Məhkəmə qərarları › İş №2(049)-3471/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3471/2023

31.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3471/2023 31.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18 yanvar 2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin və ödənilmiş 55,4 manat mediasiya xərcinin tutulub onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdehlə 30 dekabr 2015-ci ildə nikahlarını Gürcüstan Respublikasının Tbilisi şəhərinin Kirov rayon Qeydiyyat şöbəsində **********3 sayla rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. 14 sentyabr 2018-ci ilə kimi ərarvad olaraq yaşamışlar. Həmin münasibətdən 18 yanvar 2017-ci ildə Məhəmməd adlı bir uşaqları anadan olmuşdur. Uşaq hazırda salamat olmaqla onun himayəsində yaşayır. Aşağıda göstərilən əsaslara görə Cavabdeh alimentin sabit pul məbləğində qət edilməsi və Məhəmməd adlı uşağımızın saxlanılması üçün onun xeyrinə verilməsini tələb edir. İzah edir ki, Cavabdehlə nikah münasibətinə daxil olduqdan sonra bir müddət Türkiyə Respublikasının İstanbul şəhərində yaşamışlar. Təxminən bir ildən sonra Gürcüstan Respublikasının Tbilisi şəhərində, cavabdehin valideynlərinin yaşadıqları evdə müvəqqəti məskunlaşmışlar. 22 may 2018-ci ildən isə Azərbaycan Respublikasının Lənkəran rayonunun İstisu qəsəbəsində atası, yəni hazırki iş üzrə nümayəndəsi Nümayəndə yaşadığı evə köçməklə orada ər-arvad kimi yaşamağa davam etmişlər. Münasibətləri 14 sentyabr 2018-ci ilə kimi davam etsə də, sonrakı dövrdə cavabdehlə aralarında olan mübahisə zəminində atasının evini tərk edib getmişdir. Həmin vaxtdan başlayaraq Cavabdeh harada yaşaması barədə məlumatı yoxdur. Bir neçə dəfə gizli nömrə vasitəsilə mənimlə zəngləşsə də, harada yaşaması barədə ona bildirməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə əsasən cavabdehin məlum olan axırıncı yaşayış yerinə görə hazırki iddianı qaldırmaqla məhkəməyə təqdim edir. 14 sentyabr 2018-ci ildə Cavabdeh sonuncu yaşayış yeri üzrə atasını evini tərk etdikdən sonrakı dövrdə onunla bir neçə dəfə mobil telefonla əlaqə saxlamış olsa da, uşağının maddi təminatı ilə maraqlanmamış, pul və ya sair formada maddi qayğı göstərməmişdir. Həmin dövrdən hazırki vaxta qədər onun harada yaşaması, işləyib-işləməməsi, hansı civarda qazanc əldə etməsi barədə heç bir məlumatı yoxdur. Lakin qanunvericiliyin tələbləri baxımından hesab edir ki, bütün bu hallar Cavabdeh aliment ödəmək üzrə qanunvericilikdə nəzərdə tutulan vəzifələrindən azad etmir. 14 sentyabr 2018-ci il tarixdən başlayaraq idiaçı atasının maddi köməyi sayəsində uşağını saxlayır. Keçən müddət ərzində cavabdeh ailənin maddi qayğıları ilə maraqlanmamış, heç nə olmamış kimi öz vəzifəsini icra etməmiş, könüllü qaydada uşağına maddi qayğı göstərmək istəməmişdir. Əgər cavabdeh uşağı ilə bağlı bütün bu qayğılardan uzaqdırsa, heç olmasa onun maddi təminatı ilə əlaqədar özünü təcrid etməməli, alimentin ödənilməsi üzrə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsə də, hazırki iddia üzrə alimentin 250 manat sabit pul məbləğində müəyyən edilməklə, onun xeyrinə verilməsi barədə tələbi qanuni və əsaslı hesab edilməlidir. Həmçinin mediasiya prosesinin tətbiqi barədə təklifi xx.xx.2023-cü il tarixdə Cavabdeh, mediasiya üçün müraciəti isə bundan 10 gün sonra Lənkəran 1 saylı Mediasiya təşkilatına göndərmişdir. 55 manat məbləğində mediasiya xərci ödəyib. Sabit pul məbləğində aliment tələbi ilə bağlı mübahisənin məhkəmədənkənar həlli mümkün olmadığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, İddiaçı onun doğma qızıdır. Cavabdeh qızı ilə ailə qurduqdan sonra ona məxsus olan evdə yaşamışdır və orada müvəqəti qeydiyyata alınmışdır. Hazırda onların birgə nikahlarından doğulan X2 qızı Aynurun himayəsindədir və cavabdehin uşağın saxlanılmasına heç bir köməklik göstərmir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş nikahın bağlanması haqında **********3 nömrəli şəhadətnamənin surətindən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı ilə xx.xx.1984-cü il tvəllüdlü Cavabdeh arasında 30 dekabr 2015-ci il tarixdə nikah təsmiləşdirilmiş və bu barədə **********3 nömrəli nikah akt qeydiyyatı tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı, 982996 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X2 18 yanvar 2017-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş P seriyalı 10AB63154 nömrəli pasportun surətindən görünür ki, 09 mart 1984-cü il təvəllüdlü Cavabdeh Gürcüstan Respublikasının vətəndaşıdır. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. İş materiallarına əlavə edilmiş Dövlət Miqrasiya Xidmətinin Lənkəran regional miqrasiya idarəsindən təqdim edilmiş 17/04/A nömrəli xx.xx.2023-cü il tarixli arayışından müəyyən edilir ki, Gürcüstan Respublikasının vətəndaşı xx.xx.1984-cü il təvəllüdlü Kopchiev Latif (GEO: 10AB63154) xx.xx.2018-xx.xx.2018, xx.xx.2018-xx.xx.2018 tarixlərində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Lənkəran Regional Miqrasiya idarəsi tərəfindən Lənkəran rayonu İstisu qəsəbəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessua Məcəlləsinin 36.1 maddəsinə əsasən, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Həmin məcəllənin 443.0.4 maddəsinə əsasən, aliment alınması və atalığın müəyyən edilməsi işlərində iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Habelə həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı,onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansıəqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimunun hər ay 220 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Göstərilən qərarda Məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Məhkəmə iclasında cavabdehin qazancının müntəzəm və dəyişməyən olması müəyyən edilmədiyindən ondan aliment sabit pul məbləğində tutulmalı, habelə sabit pul məbləğinin miqdarı müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, uşaqların mənafeyi, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsini mümkün qədər maksimal saxlanılması əsas tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.2.2 maddəsinəəsasən, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir: Ona görə də məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərini əsas tutaraq və yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün aliment ödənilməsi ilə əlaqədar tərəflər arasında mübahisənin olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tərəflərin faktiki nikahından olan xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 180 manat aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, alimentin tutulmasının başlanğıcı iddia əizəsinin məhkəməyə təqdim edildiyi - 15 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinə daxil olmuş və 2(049)-3471/2023 daxilolma nömrəsi ilə qeydə alınmışdır. Ailə Məcəlləsinin 120.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. MPM-nin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iş üzrə İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 55 manat məbləğində mediasiya xərci ödənilmişdir və həmin xərcə dair 55 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15 sentyabr 2023-cü il tarixdən başlayaraq, tərəflərin birgə nikahından doğulmuş 18 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 180 (yüz səksən) manat aliment tutularaq İddiaçı verilsin. Ödənilmiş mediasiya xərcinə dair 55 (əlli beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamə alimentin ödənilməsi hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar