Məhkəmə qərarları › İş №2(049)-3707/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3707/2023

29.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3707/2023 29.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 545/2023 saylı 10 mart 2023-cü il tarixli qətnaməsi cavabdehlə arasında xx.xx.2014-cü il tarixdə Lənkəran rayon Qeydiyyat şöbəsində bağlanılmış 687 saylı nikah aktı pozulmuş, xx.xx.2012-ci il tarixdə doğulmuş X2 və xx.xx.2014-cii il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək onun yanında saxlanılması qət edilmişdir. Cavabdeh müvafiq məhkəmə qətnaməsi olmadan da uşaqlara maddi yardım edəcəyinə söz verdiyi üçün mülki işə baxılarkən cavabdehin xahişi ilə aliment tələbi rəli sürməmişdir. Lakin aradan keçən bu müddət ərzində cavabdeh verdiyi sözə əməl etməmiş, uşaqlara hər hansı bir yardım göstərməmişdir. Cavabdehin harada işləməsi, eləcə də hansı gəlirlərə malik olması barədə onda heç bir məlumat yoxdur. Məhz bu səbəbdən xx.xx.2012-ci tarixdə doğulmuş X2 və xx.xx.2014-cü il tarixdə doğulmuş X1 üçün cavabdehdən bir uşaq üçün hər ay 220 manat miqdarında aliment alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı ərizə ilə müraciət edərək növbəti məhkəmə iclaslarının onun iştirakı ollmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının xahişini nəzərə alıb, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən, eləcə də Lənkəran Rayon Məhkəməsinin 2(049)-545/2023 saylı 10 mart 2023-cü il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X7 anadan olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin qazancı və ya gəlirləri barədə məhkəməyə sübut təqdim etməsə də, Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə cavabdehdən müəyyən miqdarda aliment tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı iddiaçının xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 220 manat alimentin cavabdehdən tutulması tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun yalnız bir valideyndən tutulması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələblərinin pozulması olardı. İddiaçı hazırda cavabdehin gəlirləri barədə məhkəməyə sübut təqdim etmədiyinə görə məhkəmə hesab edir ki, xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat aliment müəyyən edilməsi daha məqsədə uyğundur. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Hazırda Lənkəran rayon Məhkəməsinin qətnaməsi ilə onlar arasındakı nikah pozulmuş və uşaqlar analarının yanında qalmışdır. İddiaçı uşaqların maddi tələbatlarının ödənilməsində və saxlanmasında çətinlik çəkir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq, xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay, hər uşaq üçün 160 manat olmaqla, iki uşağa görə hər ay 320 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir» Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçınun Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilsin. xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay, hər uşaq üçün 160 manat olmaqla, iki uşağa görə hər ay 320 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. İddia alimentlə bağlı qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar