Məhkəmə qərarları › İş №2(049)-3697/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3697/2023

29.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3697/2023 29.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı Təbriz qızının iştirakı ilə, İddiaçı Təbriz qızının Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Təbriz qızı iddia ərizəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26 mart 2019-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimnetin və mediasiya təşkilatının hesabına ödədiyi 55 manat məbləğində pulun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı Təbriz qızı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh ilə 10 iyul 2018-ci il tarixdə faktiki nikah münasibətinə daxil olaraq evləniblər. Belə ki, həmin tarixdə onların toyları olmuş və cavabdehin yaşadığı evə gəlin köçüblər. Onlar ailə qursalarda nikahları rəsmi olaraq qeydiyyat orqanlarında qeydə alınmamışdır. Birgə nikah münasibətlərindən onların xx.xx.2019-cu il tarixdə Uğur adlı bir uşaqları anadan olmuşdur. Uşaq hazırda sağ və salamat olmaqla onun himayəsində yaşayır. Cavabdeh ilə cəmi 05 il bir ailə kimi yaşayıblar. Yaşadığları dövr ərzində cavabdeh ailəsinə laqeyd münasibtə bəsləmiş, uşaq xəstə olsa da, onu müailəcə elətdirməmiş, hətta elə hal olub ki, onun boğazına bıçaq dirəmiş, eyni zamanda onun anası da ona əl qaldırmaqdan çəkinməmişdir. Cavabdeh həmçinin evləndiklrəi zaman onu aldadaraq kredit götürəcəyi adı ilə ona hədiyyə olunmuş 01 ədəd qızıl nişan üzüyü və 01 ədəd “Samsung J2” markalı mobil telefonu ondan alıb, sataraq əldə etdiyi pulları qumar oynayıb, uduzmuşdur. Sonuncu hal kimi cavabdeh Xırdalan şəhərində kirayə yaşadığları evdə onu döydüyü üçün azyaşlı uşağını götürüb, evi tərk edərək atasının onun arxasıyca göndərdiyi avtomaşınla yaşadıqları Lənkəran rayonu Ləj kəndinə qayıdıb. Hazırda azyaşlı uşağı ilə valideynləri ilə birlikdə yaşayır. Cavabdeh ayrıldıqları vaxtdan bəri bir valideyn kimi uşağı ilə maraqlanmamış və uşağın saxlanması üçün ona heç bir maddi köməklik göstərmir. Baxmayaraq ki, Cavabdeh vergi orqanında qeydiyyatda olmasa da, fərdi əməklə məşqul olaraq yaxşı gəlir əldə edir. Əldə etdiyi gəliri o, qumar oynayaraq uduzur. O özü tək uşağı saxlamaqla çətinlik çəkir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Doğum haqqında şəhadətnamədən görünür ki, X2 26 mart 2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayonunda doğulmuşdur. Anası İddiaçı Təbriz qızı, atası Cavabdehdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından Uğur adlı bir uşaqları doğulmuşur. Uşaqlar hal hazırda yetkinlik yaşına çatmamaqla iddiaçının yanında qalır. Tərəflər arasında alimentin ödənilməsi ilə əlaqədar hər hansı saziş bağlanılmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Habelə həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansıəqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərini və uşaqların əvvəlki təminatının mümkün qədər saxlanılmalı olmasını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından xx.xx.2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar hesab edir ki, himayəsində azyaşlı uşaqları olan iddiaçı 02 oktyabr 2023-cü il tarixdə aliment tələbi ilə məhkəməyə ərizə ilə müraciət etdiyindən alimentin tutulmasının başlanğıcı həmin tarixdən vaxtdan hesablanmalıdır. MPM-nin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinin və «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə 38 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdehdən 38 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. «Dövlət rüsumu haqqında» qanunun 9.1-ci maddəsinə görə isə «Mediasiya haqqında» Azərbaycan Respublikasının qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Belə olan halda ödənilmiş 38 manat dövlət rüsumu və ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş 55 manat cavabdehdən tutularaq iddiaçıya aid edilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Təbriz qızına verilsin. Ödənilməli dövlət rüsumunun məbləği – 38 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Mediasiya prosesində iştirak üçün ödənilmiş 55 manat iddiaçıya aid edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar