Məhkəmə qərarları › İş №2(049)-3929/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3929/2023

29.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3929/2023 29.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi, Lənkəran Vəkil bürosunun vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı, iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 04 avqust 2021 -ci il tarixdə faktiki nikah münasibətinə daxil olmaqla ailə həyatı qurmudur. 14 avqust 2023-cü il tarixə kimi faktiki olaraq ər-arvad kimi yaşamışlar. Keçən müddət ərzində nikahları Qeydiyyat şöbəsində rəsmiləşdirilməmişdir. Faktiki ər-arvadlıq münasibətindən 21 yanvar 2023-cü il tarixdə Mirəhməd adlı bir uşaq anadan olmuşdur. 27 yanvar 2023-cü ildə uşağın atalığı müəyyən edilmişdir. Uşaq hazırda salamat olmaqla onun himayəsində yaşayır. Cavabdehlə faktiki nikah münasibətinə daxil olarkən onu kifayət qədər tanımamışdır. Ərarvadlıq münasibətində olduqları dövrdə Cavabdeh əvvəlki həyatı ilə bağlı olan hallar qismən də olsa ona məlum olmuşdur. Belə ki, cavabdeh M. Həşimzadə Ukrayna Respublikasında başqa bir qadınla yaşayır və həmin münasibətdən bir uşağı var. O, bunu biləndə artıq gec idi və ona görə də cavabdehin həyatında əvvəllər baş vermiş hadisələrlə razılaşmalı olmuşdur. Lakin istər-istəməz bu hal ailə münasibətlərinə təsirsiz ötüşməmiş və 14 avqust 2023-cü il tarixdə aralarında heç bir mübahisə olmayan vəziyyətdə cavabdeh ondan uşağı onun atasının evində saxlamaqla çıxıb getməsini tələb etmişdir. Lakin o bununla razılaşmamış və azyaşlı uşağı da götürüb öz atası evinə getmişdir. Hazırda hesab edir ki, cavabdeh ilə gələcəkdə barışıb ər-arvad kimi yaşamaqları mümkün olmayacaq. Bu halın mümkünsüzlüyü təkcə cavabdeh M. Həşimzadənin Ukrayna Respublikasında başqa bir qadınla yaşaması ilə deyil, digər hallarla da əlaqəlidir. Belə ki, onun valideynləri onlara elçi gələndə toydan sonra cavabdehin onu Ukrayna Respublikasına aparacağı barədə vədlər vermiş olsalar da, buna əməl etməmişlərlər. Cavabdeh ilin əksər aylarını Ukrayna Respublikasında, təxminən bir-iki ay isə Aşağı Nüvədi qəsəbəsində olur. Ona görə də cavabdehlə olan münasibətlərin həmişəlik pozulması ilə bağlı qəti qərara gəlmişdir. Aliment tələbinə gəlincə qeyd edir ki, Cavabdehin harada işləməsi və hansı civarda əmək haqqı və ya başqa qazanc əldə etməsi barədə rəsmi məlumatı yoxdur. Lakin 2020-2023-cü illərdə Cavabdeh Ukrayna Respublikasından “Vatsapp” sosial şəbəkəsi vasitəsilə əksər vaxtlarda onunla bir mağazadan söhbət edib və dəfələrlə həmin mağazanın onun mülkiyyətində olmasını bildirmişdir. Onunla görüntülü danışarkən həmin mağazada satılan məmulatların çox hissəsinin meyvə və tərəvəz məhsullarından ibarət olduğunu görmüşdür. Dəqiq məlumatı var ki, cavabdeh M. Həşimzadə hər ayda kifayət qədər qazanc əldə edirdi. Doğrudur, M. Həşimzadə onun adına heç vaxt pul göndərməmişdir, lakin mütəmadi olaraq, yəni demək olar ki, hər ay anasına 2000-3000 ABŞ dolları civarında pul göndərirmiş. 2022-ci ilin fevral ayında Rusiya ilə Ukrayna arasında müharibə başlanandan sonra isə cavabdeh Ukrayna Respublikasında yaşayan Lənkəran rayon sakinləri vasitəsilə anasına pul göndərmiş və ya bilavasitə özü gətirmişdir. Özü hazırda heç yerdə işləmir və yaxın gələcəkdə münasib iş yeri tapa biləcəyinə ümidi yoxdur. 14 avqust 2023-cü il tarixdən başlayaraq atasının maddi köməyi sayəsində uşağı saxlayır. Cavabdeh ailənin maddi qayğıları ilə maraqlanmır və könüllü qaydada uşağına maddi kömək etmir. Məhz bu səbəbdən xx.xx.2023-cü tarixdə doğulmuş Cavabdeh yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 300 manat miqdarında aliment, habelə ödənilmiş 55.4 manat mediasiya xərcinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin Ukraynada mağaza sahibi olmasını onun özündən eşitmişdir, lakin bunu təsdiq edəcək sübutlara malik deyil. Eləcə də iddia ərizəsində qeyd etdiyi kimi, cavabdehin hər ay anasına 2000-3000 dollar pul göndərməsi barədə də sübutu yoxdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddiaçının hazırda fəhlə işlədiyini, bəzən isə işsiz qaldığını, Rusiya ilə Ukrayna arasındakı müharibə ilə bağlı qazanc əldə edə bilməməsini bildirərək iddianı qismən qəbul edib cavabdehin 120 manat aliment ödəyə biləcəyini bildirmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə prosses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 21 yanvar 2023-cü il təvəllüdlü X1 atasıdır, anası isə İddiaçıdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2023-cü il tarixdə X3 doğulmuşdur. İş materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, İddiaçı himayəsində yaşayan övladı X2 ilə birlikdə Lənkəran rayonu, Küvənil kəndində yerləşən evində yaşayır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə iddiaçının 21 yanvar 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat alimentin cavabdehdən tutulması tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun yalnız bir valideyndən tutulması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələblərinin pozulması olardı. İddiaçı hazırda cavabdehin gəlirləri barədə məhkəməyə sübut təqdim etmədiyinə görə məhkəmə hesab edir ki, 21 yanvar 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat aliment müəyyən edilməsi daha məqsədə uyğundur. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə ailə münasibətlərindən 21 yanvar 2023-cü il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Hazırda aralarındakı ailə münasibətləri pozulmuş və uşaq ananın yanında qalmışdır. İddiaçı uşağın maddi tələbatlarının ödənilməsində və saxlanmasında çətinlik çəkir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq, 21 yanvar 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay, 160 manat sabit pul məbləğində aliment, habelə mediasiya prosesi üçün ödənilmiş 55.40 manat mediasiya xərci tutularaq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir» Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilsin. 21 yanvar 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay, 160 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. İddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi üçün ödənilmiş 55.40 manat mediasiya xərci cavabdehə aid edilərək onda tutulub İddiaçı verilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar