Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4054/2025 10.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, X1 kаtibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahından xx.xx.2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.70 misli miqdarında aliment və ilkin mediasiya sessiyası zamanı ödənilmiş 60 manat mediasiya xərcinin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2017-ci il tarixdə qeyri-rəsmi nikahla ailə qurmuş və sonradan da nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə nikahından xx.xx.2018-ci il tarixdə X3 adlı bir uşaqları doğulmuşdur. Hazırda uşaq sağ-salamat olmaqla onun himayəsindədir, Cavabdehlə ailə qurduqdan sonar üç il birlikdə yaşamışlar və onunla yaşadığı müddətdə atası ilə birgə cavabdeh onu döyüb incitmişdir. Bu səbəbdən dəfələrlə atasının evinə getməli olmuş, lakin ailəsinin dağılmaması üçün geri gəlsə də, cavabdehin xasiyyəti və ona qarşı münasibəti dəyişməmişdir. O da xx.xx.2020-ci il tarixdən uşağı da götürüb birdəfəlik cavabdehin evini tərk etmiş və həmin vaxtdan hal-hazıradək valideynlərinin evində onlarla birgə yaşayır. Cavabdehlə ayrıldıqları vaxtdan bir dəfə də olsun o, uşaqla maraqlanmamış, onun maddi tələbatının ödənilməsində və saxlanılmasında hər hansı köməklik etməmişdir. Uşaq azyaşlı olduğu üçün işləyə bilmir və onunla uşağının bütün tələbatı valideynləri tərəfindən ödənilir. Cavabdeh isə könüllü olaraq ona uşağın saxlanmasında yardım etmədiyi və valideynlik borcunu yerinə yetirmədiyi üçün məcbur olub hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verib əlavə olaraq bildirdi ki, cavabdehin hazırda harda işləməsi barədə məlumatı yoxdur. Lakin, birlikdə yaşadıqları müddətdə o, Rusiya Federasiyasına və Bakı şəhərinə işləmək üçün evdən getmişdir. Ayrıldıqları vaxtdan bəri bir dəfə də olsun uşaqla maraqlanmamış, onun saxlanmasında maddi dəstək olmamış və o da məhkəməyə müraciət edərək hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçının dediyi kimi o, Rusiya Federasiyasına və Bakı şəhərinə işləmək üçün getsə də, Rusiya Federasiyasında iş tapa bilmədiyi üçün geri qayıtmışdır. Daha sonra Bakı şəhərinə işləməyə getmiş və orada fəhlə kimi iş tapa bilmiş, hazırda da fəhlə işləyir. Lakin, hər gün iş olmur və iş olanda da hər gün üçün ona cəmi 20 manat verilir. O da uşağın saxlanması üçün iddiaçıya hər ay 100 manat aliment ödəməyə razıdır. Çünki, daha artıq aliment ödəməyə onun maddi imkanı yoxdur. Məhkəmə araşdırması zamanı tərəflərin izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş AA seriyalı ******* və ******* nömrəli şəxsiyyət vəsiqələrinin surəti, xx.xx.2025-ci il tarixli 432 nömrəli atalığın müəyyən edilməsi haqqında və xx.xx.2025-ci il tarixli 1784 nömrəli doğum haqqında arayışlar, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayış, xx.xx.2025-ci il tarixli mədaxil qəbzi ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, tərəflərin qeyri-rəsmi nikahından xx.xx.2018-ci il tarixdə X3 adlı bir uşaqları doğulmuşdur. Uşaq tərəflər arasında ailə münasibətləri pozulduqdan sonra iddiaçının himayəsində qalmışdır. Hazırda iddiaçı uşağın saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyini, cavabdehin isə ona heç bir kömək və maddi yardım etmədiyini bildirərək cavabdehdən hər ay uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.70 misli miqdarında aliment tutulаraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh isə uşağın saxlanması üçün iddiaçıya hər ay 100 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Cavabdeh aliment tutulması məsələsi ilə bağlı ilkin mediasiya sessiyasında da iştirak etməmiş, iddiaçı ilə hər hansı razılığa gələrək barışıq sazişi bağlamamışdır. Cavabdehin gəlirlərinin dəqiq miqdarı və mənbəyi məlum deyildir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, hazırki iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər faktiki ayrıldıqları vaxtdan uşaq iddiaçı ilə qalmış və cavabdehin həmin vaxtdan indiyədək uşağın saxlanması üçün iddiaçıya maddi yardım etməsi halları müəyyən edilməmişdir. Eyni zamanda, cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi barədə məlumat yoxdur. Ona görə də məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanması üçün cavabdehdən tutulan aliment sabit pul məbləğində müəyyən edilməlidir. Uşaq iddiaçının himayəsində olduğundan uşağa qulluq, onun sağlamlığı, təhsili, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni hazırki iş üzrə cavabdehdən tutulmasına əsas verir. Cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması, hazırda daimi iş yerinin olmaması onu iddiaçı ilə birgə nikahından doğulmuş uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin, uşağın maddi ehtiyyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, onların birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması imkanlarını, 2025-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, iddiaçının cavabdehdən tələb etdiyi alimentin miqdarının uşaq üçün müəyyən edilmiş yaşayış minimumu ilə müqayisədə kifayət qədər aşağı məbləğ olduğunu, habelə, uşağın maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə alıb cavabdehdən hazırki vəziyyətdə hər ay uşaq üçün 180 manat sabit pul məbləğində aliment tutularaq tərəflərin birgə nikahda olduqları müddətdə doğulmuş uşağın yetkinlik yaşına çatana qədər saxlanmaları üçün iddiaçıya verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmin əsaslara görə alimentin miqdarı hər ay uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci ildə ölkə üzrə müəyyən olunmuş 400 manat minimum əmək haqqının 0,45 misli (180 : 400 = 0,45) həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, alimentin tutulması iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan - xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmək üçün 60 manat vəsait ödəmiş, cavabdeh isə, ümumiyyətlə, mediasiya prosesində iştirak etməmiş, hazırki tələb üzrə iddiaçı ilə məhkəmədənkənar razılığa gələrək hər hansı barışıq sazişi bağlamamışdır. Məhkəmə qeyd olunan əsaslara və işin faktiki hallarına əsasən iddiaçının mediasiya sessiyasında iştirak üçün ödədiyi 60 manat xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki iş üzrə alimentin məhkəmə tərəfindən müəyyən edilmiş miqdarının hər ay 180 manat olması nəzərə alınmaqla, bir il ərzində ödəmənin məcmusu 2160 manat təşkil edir. Qüvvədə olan qanunverdiciliyə əsasən həmin məbləğə görə cəmi 41.60 manat dövlət rüsumu ödənilməlidir. Cavabdehin iddiaçıya ödəyəcəyi 60 manat məbləğin onun alimentə görə ödəməli olduğu 41.60 manat dövlət rüsumunu əhatə etdiyini nəzərə alaraq məhkəmə qərara gəlir ki, aliment alınması ilə bağlı cavabdehdən əlavə olaraq hər hansı miqdarda dövlət rüsumu tutulmamalıdır. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icraya yönəldilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyası üçün ödədiyi 60 manat mediasiya xərci Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icraya yönəldilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-4054/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4054/2025
10.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver