Məhkəmə qərarları › İş №2(049)-3717/2022

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3717/2022

20.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3717/2022 20.12.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 31 dekabr 2013-cü il tarixdə doğulmuş X1 və 14 dekabr 2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay hər uşaq üçün 20 manat olmaqla ümumilikdə hər ay 400 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi tələbini irəli sürmüşdür. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçının nikahı 2020-ci il tarixdə pozulmuş. Birgə nikahdan 31 dekabr 2013-cü il tarixdə X4 və 14 dekabr 2015-ci il tarixdə X6 doğulmuşdur. Hazırda iddiaçı öşaqları ilə birlikdə cavabdehdən ayrı yaşayır və cavabdeh bugünədək könüllü olaraq heç bir yardım etməmişdir. Uşaqları təkbaşına saxlamaqda çətinlik çəkir, uşaqlar azyaşlı olduğu üçün işləyə də bilmir. Uşaqları saxlamaq hər iki valideynin borcu olsa da, cavabdeh uşaqları saxlamaqda iddiaçıya kömək etmir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq iddiasının təmin edilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddianı qismən qəbul edir, heç bir yerdə işləmir, ayda hər uşağa görə 100 manat, ümumilikdə ayda 200 manat aliment ödəyə bilər buna görə də iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh izahatını yazılı şəkildə məhkəməyə təqdim etmiş, izahat iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış AZ-İ 427644 seriyalı, 28 iyun 2022-ci il tarixli nikahın haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş və bu barədə 14 mart 2020-ci il tarixli, 67 nömrə ilə qeyd aparılmışdır. İş materiallarında olan və məhkəmədə elan edilmiş AZ-İİİ 249384 seriyalı və AZ-İİİ 878018 seriyalı doğum şəhadətnamələrin notariat qaydada təsdiq olunmuş surətlərindən görünür ki, müvafiq olaraq X4 31 dekabr 2013-cü il tarixdə Lənkəran şəhərində, X6 14 dekabr 2015-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Hər iki uşağın atası Cavabdeh və anası İddiaçıdır. İş materiallarında olan və məhkəmədə elan edilmiş ailə münasibətləri ilə bağlı mübahisələrin yoluna qoyulması ilə bağlı tərəflərin X3 iştirak edilməsi barədə xx.xx.2022-ci il tarixli, MŞL-001131 saylı arayışdan görünür ki, Cavabdeh X3 iştirak etməmişdir. Məhkəmə işdə iştirak edən cavabdehi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddələrində göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə cavabdehin maddi və əmlak vəziyyətini, heç bir yerdə işləməməsini, uşağın atası olaraq alimentin ödəməsini vəzifəsi olmasını, eləcə də alimenti ödəmək istəyini və iddianı qismən qəbul etməsini nəzərə alaraq alimentin hər ay hər uşaq üçün 150 manat, ümumulikdə hə ay 300 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment iddiaçının məhkəməyə müraciət etdiyi 05 noyabr 2022-ci il tarixdən hesablanmaqla tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 31 dekabr 2013-cü il tarixdə doğulmuş X4 və 14 dekabr 2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün hər ay 150 (bir yüz əlli) manat, ümumlikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı versilsin. Alimentin tutulması 05 noyabr 2022-ci il tarixdən hesablansın. Qətnamənin alimentin alınması hissəsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar