Məhkəmə qərarları › İş №2(049)-4130/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4130/2025

24.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4130/2025 24.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X7 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü hər ay, hər uşağa 250 manat sabit pul məbləğində alimentin və Mediasiya Şurasına ödədiyi 60 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 2016-ci ildə Cavabdeh ilə ailə qurmuşdur və birgə münasibətlərdən xx.xx.2017-ci il tarixdə X4 və xx.xx.2019-cu il tarixdə X5 adlı uşaqlar anadan olmuşdu. Cavabdeh ilə ailə qurarkən onun xasiyyətinə yaxşı bələd olmamışdır. 2016-ci ildən 2025-ci ilin mart ayına kimi bir yerdə yaşamışlar. 11 mart 2025-ci il tarixdə o, işdə olduğu zaman cavabdeh uşaqları Liman şəhəri, 3-cü xutor, Seymur Həşimov küçəsində qoyub getmişdir. Evə gələndə uşaqları və cavabdehi evə görməmiş, sonra atasıgilə getmiş və uşaqların orada olduğunu görmüşdür. Qızı Yasəmən bildirmişdir ki, anaları onları küçədə atıb getmişdir. DİN-102 xidmətinə zəng edib, cavabdehin uşaqları küçədə atıb getməsi barədə məlumat vermişdir. Bu günə kimi cavabdeh uşaqları axtarmır. Elə bil ki, belə bir adam yoxdur. Hal-hazırda hər iki övladı onun yanında yaşayır və uşaqları özü saxlayır. O, uşaqlarının maddi təminatını özü ödəyir, ona görə aliment tələb etəmişdir. Hazırda uşaqlar böyüyüblər, onların təlabatı günü-gündə artır, özü günəmuz işləyir. Lakin cavabdeh səkkiz aydan çoxdur ki, uşaqlarla maraqlanmır və ya maddi yardım etmir. Cavabdeh mediyasiya prosessində də iştirak etməmişdir. Hər uşağın ayda 400 manatdan çox xərci vardır. Ona görə aliment tələbinə dair məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hər uşaq üçün ayda 250 manat aliment tələb edir. Məhkəmə iclasında iddiaçı iddianın məzmununa uyğun izahat verərək cavabdehin 10 aya yaxın müddət ərzində uşaqlarla qətiyyən maraqlanmadığını, özünün fəhləliklə məşğul olduğunu və aylıq orta hesabla 500-600 manat pul qazandığını bildirdi. Məkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh bildirdi ki, uşaqlar atasının yanında yaşayır. Özü isə yaşadığı Xırdalan şəhərində təzəlikcə şiriniyyat sexində işə düzəlib və ayda 250 manat əmək haqqı alır. İddian qismən qəbul etdiyini və 150 manat aliment ödəyə bilcəyini, artığına gücü çatmadığını bildirdi. İş materiallarında olan və tədqiq edilmiş: Lənkəran Qeydiyyat şöbəsinin arayışlarından görünür ki, tərəflərin birgə münasibətlərindən xx.xx.2017-ci il tarixdə X4 və xx.xx.2019-cu il tarixdə X5 anadan olmuşdur. Qəbzdən görünür ki, iddiaçı 60 manat mediasiya xərcini ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında alimentin ödənilməsi ilə əlaqədar hər hansı saziş bağlanmamışdır. Hazırki vəziyyətdə cavabdeh rəsmi olmasa da, özünün dediyinə görə təzəlikcə şiriniyyat sexində işə başlamış və 250 manat əmək haqqı alır. İddiaçı isə fəhləliklə məşğuldur, aylıq orta hesabla 500-600 manat qazanc əldə edir, lakin daimi gəliri yoxdur. Tərəfələrin birgə nikahlarından anadan olmuş uşaqlar hazırda iddiaçının himayəsində olduğundan onlara qulluq, onların sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni hazırki iş üzrə cavabdehdən tutulmasına əsas verir. Cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu iddiaçı ilə birgə münasibətlərindən anadan olmuş uşaqları saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin, uşaqların maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni iddiaçı ilə yanaşı həm də cavabdehin vəzifəsidir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, onların uşaqlarının mənafeylərini, onların əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanması imkanlarını, Azərbaycan Respublikasında 2025-ci il üzrə minimum əmək haqqının 400 manat olduğunu, habelə uşaqların maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə almaqla xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlin yaşına çatmayan uşaqların saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli, iki uşaq üçün isə ümumilikdə 0,75 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi üçün ödənilmiş 60 manat mediasiya xərci cavabdehə aid edilərək onda tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikasının «X9» Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddia ərizələrə görə dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında 2025-ci il üzrə minimum əmək haqqı 400 manat olduğundan, həmin minimumun hazırda 0,75 misli 300 manat təşkil edir. Alimentin alınması haqqında iddianın bir il ərzində ödəmənin cəmi 3600 manat təşkil eləyir (300 manat x 12 aya =3600). Buna görə də cavabdehdən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni (3600 - 1000= 2600) 2600 manat məbləğin 1%-i olan 26 manat, cəmi (30+26=56) 56 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli, iki uşaq üçün ümumilikdə 0,75 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi üçün ödənilmiş 60 manat mediasiya xərci cavabdehə aid edilərək onda tutulub İddiaçı verilsin. Ödənilməli dövlət rüsumunun məbləği – 56 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar