Məhkəmə qərarları › İş №2(049)-3771/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3771/2024

03.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3771/2024 03.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “sabit pul məbləğində aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahdan xx.xx.2017-ci il tarixdə doğulmuş X6, xx.xx.2019-cu il tarixdə doğulmuş X5 və xx.xx.2020ci il doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 235 manat üç uşağa cəmi 705 manat pul məbləğində alimenti cavabdehdən tutulub iddiaçı xeyrinə ödənilməsi ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı 1988-cı ildə Ləkəran rayonu, Mamusta kəndində anadan olmuşdur. Orta təhsillidir. X9 idarəsində fəhlə işləyir. 2017-ci ildə Cavabdeh ilə elin adəti ilə evlənmişdir .Bu münasibətdən üç övladı xx.xx.2017-ci il təvəllüdlü X6, xx.xx.2019-cu ıl təvəllüdlü X5 və xx.xx.2020-ci ildə X7 doğulmuşdur. Aralarında olan rəsmi nikahı olmasa da, hər üç uşağa öz soyadını verməklə atalıqları müəyyənləşdirilmişdir. 2024-cü il yanvar ayında Lalə yaşadığı evi tərk etmiş, onu polis vasitəsilə axtarışa vermiş Laləni polis şöbəsi tapandan sonra könüllü olaraq getdiyini və iddiaçı ilə o, cümlədən uşaqları ilə yaşamaq istəmədiyini bildirmişdir. "uşaqların iddiaçının yanında qalmasına " dair Lənkəran Rayon Məhkəməsində iddia qaldırmışdır, iddia 2(049)- 1420/2024 saylı, 08 iyul 2024-cü il tarixli qərarı ilə uşaqlar onun himayəsinə verilmişdir. Cavabdeh bu müddət ərzində bircə dəfə də olsun uşaqların maddi və mənəvi tələbatları ilə maraqlanmamış, uşaqlara heç bir qayğı göstərməmişdir. O, könüllü olaraq uşaqlara maddi köməklik etmədiyindən iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin yeri və vaxtı barədə Cavabdeh qeydiyyat yeri olan Lənkəran rayonu, Mamusta kəndinə rəsmi bildiriş göndərilmiş, lakin cavabdeh həmin ünvanda yaşamadığından (bildiriş və əlavə edilmiş sənədlər məhkəməyə geri qaytarılmış və məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 147-ci maddəsinə əsasən bildiriş və əlavə edilmiş sənədləri cavabdehin sonuncu yaşayış yeri üzrə icra nümayəndəliyinə göndərmiş və Lənkəran rayon, Mamausta kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin bildirişi məhkəməyə daxil olmuşdur. Məhkəmə, göstərilən əsasa və MPM 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 03 iyul 2024-ci il tarixli, 2(049)-1420/2024 saylı qətnaməsindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2020-ci ildə X7 atası- İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş AZ-İV 235685 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 12 yanvar 2019-cu il tarixdə X5 doğulmuş, anası Cavabdeh, atası İddiaçıdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş AZ-İV 092067 nömrəli doğu haqqında şəhadətnamədən görünür ki, 06 sentyabr 2017-ci il tarixdə X6 doğulmuş, anası Cavabdeh, atası İddiaçıdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş AZ-İV 472582 nömrəli doğu haqqında şəhadətnamədən görünür ki, 27 iyun 2020-ci il tarixdə X7 doğulmuş, anası Cavabdeh, atası İddiaçıdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran ŞİHB-nın Mamusta inzibati ərazi dairəsi üzrə nümayəndəliyini xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə arayışdan görünür ki, Cəfərov X4 rayonu, Mamusta kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya xərci kimi 60 manat ödəmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddələrində göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2024-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, cavabdehin maddi və əmlak vəziyyətini, uşaqların anası olaraq alimenti ödəmək vəzifəsi olmasını nəzərə alaraq alimentin hər ay hər uşağa görə 100 manat olmaqla hər ay üç uşağa görə 300 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar hesab edir ki, himayəsində azyaşlı uşağı olan iddiaçı 11 oktyabr 2024-cü il tarixdə aliment tələbi ilə məhkəməyə ərizə ilə müraciət etdiyindən alimentin tutulmasının başlanğıcı həmin tarixdən vaxtdan hesablanmalıdır. MPM-nin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Buna görə də qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı hazırki tələb üzrə məhkəməyə müraciət etmək üçün dövlət rüsumunu ödəməkdən azad olan şəxs statusunda olsa da, mediasiya prosesi ilə bağlı 60 manat ödəmiş, cavabdeh isə mediasiya prosesində, ümumiyyətlə iştirak etməmişdir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 60 manat məbləğ iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası qismən təmin edilsin. xx.xx.2017-ci il tarixdə doğulmuş X6, xx.xx.2019-cu il tarixdə doğulmuş X8 və xx.xx.2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat, ümumulikdə hər ay üç uşaq üçün 300 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. İddiaçı mediyasiya şurasına ödədiyi 60 manat mediyasiya xərci iddiaçının özünə aid edilsin. Aliment tutulması hissəsində qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar