Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4132/2025 15.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştiraki ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları xx.xx.2021ci il tarixdə doğulmuş X3 və xx.xx.2023-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü hər av bir uşaq üçün sabit pul məbləğində 246 olmaqla, cəmi 493 manat alimentin cavabdehdən tutulub onun xevrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə faktiki olaraq 2020-ci ildə evlənərək nikah münasibətlərinə daxil olmuşdur. Belə ki, o öz razılığıyla cavabdehlə qaçmış və ailə qurmuşdur. O, cavabdehin ikinci ailəsi olmuşdur. Cavabdehlə rəsmi nikahları olmamışdır. xx.xx.2021-ci il tarixdə Dəniz, xx.xx.2023-cü il tarixdə isə Fatimə adlı iki uşaqları doğulmuşdur. Aralarında rəsmi nikah olmasa da cavabdeh uşaqlarına atalıq vermiş və Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən atalığın müəyyən olunması haqqında xx.xx.2021-ci il tarixdə AZ-İ N 404879 nömrəli və AZ-İ N 463891 nömrəli şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələr əsasında uşaqlarına doğum haqqında AZ İV N584054 və AZ İV N903574 nömrəli şəhadətnamələr götürmüşdülər. Ailə qurduqdan sonra cavabdehlə münasibətləri yaxşı olmuş, aralarında hər hansı bir narazılıq olmamışdır. Sadəcə olaraq cavabdehin valideynləri onların evlənməyinə razı olmadıqları üçün təxminən bir i!ə yaxın müddətdə iddiaçı onların evində yaşamışdır. Söz-söhbət olduğuna görə 2021-ci ilin əvəllərində atasının evinə qayıtmalı olmuşdur. Dəniz adlı uşağı da atasının evində dünyaya gəlmişdir. Həmin müddət ərzində də yoldaşı onunla maraqlanmışdır. Sonra hər iki tərəfin böyüklərinin məsləhəti və razılığı, həmçinin ailəsinin dağılmaması üçün yenidən cavabdehin valideynlərinin evinə getmişdir. 2023-cü tarixdə Fatimə adlı uşağı doğulduqdan bir ay sonra yoldaşıyla birlikdə Bakı şəhərinə köçmüş və baldızıgillə birlikdə kirayədə qalmağa başlamışdılar. Təxminən 4 av Bakı şəhərində kirayə qaldıqdan sonra Lənkəran şəhərinə qayıtmalı olmuş və Lənkəran şəhərində kirayədə yaşamağa başlamışdılar. Dekabr ayının sonlarında cavabdehin atası gəlib onu müalicə elmək adı ilə aparmış, o da yenidən atasının evinə qayıtmalı olmuşdur. Sonrakı vaxtlarda cavabdeh həmişə onun yanında olmuş və onlarla əlaqə saxlamışdır. Son olaraq 2025-ci ilin avqust ayında cavabdeh onunla əlaqəni tamamilə kəsmişdir. Həmin tarixdən uşaqlara cəmi 200 manat pul göndərmişdir. Uşaqlarından biri məktəbli, digəri isə az yaşlı olduğu üçün özü də işləyə bilmir. Onlar valideynlərinin pensiyası ilə birtəhər dolanırlar. Uşaqları onun himayəsində yaşadığı üçün onları təkbaşına saxlamaqda çətinlik çəkir. Uşaqlarından biri məktəblidir, digəri isə azyaşlıdır. Uşaqları saxlamaq hər iki valideynin borcu olsa da cavabdeh uşaqların saxlanmasında ona heç bir köməklik etmir. Odur ki, məcbur qalıb aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, 2 uşaq anası olaraq bütün maddi yük onun üzərindədir. Bu səbəbdən uşaqların atası olan cavabdeh də uşaqların saxlanılması üçün məsuliyyət daşımalı və onlara baxmalıdır. Məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, o, övladlarının saxlanılması üçün maddi dəstəyini əsirgəməmişdir. Hal-hazırda fəhlə işlədiyi üşün gəliri çox azdır və iddiaçının tələb etdiyi aliment məbləğini ödəyə bilməyəcəkdir. Sadəcə olaraq 2 uşağa görə 200-250 manat məbləğində aliment ödəyə biləcəkdir. Məhkəmədən maddi vəziyyəti nəzərə alınaraq iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə Lənkəran rayonunda doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Lənkəran rayonunda doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. Ödəniş qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən iddia tələbi üzrə 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. Atalığın müəyyən edilməsi haqqında xx.xx.2021-ci il tarixli AZ-İ N 404879 nömrəli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı doğulmuş X2 atası Cavabdehdur. Atalığın müəyyən edilməsi haqqında xx.xx.2023-cü il tarixli AZ-İ N 463891 nömrəli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı doğulmuş X1 atası Cavabdehdur. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin qeyri-rəsmi nikahından Dəniz və Fatimə adlı uşaqları doğulmuşur. Uşaqlara dair Cavabdeh atalığı müəyyən edilmişdir. Uşaqlar hal-hazırda yetkinlik yaşına çatmamaqla iddiaçının yanında qalırlar. Tərəflər arasında alimentin ödənilməsi ilə əlaqədar hər hansı saziş bağlanmamışdır və alimentin ödənilməsi ilə əlaqadar mübahisə mövcuddur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Habelə həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansıəqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı, 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1 madəsinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərini və uşağın əvvəlki təminatının mümkün qədər saxlanılmalı olmasını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün minimum əmək haqqı məbləğinin 0,4 misli miqdarında aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar hesab edir ki, himayəsində azyaşlı uşaqları olan iddiaçı xx.xx.2025-ci il tarixdə aliment tələbi ilə məhkəməyə ərizə ilə müraciət etdiyindən alimentin tutulmasının başlanğıcı həmin tarixdən vaxtdan hesablanmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddianın verilməsi üçün iddiaçı tərəfindən 60 manat mediasiya xərci də Cavabdeh tutularaq, iddiaçıya ödənilməlidir. MPM-nin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün minimum əmək haqqı məbləğinin 0,4 misli miqdarında aliment tutularaq İddiaçı verilsin. İddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinə dair 60 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-4132/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4132/2025
15.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver