-1353/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verməmiş, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2115/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə aliment məbləği artırıldıqdan sonra artırılmış alimentin azaldılması tələbi məhkəməyə müraciət edən İddiaçı tərəfindən ailə və maddi vəziyyətində hər hansı dəyişikliyin baş verməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, ötən müddət ərzində iqtisadi fəallığın artması, yeni bazar qiymətlərinin müəyyən edilməsi, uşaq böyüdükcə onun xərclərinin artması fonunda hazırda aliment miqdarının azladılması məqsədmüvafiq deyil. Habelə o, da qeyd edilməlidir ki, uşağın atası kimi iddiaçının maddi vəziyyəti onu aliment ödəməkdən azad etmir. Məhkəmə bu qənaətə gələrkən, Konstitusiya Məhkəməsinin Plenum qərarlarını əsas götürmüşdür. Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında göstərirlir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddələrində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlan araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinə əlavə edilmiş qəbzlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçn 50 manat rüsum ödəmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azadılması" tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-3442/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3442/2024
19.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver